İki kasıb qız — 2011-ci ilin sentyabrından 2017-ci ilin aprelinə qədər CBS kanalında yayımlanmış Amerika sitkomudur. Warner Bros. Television tərəfindən hazırlanan bu layihənin müəllifləri Maykl Patrik Kinq və Vitni Kamminqsdir. Hadisələr Nyu-Yorkun Bruklin bölgəsinin, Uilyamsburq məhəlləsində cərəyan edir. Serialın mərkəzində iki rəfiqə Meks Blek (Ket Denninqs) və Kerolayn Çenninqin (Bet Bers) həyatı dayanır. Kerolayn milyarder qızı kimi böyüsə də, Meks kasıb və problemli bir ailədə boya-başa çatıb. Həyata baxışları tamamilə fərqli olan bu iki qız, gələcəkdə öz keks dükanlarını açmaq üçün pul toplamağa çalışırlar. Bu müddətdə isə yerli bir kafedə ofisiant işləyirlər.

Serial həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Baş roldakı altı aktyorun, xüsusilə də Bers və Denninqsin bir-biri ilə olan ekran uyğunluğu çox bəyənilsə də, serialdakı bəzi açıq-saçıq zarafatlar, narkotik və irqçiliklə bağlı yumor tərzi tənqid olunub. Buna baxmayaraq, serial yayımlandığı müddət ərzində 12 "Emmi" mükafatına namizəd göstərilib və 2012-ci ildə bədii tərtibat nominasiyasında qalib gəlib.

Serial CBS kanalında 6 mövsüm və 138 seriya davam edib.

Xülasə Serial 20 yaşlarının ortalarında (serialın əvvəlində) olan iki ofisiant qızın həyatından bəhs edir. Qızlardan biri Meks Blekdir (Ket Denninqs). O, kasıb bir ananın qızıdır və atasının kim olduğunu heç bilmir. Digəri isə Kerolayn Çenninqdir (Bet Bers). Kerolayn əslində varlı ailədə doğulub, amma atası Martin Çenninqin adı Berni Meydoffa bənzər Ponzi sxemi kimi böyük bir maliyyə fırıldağına qarışdığı üçün hər şeyini itirib və kasıb düşüb. Bu iki qız Bruklindəki bir kafedə birlikdə işləyirlər. Qısa müddətdə həm ev yoldaşı, həm də yaxın rəfiqə olurlar. Əsas məqsədləri isə pul yığıb öz keks dükanlarını açmaqdır. Onlarla eyni kafedə işləyən başqa maraqlı obrazlar da var: kafenin koreyalı müdiri Hen Li (Metyu Moy), Ukraynadan gəlmiş, zarafatları bir az həddi aşan və qızlara söz atan aşpaz Oleq (Conatan Kayt) və 75 yaşlı kassir Erl (Qarett Morris). Birinci mövsümün sonlarına yaxın onlara qonşu olan Sofi (Cennifer Kulic) də hekayəyə rəng qatır. Sofi Polşadan gəlmiş bir immiqrantdır və təmizlik şirkəti işlədir.

Birinci mövsümün böyük hissəsində Meks həm də Piç Lendisin (Bruk Layons) əkiz körpələrinə dayəlik edir. Bu ərəfədə Piç Kerolaynın atı Çesnatı da öz himayəsinə götürür. Hər seriyanın sonunda ekranda bir rəqəm görünür və bu, onların 250,000 dollarlıq hədəflərinə nə qədər yaxınlaşdıqlarını göstərir. İkinci mövsümün əvvəllərində Sofi qızlara bizneslərini qurmaları üçün 20,000 dollar borc verir. Amma işləri gətirmir və 18-ci seriyada dükanın icarəsindən imtina etməli olurlar. Əllərində qalan pulla ancaq Sofinin borcunu qaytara bilirlər və beləcə, hər seriyanın sonundakı rəqəm yenidən 1 dollara düşür. Onların dükanı ilə üzbəüz Endrunun (Rayan Hansen) "Kendi Endi" adlı şirniyyat dükanı yerləşir. Endru ilə Kerolayn arasında sevgi münasibəti başlasa da, Kerolayn bütün diqqətini keks biznesinə ayırdığı üçün sonda ayrılırlar.

Üçüncü mövsümdə Kerolaynla Meks işlədikləri kafenin arxa otağında bizneslərini yenidən qururlar. Onlar kafenin pəncərəsindən müştərilərə keks satmağa başlayırlar. Həmçinin Meks "Manhetten Şirniyyat Məktəbi" adlı bir kursa yazılır, Kerolayn isə orada işə düzəlir. Meks burada Dik adlı bir oğlanla tanış olur; əvvəl dost olsalar da, sonra aralarında sevgi münasibəti yaranır. Bu, ikinci seriyada ona xəyanət edən sevgilisi Robbi ilə ayrılandan bəri Meksin ilk ciddi münasibəti olur. Kerolayn isə bilmədən həmin məktəbdə dərs deyən evli fransız müəllim Nikolasla eşq macərası yaşayır. Bu hadisənin sonu elə gətirir ki, Nikolas məktəbi bağlayıb arvadı ilə birgə Fransaya qayıdır. Meks, Kerolayn və Dik həmin məktəbi özləri işlətmək üçün Dikin valideynlərindən investisiya almağa çalışsalar da, təəssüf ki, planları baş tutmur.

Dördüncü mövsümdə qızlar nəhayət öz keks bizneslərini qururlar, amma işləri qısa müddət yaxşı getsə də, sonra borca düşürlər. Meks və Kerolayn biznesləri üçün götürdükləri borcu qaytarmaqdan ötrü "Dı Hay" (The High) adlı elit bir şirniyyat mağazasında işləməyə başlayırlar. Bu arada Meks yeni gələn yaraşıqlı ofisiant Naşitlə qısamüddətli bir eşq macərası yaşayır. Amma sonradan məlum olur ki, uşağın hələ 18 yaşı tamam olmayıb; bunu da anası İrlandiyadan onu aparmağa gələndə öyrənirlər. Dördüncü mövsümün sonunda isə Oleqlə Sofi evlənirlər.

Beşinci mövsümdə Kerolayn öz həyat hekayəsini bir film prodüserinə 250,000 dollara satır. O, bu pulun böyük hissəsini köhnə keks dükanlarını yan tərəfdəki pitsaçı ilə birləşdirib genişləndirməyə və oranı bir desert barına çevirməyə xərcləyir. Yerdə qalan 30,000 dollarla isə kafenin səhmlərinin bir hissəsini alırlar ki, Henin qadın tennisinə mərc edib düşdüyü qumar borclarını ödəyə bilsinlər. Kerolayn öz həyatından bəhs edən ssenari üçün məsləhətçi kimi Hollivuda gedəndə, Meks orada "məşhurların vəkili" olan Rendi ilə tanış olur. Bu arada, yaşının keçməsinə baxmayaraq, Sofi Oleqdən hamilə qalır.

Altıncı mövsümdə Sofi və Oleqin Barbara adlı qızları dünyaya göz açır. Rendi Meks ilə münasibətlərini davam etdirmək üçün geri dönsə də, işlər alınmır. Rendi Meksin Kaliforniyaya köçməsini istəyir, amma Meks ilk dəfə hamının yanında Kerolaynla olan möhkəm dostluğunu etiraf edərək buna razı olmur; deyir ki, artıq onun həyatında çox önəmli insanlar var və onları qoyub gedə bilməz. Bu arada Kerolayn fırtınadan sonra desert barını təmir edən Bobbi adlı bir usta ilə tanış olur və sevgili olurlar. Mövsümün sonuna doğru Kerolaynın həyatı haqqında film çəkilib hazır olur (hərçənd filmdə bəzi şeyləri uydurublar), amma Kerolayn premyerada 10,000 dollarlıq kirayə donu cırır. Bu hadisə həm onun, həm də Meksin bütün yığdıqları pulu silib aparır və qızlar yenidən müflis vəziyyətinə düşürlər. Rendi isə bu dəfə birdəfəlik Nyu-Yorka qayıdır və Meksə evlilik təklifi edir, o da razılaşır. Serial elə bu yerdə də bitir, çünki telekanal gözlənilmədən layihəni dayandırdı və ssenari müəlliflərinə hekayəni tam sona çatdırmağa imkan vermədi.

Rollarda

Əsas

Təkrarlanan

İstehsal

İnkişaf və aktyor seçimi right|thumb|200px|Denninqs və Bers 38-ci Xalqın Seçimi Mükafatlarında. Yanvar 2012. Hələ serial halına gəlməzdən əvvəl, layihənin inkişaf etdirilməmiş sınaq çəkilişi (pilot seriyası) bir neçə kanal arasında rəqabət mövzusuna çevrilmişdi. Nəticədə, CBS 10 dekabr 2010-cu ildə saziş əldə etdi və 13 may 2011-ci ildə rəsmi olaraq serial sifarişi verdi.

Bu layihə, Uitni Kamminqsin həm prodüseri, həm də həmtəsisçisi olduğu 2011–12 televiziya mövsümü üçün hazırlanmış iki serialdan biri idi. Digər serial isə NBC tərəfindən alınan, lakin iki mövsümdən sonra ləğv edilən "Whitney" idi.

Denninqs 18 fevral 2011-ci ildə Meks rolu üçün seçilən ilk aktrisa oldu. Bir həftə sonra, 25 fevral 2011-ci ildə, Bers digər tanınmış aktrisaları geridə qoyaraq Kerolayn rolunu qazanmaq üçün kastinqdən keçdi. Moy, Morris və Kayt 16 mart 2011-ci ildə heyətə qatılan son üç aktyor oldular.

Çəkiliş Serial canlı studiya auditoriyası qarşısında lentə alınıb.

Ləğv Serial 12 may 2017-ci ildə, altı mövsümdən sonra ləğv edildi. Reytinqlərin aşağı düşməsi, CBS-in serialda mülkiyyət payına sahib olmaq istəyi və şəbəkənin 2017-ci ilin payız cədvəlində üç yeni sitkom üçün yer açmaq ehtiyacı kimi amillərin birləşməsi serialın sonuna səbəb oldu.

Yayım İki kasıb qız dünyanın bir çox ölkəsində yayımlandı. Kanadada serial Citytv kanalında efirə getdi. Birləşmiş Krallıqda İki kasıb qız E4 kanalında, İrlandiyada isə RTÉ2 kanalında yayımlandı. Hindistanda Star World, Comedy Centra və Colors Infinity kanallarında göstərildi. Filippində "2 Broke Girls" ETC kanalında, Avstraliyada 10 Peach kanalında, Yeni Zelandiyada isə TV2 kanalında yayımlandı.

Xarici keçidlər Rəsmi sayt

İki kasıb qız — TV by the Numbers

İstinadlar

Kateqoriya:Nyu-York ştatı haqqında teleseriallar Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları Kateqoriya:Warner Bros. Television teleserialları Kateqoriya:2011-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:LGBT-əlaqəli ABŞ teleserialları Kateqoriya:2017-ci ildə bitən teleseriallar