Füzuli-Hadrut avtomobil yolu — Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində, işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarını birləşdirən dörd hərəkət zolaqlı avtomobil yolu.
Tarixi Füzuli-Hadrut avtomobil yolunun təməli 2021-ci il 16 mart tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı qoyulub.
2021-ci ildə yolboyu torpaq işləri, qazma və dolğu işləri, yolun genişləndirilməsi və profilə salınması, yeni torpaq yatağının və yol əsasının inşası istiqamətində işlər aparılıb.
2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut, Tuğ-Hadrut və Füzuli-Hadrut avtomobil yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olub. 2022-ci ilin sentyabrında 12 kilometr uzunluğunda yol üzrə torpaq yatağı və yol əsasının əhəmiyyətli hissəsində işlərin tamamlandığı, bir sıra hissələrdə asfalt örtüyünün alt layının döşənməsi, suötürücü qurğuların və körpü dayaqlarının inşasının yekun mərhələyə çatdığı bildirilib.
2023-cü ilin yanvarında yolun genişləndirilməsi, yeni torpaq yatağı və yol əsasının inşasının tam başa çatdığı, 11 kilometrə qədər hissədə asfalt örtüyünün alt qatının döşəndiyi, ümumilikdə 15 suötürücü boru, 7 ehtiyat keçid və bir dördbucaqlı su keçidinin tikintisinin tamamlandığı qeyd olunub.
2023-cü ilin may ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Füzuli-Hadrut və Cəbrayıl-Hadrut avtomobil yollarının həmin ilin mayında istifadəyə veriləcəyi açıqlanıb.
Füzuli-Hadrut avtomobil yolu 5 may 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Texniki göstəricilər Uzunluğu 13 kilometr olan Füzuli-Hadrut avtomobil yolu başlanğıcını “Zəfər yolu”ndan götürür və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Bu avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir və bu rayonların bir sıra yaşayış məntəqələrinə çıxış verir.
Füzuli-Hadrut avtomobil yolu I texniki dərəcəyə uyğun inşa olunmuş dörd hərəkət zolaqlı yoldur. Yolun hərəkət hissəsinin eni 14 metr, yol yatağının eni təxminən 21-21,5 metr təşkil edir. Yol boyu yağış və səth sularının ötürülməsi üçün müxtəlif diametrli suötürücü borular, ehtiyat keçidlər və bir dördbucaqlı su keçidi inşa olunub.
Marşrutun 6,7-ci kilometrində, “Qarğabazar” adlanan ərazidən keçən hissədə uzunluğu 18 metr, eni 21 metr olan avtomobil körpüsü tikilib. Tikinti işləri “İnşaat norma və qaydaları”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Agentliyin müvafiq müəssisələri və podratçı şirkətlər tərəfindən icra edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan yolları Kateqoriya:Füzuli rayonu Kateqoriya:Xocavənd rayonu Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri