Zöhran Kvame Məmdani (, ; ) — amerikalı siyasətçi, Nyu-York şəhərinin 112-ci meri, Demokratlar Partiyasının və Amerika Demokrat Sosialistləri təşkilatının üzvü. 2021-ci ildən Nyu-York ştatı Assambleyasının 36-cı seçki dairəsini (Kuins borosu) təmsil edir. O, Nyu-York şəhərinin ilk müsəlman və Asiyalı amerikalı meridir.
Həyatı Zöhran Məmdani Uqandadanın paytaxtı Kampala şəhərində anadan olmuşdur. Atası tanınmış alim, kolonializm və postkolonial tədqiqatlar üzrə mütəxəssis Mahmud Məmdani, anası isə kinorejissor Mira Nairdir. Hər iki valideyni Hindistan əsillidir. İkinci adı — Kvame — Qananın ilk baş naziri və inqilabçısı Kvame Nkrumanın şərəfinə verilmişdir.
Uşaqlıq illərində ailəsi ilə əvvəl Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə, daha sonra isə ABŞ-ın Nyu-York şəhərinə köçmüşdür. O, Men ştatındakı Boudin Kollecində təhsil almış və 2014-cü ildə afrikaşünaslıq üzrə bakalavr dərəcəsi əldə etmişdir.
Siyasətə qədər Məmdani ipoteka borcları səbəbindən evini itirmə təhlükəsi ilə üzləşən ailələrə yardım edən məsləhətçi kimi çalışmışdır. O, həmçinin musiqi ilə maraqlanır və "Young Cardamom" təxəllüsü ilə rep ifaçısı kimi fəaliyyət göstərmiş, "Sidda Mukyaalo" adlı mini-albom buraxmışdır.
2015-ci ildən etibarən siyasətlə məşğul olmağa başlamış, müxtəlif seçki kampaniyalarında iştirak etmişdir. 2019-cu ildə Nyu-York ştatı Assambleyasına namizədliyini irəli sürmüş və 2020-ci ildə Demokratlar Partiyasının ilkin seçkilərində qalib gələrək bu vəzifəyə seçilmişdir. 2022 və 2024-cü illərdə yenidən seçilmişdir.
Siyasi mövqeləri Zöhran Məmdani demokratik sosialist baxışlara malikdir. O, sosial mənzil tikintisi, kirayə haqlarının dondurulması, pulsuz avtobus nəqliyyatı, ümumi məktəbəqədər təhsil və bələdiyyə ərzaq mağazalarının yaradılması kimi təşəbbüsləri müdafiə edir.
O, həmçinin İsrail–Fələstin münaqişəsində fələstinlilərə dəstək göstərir, ABŞ-ın İsrailə yönəlik siyasətini tənqid edir və "Boykot, təcrid və sanksiyalar" (BDS) hərəkatını dəstəkləyir.
2025-ci ilin iyun ayında keçirilən ilkin seçkilərdə qalib gələrək Nyu-York meri vəzifəsinə Demokrat Partiyasının namizədi olmuşdur. Seçkilərdə qalib gələcəyi təqdirdə, o, şəhərin tarixində ilk müsəlman meri olacaq.
Şəxsi həyatı Zöhran Məmdani şiə məzhəbinin on iki imam qoluna mənsubdur. O, futbol üzrə İngiltərənin "Arsenal" klubunun, beysbol üzrə "New York Mets", Amerika futbolu üzrə "New York Giants" komandalarının azarkeşidir.
2025-ci ildə suriyalı rəssam Rama Düvəci ilə evlənmiş və hazırda Nyu-Yorkun Kuins borosunun Astoriya rayonunda yaşayır.
İstinadlar
Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:ABŞ sosialistləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ müsəlmanları