Mazhar ve Fuat () — Mazhar Alanson və Fuat Günerin 1970-ci illərin əvvəllərində qurduğu Anadolu roku qrupu. Qrup fəaliyyəti ərzində 1 LP albom, 4 45 dövrlük val yayımlayıb.

Tarixi 1971-ci ildə Kaygısızlar () qrupu dağıldıqdan sonra Mazhar Alanson və Fuat Güner öz musiqi fəaliyyətlərini, əsasən, ingilis dilində olan bəstələrlə davam etdirdilər. Onların Yonca Plak səsyazma şirkəti ilə müqavilələri var idi. Həmin şirkətin rəhbəri Ergin Bener ilə dəniz səfəri zamanı Bener musiqiçilərdən Türkiyə türkcəsində ifa etmələrini xahiş edir. Bundan sonra onlar Kaygısızlar zamanındakı kimi türkcə mahnılar bəstələyib ifa etməyə davam etmək qərarına gəlirlər. Bu səfərdən sonra Mazhar Alanson "Güllerin İçinden" () mahnısını yazır.

Daha sonra onlar Türküz Türkü Çağırırız () adlı albomu yayımlayırlar. Bu, qrupun ilk və tək albomu idi. Onun ərsəyə gəlməyində Fuat Güner və Mazhar Alansona həyat yoldaşı Hale Alanson, Özkan Uğur və zərb alətində Ayhan Sicimoğlu da dəstək veriblər. Hümeyranın prodüseri olduğu albom "Güllerin İçinden" mahnısının ilk versiyası, müxtəlif türk xalq və pop mahnıları, Mazhar Alansonun ingilis dilində olan "Upside Down" () mahnısından ibarət idi. Albom satış üzrə yüksək nailiyyət qazanmadı, lakin sənətkarların adının tanınmasında rol oynadı. "Hey" dərgisinin 1973-cü ildəki səsverməsində "İlin cəmiyyətləri" siyahısında "Mazhar ve Fuat" qrupu 5-ci yerə, "İlin bəstələri" siyahısında isə "Türküz Türkü Çağırırız" mahnısı 10-cu yerə layiq görülüb.

Albomun ardınca qrup 45 dövrlük vallar yayımladı. "Türküz Tükü Çağırırız" və "Güllerin İçinden" mahnılarının olduğu valdan sonra "Haydi Bastır" və "Adımız Miskindir Bizim" mahnılarının qeydə alındığı val yayımlandı. Bunlardan əlavə, "Hekimoğlu" mahnısı ilə Lale Akadın "Elveda Mutluluğum Hoşgeldin Acılarım" mahnısı bir valda yaylmlandı. Lakin bu 45-lik valların heç biri böyük uğur əldə edə bilmədi.

Özkan Uğur əsgərlikdən qayıtdıqdan sonra Mazhar Alanson, Fuat Güner, Özkan Uğur, Ayhan Sicimoğlu və Galip Boransu beşi birlikdə İpucu Beşlisi () adlı qrup qurdular. Lakin bu qrupun da uğursuz olması nəticəsində Fuat Güner və Mazhar Alanson yenidən birgə ifa etməyə başladılar. Yeni mahnıları "Bodrum"u ilk dəfə 1978-ci ildə TRT efirində təqdim etdilər. 1983-cü ildə isə həmin mahnını MFÖ-nün Ele Güne Karşı Yapayalnız () albomuna əlavə etdilər. 1979-cu ilin avqustunda Haldun Dormenin "Merhaba Müzik" () adlı şou-proqramında çıxış etdilər. Həmin ilin sonunda Özkan Uğurun yenidən ikiliyə qatılması ilə MFÖ qrupu quruldu.

Özkan Uğur 2023-cü ildə vəfat etdikdən sonra Mazhar Alanson və Fuat Güner yenə də duet olaraq ifa edirlər.

Diskoqrafiya

Albomlar 1973 ― Türküz Türkü Çağırırız

45-liklər 1974 ― Kış Baba / Kezban Kardeş 1974 ― Türküz Türkü Çağırırız / Güllerin İçinden 1974 ― Haydi Bastır / Adımız Miskindir Bizim 1974 ― Hekimoğlu / Elveda Mutluluğum Hoşgeldin Acılarım (Lale Akad)

Digər 2005 ― Love, Peace & Poetry: Turkish Psychedelic Music (Sür Efem Atını mahnısı ilə)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə musiqi qrupları Kateqoriya:Anadolu roku Kateqoriya:Musiqi qrupları Kateqoriya:Rok-qruplar