Malakanların ibadət evi — Bakıda, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən ibadət evi. Ev 1913-cü ildə inşa olunub, memarı bilinmir.

Tarixi 1860-cı illərdə Bakının şəhərətrafı ərazilərinin inkişafı zamanı malakan slobodası yaranmışdı. Lakin mərkəzi məhəllələrin yenidən qurulması ilə əlaqədar Malakan bağının (indiki Xəqani bağı) ərazisindəki sloboda tamamilə sökülmüş və malakanlar tamamilə yeni və o dövrdə perspektivsiz sayılan Zavağzal rayonuna köçürülmüşdülər. Burada onlar 8-ci və 9-cu Zavokzalnaya, 2-ci və 4-cü Slobodskaya küçələri arasında planı və inkişafı bu günə qədər qorunub saxlanılan, böyük məhəllələrdən ibarət düzbucaqlı şəbəkəli, küçələri Balaxanı şossesinə paralel və dəmir yolu xəttinə perpendikulyar olan yeni sloboda yaratdılar.

Bakıda yaşayan malakanlardan biri olan İvan Skobelev malakan icmasının mərkəzini yaratmaq və bunun üçün xüsusi bir bina inşa etmək ideyasını irəli sürmüşdü. Bu təşəbbüsün məqsədi bütün malakanları bir məkanda birləşdirmək idi. Şəhərdəki malakanlar icmanın həyatında fəal iştirak edir, mərkəzdə keçirilən yığıncaqlarda bir araya gəlir və bütün dini bayramları birlikdə qeyd edirdilər. Malakan mərkəzi həm də icmanın dua evi kimi tanınırdı.

Sovet dövründə dinin qadağan edilməsindən sonra binanın funksiyası dəyişdirilmiş və bina radio yayım binası kimi fəaliyyət göstərməyə başlamışdır. İkinci Dünya müharibəsi illərində buradan radio vasitəsilə xəbərlər yayımlanırdı. Sonralar teleradio qülləsi istifadəyə veriləndə bina boşaldılıb. Sonrakı illərdə bina boş qalıb. 2018-ci ilin axırında özəlləşdirilib.

Salaam Cinema 2019-cu ilin əvvəllərində "Salaam Cinema" həvəskar kino klubu binanı icarəyə götürərək burada film gecələri təşkil etməyə başlayıb. 2019-cu ilin aprel ayının sonlarında binanın sahibi binanın söküləcəyini bildirib və buna görə də boşaldılmasını tələb edib. Bundan sonra Salaam Cinema burada dinc aksiya təşkil edərək binanın sökülməsinin qarşısını almaq istəyib. Mayın 2-si binada söküntü işləri aparmağa cəhd olunub amma etirazlardan sonra dayandırılıb. Mayın 5-i Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri binaya baxış keçirib və binanın qəzalı vəziyyətdə olduğunu və buna görə də buranın təcili boşaldılmalı olduğunu bildirib. 4 gün sonra, yəni mayın 6-sı bina sahibi polis işçiləri və MKİS (Mənzil Kommunal İstismar Sahəsi) nümayəndələri ilə gələrək yenə binanın boşaldılmasını tələb edib. Hadisədən sonra binayla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya açıq müraciət ünvanlanıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (MİQİBDX) bildirib ki, bina tarixi abidə olaraq dövlət qeydiyyatında deyil, lakin tarixi və memarlığı nəzərə alınaraq nəzarətə götürülüb. Mayın 7-də Mehriban Əliyeva göndərilən açıq məktuba cavab verib və bildirib ki, bina ətrafında yaranmış vəziyyət nəzarət altındadır.

Mayın 30-da MİQİBDX bildirib ki, bina "yeni aşkar olunan tarixi abidələr siyahısına" salınıb. 3 iyun 2019-cu ildə Nazirlər Kabineti binaya rəy verməsi üçün AMEA-ya müraciət edib. 28 iyun 2019-cu ildə AMEA hazırladığı rəyi Mədəniyyət Nazirliyinə göndərib. Nazirlər Kabinetinin 2 avqust 2019-cu il tarixli qərarı ilə bina dövlət mühafizəsində olan memarlıq abidələri siyahısına daxil edilib (inventar nömrəsi 3166–1).

Memarlığı Bina üç mərtəbəli, mansardla inşa olunmuşdur. İkinci mərtəbə ibadət üçün, birinci mərtəbə isə təsərrüfat işləri üçün ayrılmışdır. "T" formalı memarlıq planına malik olan bina, bir-birinə perpendikulyar yerləşən geniş məkanlardan ibarətdir: üfüqi istiqamətdə olan hissə inzibati otaqlara, digər böyük məkan isə ibadət və bayramların keçirilməsi üçün nəzərdə tutulmuşdur. Zal çoxsaylı pəncərələr və təbii işıqlandırma ilə təmin olunmuş, sadə memarlıq kompozisiyasına malikdir. Bina klassik üslubda inşa edilmişdir; baş fasad yan cinahlardan pilyastrlarla bəzənmiş, ikinci mərtəbədə isə böyük hilali tağlı pəncərələr yerləşir. Giriş isə ionik kapitelli sütunların dəstəyi ilə örtülmüşdür. Çoxmarşlı və hündür pilləkənlər binanın əzəmətini artırır. Yan fasadlardakı sıravi, düzbucaqlı pəncərələr otaqları, xüsusilə də böyük zalı, I dərəcəli təbii işıqla təmin edir. Mansard isə bir neçə konvert formalı örtük konstruksiyasına əsaslanır.

Nazirlər Kabinetinin AMEA-ya müraciətindən sonra Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin əməkdaşları tərəfindən ekspert qrupu yaradılıb və binaya baxış keçirilib. Baxış zamanı binanın digər xristian məbədlərindən fərqləndiyi aşkar olunub. Digər xristian ibadətgahlardan fərqli olaraq, bu binada altar (mehrab — şərqə istiqamətləndirən nişan) yoxdur. Araşdırma göstərib ki, molokanların ibadətgahlarında altardan istifadə edilmir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Mehriban Əliyevanın Instagram paylaşımı Salaam Cinema Baku - sökülməkdən xilas edilən binanın tarixçəsi Ajam Podcast #13: Saving Salaam Cinema, Baku’s Hub for Alternative Film Culture

Kateqoriya:Bakı abidələri Kateqoriya:Malakanlar Kateqoriya:1913-cü ildə Azərbaycanda yarananlar