Əbu Məhəmməd Məqil ibn Sinan ibn Məzahir əl-Əşcai (; ) — Harrə döyüşündən sonra edam olunan səhabə.

Bioqrafiyası Qətəfan qəbiləsinin Əşcə qoluna mənsubdur. O, qəbiləsində islamı qəbul edən ilk şəxslərdən biridir.

Məqil, Məhəmməd peyğəmbər tərəfindən Bəni-Hilal ibn Amiri islama dəvət üçün göndərilmişdir. Məkkənin fəthində iştirak etdi və qəbiləsinin bayraqdarı oldu. Bir müddət Məkkədə qaldıqdan sonra Mədinəyə qayıtdı.

Mənbələrdə onun bir müddət Kufədə yaşaması və Ömər dövründə Mədinəyə qayıtması da qeyd edilib. Əməvilər dövründə Yezidin yanına göndərilən heyətin tərkində o da var idi. Mədinəlilər Yezidin xəlifəliyi rədd edib, Abdullah ibn Hənzələ beyət etdilər. Məqil isə mühacirlərin başçısı təyin olundu. Mədinələrin Yezidə tabe olmamarı Harrə döyüşü ilə nəticələndi. Döyüş Əməvi sərkərdəsi Müslümün qələbəsi ilə nəticələndi (27 Zilhiccə 63 / 27 avqust 683). Sabahı günü Müslüm mədinəlilərdən Qubada zorla beyət aldı. Beyət etməyən Məqil və yaxınları edam edildi. Onun Nofəl ibn Musa tərəfindən öldürülməsi haqqında rəvayətlər də nəql edilmişdir.

Hədis elmindəki yeri Cəsurluğu ilə tanınan Məqil ibn Sinan Məhəmməd peyğəmbərdən hədis rəvayət etmişdir. Məqildən də Əlqamə ibn Qeys, Məsruq ibn Əcdə, Əsvəd ibn Yezid, Səlim ibn Abdullah, Həsən əl-Bəsri kimi şəxslər hədis rəvayət etmişlər. Məqilin rəvayətləri Əbu Davud, Tirmizi, İbn Macə və Nəsainin "əs-Sünən"lərində yer almışdır.

İstinadlar

Kateqoriya:Ravilər