Gizəm Saka (; ) — türkiyəli rəssam, keçmiş idmançı, elm adamı və iqtisadçısı. O, Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində baş müəllim və Harvard Universitetində incəsənət marketinqi texnikaları üzrə mühazirələr verir.

Həyatı Gizəm Saka 9 aprel 1978-ci ildə İstanbulda anadan olub və böyüyüb. 1999-cu ildə Koç Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Elə həmin il ABŞ-yə köçüb. O, 2008-ci ildə Kornell Universitetində davranış və eksperimental iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib. Universitetdə təhsil alarkən rəsm çəkməyə başlayan Saka, dulusçuluq və heykəltəraşlıq üzrə də təhsil alıb. 2000-ci ildə Kornell Universitetinin İncəsənət və Memarlıq kafedrasında təhsil almışdır. 2005-ci ildə o, ilk fərdi sərgisini Monrealdakı Qora qalereyasında keçirib. 2005-ci ildən sonra o, bir çox beynəlxalq incəsənət təşkilatlarında sərgilərini davam etdirib. Tələbəlik illərində atletika ilə məşğul olan Saka, həmçinin gimnastika üzrə Türkiyə milli çempionu və 1989-1993-cü illər arasında Türkiyə milli gimnastika komandasının üzvü olub.

Sənəti Sakanın sənət anlayışına Yaxın Şərq və Aralıq dənizi rənglərini özündə birləşdirən dekorativ elementlər daxildir. Keçmişindən ilham alan Sakanın əsərlərinin əsas mövzusu qadınlar, kitab oxumaq, Osmanlı dövrünə aid İznik çini qabları və fiqurlardır. Müsahibələrinin birində o, ailəsində qadınlar çoxluq təşkil etdiyindən tez-tez qadınların sevinci və kədərlərini müşahidə etdiyini bildirmişdi. Onun davam edən "Qadınlar" kolleksiyasına: çay və qəhvə içmək, dostlarla söhbət etmək, sevgilini öpmək, kitab oxumaq və ya güzgüyə baxmaq kimi gündəlik həyat tərzləri daxildir. O, "İstanbul evləri" kolleksiyasında doğma şəhərinin sadəlövh, ibtidai şəhər mənzərələrini təsvir edib. Onun "Falıma bax" adlı kolleksiyası bəzi mədəniyyətlərdə falçılıq kimi istifadə edilən üyüdülmüş qəhvə və espresso fincanlarının vizual təsvirini özündə birləşdirib. Onun 2013-cü ildə Boston Universitetində keçirdiyi sərgisi XVI əsr Osmanlı yelkənli gəmilərini təsvir edən irimiqyaslı kətanlardan ibarət idi. Yeni kolleksiyası "Rəssamlıqda ədəbiyyat" adlanır ki, burada o, kətanları sanki bir dəftərdə düzərək, ədəbi əsərlərdən ən sevdiyi parçaları vurğulayıb. Saka yerli, qeyri-kommersiya məkanlarında, qalereya və ictimai məkanlarda sərgilər təşkil edib. Onun rəsmləri dünyanın hər yerində şəxsi kolleksiyalarda yer alır.

Elmi fəaliyyəti Kornell Universitetinin doktorantı olan Gizem Saka, Karnegi Mellon Universitetinin Tepper Biznes Məktəbinin Samuel Curtis Johnson İdarəetmə və qlobal iqtisadiyyat İnstitutunda strategiyadan dərs verib. Həmçinin 2008-2011-ci illərdə Vermontdakı Middlberi Kollecində, 2011-2012-ci illərdə isə Massaçusetsdəki Vellsli Kollecində davranış iqtisadiyyatı və eksperimental iqtisadiyyat fənlərini tədris edib. 2011-ci ildən bəri Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes iqtisadiyyatı, incəsənət iqtisadiyyatı və makroiqtisadiyyat fənlərini tədris edir. Saka Harvard Universitetində incəsənət və iqtisadiyyatın kəsişməsinə yönəlmiş "İncəsənət bazarı" adlı kursu tədris etmişdir. Onun magistr dissertasiyası olan "Təxirəsalma, öhdəlik və ədalət haqqında esselər" kitab şəklində nəşr olunmuşdur.Gizem Saka, "Essays in Procrastination, Commitment and Fairness", VDM Verlag, 2009, Kornell Universitetindəki işlərinə görə Hovard və Abbi Milşteyn ilə Ernest Liu Ailəsinin Tədris mükafatlarına layiq görülmüşdür.

Təqdimat və mühazirələri 2013 – Pensilvaniya Universiteti, Neyrocərrahiyyə Qrand turları, "İstehlakçı mühakiməsi" kursu. 2013 – Uorton Biznes Məktəbi, Həntsmən Beynəlxalq Araşdırmalar və Biznes Preseptorial Proqramı. "5 dollarlıq qaraj satışı tablosunun dəyəri 40 milyon dollar ola bilərmi? İncəsənət dünyasının qarşısıalınmaz iqtisadiyyatı". 2012 – Devis Muzeyi, MA "Sol Levitt vasitəsilə iqtisadiyyat və incəsənət arasındakı əlaqənin araşdırılması" 2011 – Babson Kolleci, Davranış İqtisadiyyatı MBA kursu 2011 – Vermont Universiteti, Fəxri Kolleci, "Bilik ardınca: Fənlər, Universitetlər və İştirak", Sosial elmlər üzrə mühazirəçi. 2010 – Kembric Universiteti, İngiltərə, Fənlərarası Sosial Elmlər konfransı

İstinadlar

Xarici keçidlər Gizem Saka's Official Website Gizem Saka's Academic Website Harvard Gizem Saka's Academic Website UPENN

Kateqoriya:XXI əsr ABŞ incəsənət xadimləri Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ incəsənət xadimləri Kateqoriya:Koç Universitetinin məzunları Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:Türkiyə iqtisadçıları Kateqoriya:Türkiyənin incəsənət xadimləri