Əhməd Mükərrəm Sarol (; ) — türk həkimi, siyasətçisi, millət vəkili və Dövlət naziri. O, 1950–1960-cı illərdə Türkiyəni idarə edən Demokrat Partiyasının (DP) qurucularından biri olub. Sarol DP-nin hakimiyyəti dövründə TBMM-nin IX, X, XI çağırış İstanbul və Ədirnədən millət vəkili və 1954-cü ildən 1955-ci ilə qədər Baş nazir Adnan Menderesin rəhbərlik etdiyi kabinetdə Dövlət naziri olmuşdur. Sarol 27 may 1960-cı ildə baş verən hərbi çevrilişdən sonra həbs edilmiş və 1960–1965-ci illərdə həbsdə olmuşdur.
Erkən həyatı və təhsili Atası Osman Nuri bəy Osmanlı ordusunda hərbçi olub. 1909-cu ildə Əhməd Mükərrəm Sarol anadan olanda, atası Osmanlı Livanının Tripoli şəhərində xidmət edirdi. Osman Nuri bəy əslən Kütahyanın Gediz şəhərindən idi və hərbçi ailəsinə mənsub idi. Anası Fatma Zəhra xanım olub.
Atasının hərbi xidməti səbəbindən o, təhsilini müxtəlif şəhərlərdə alıb. 1930-cu ildə İstanbul Universitetinin sələfi olan Darülfünunun Tibb Məktəbini bitirib. 1938-ci ildə Hamburq Universitetində ginekologiya və mamalıq üzrə tibbi təhsil almış və cərrah olmuşdur.
Fəaliyyəti Məzun olduqdan sonra Sarol, Yozqat və Aydında cərrah kimi çalışıb. Daha sonra Aydında özəl tibb praktikası ilə məşğul olan Sarol, burada Adnan Mendereslə tanış olub.
Sarolun siyasi karyerasına 1946-cı ildə Aydında DP-nin yerli şöbəsi yaradılarkən başladı. 1947-ci ildə İstanbula köçdü və DP-nin İstanbul şöbəsində çalışdı. 14 may 1950-ci ildə keçirilən ümumi seçkilərdə İstanbuldan millət vəkili seçildi. Qısa müddət sonra DP-nin inzibati heyətinin üzvü oldu. 1954-cü ildə İstanbulda yerləşən "Türk səsi" adlı qəzeti təsis etdi. 2 may 1954-cü ildə keçirilən növbəti ümumi seçkilərdə qalib oldu. 27 oktyabr 1957-ci ildə keçirilən ümumi seçkilərdə Ədirnədən millət vəkili seçildi.
Sarol 1954-cü ilin may ayında Adnan Menderes tərəfindən qurulan üçüncü kabinetə Dövlət naziri təyin edildi. Sarol mətbuat, siyasi məsələlərə cavabdeh idi və müxalifətin sərt tənqidləri nəticəsində nazir təyinatından sonra qəzetində çalışmaqdan imtina etməli oldu. Sarol vəzifədə olduğu müddətdə hökumətin qəzetinə verdiyi dəstəylə bağlı tez-tez korrupsiya iddialarına məruz qalırdı. 1954-cü ildə Etiler Mənzil Kooperativinə üzvlüyü ilə bağlı onun haqqında başqa ittihamlar da irəli sürülmüşdü.
Bu ittihamlara görə Baş nazir Adnan Menderes 9 oktyabr 1955-ci ildə onun istefasını istədi. Sarolun səlahiyyət müddəti 12 oktyabr 1955-ci ildə başa çatdı. O, 1955-ci ilin noyabr ayında DP-nin inzibati heyətinin üzvü seçildi. 2 dekabr 1955-ci ildə isə DP-dən üzvlükdən çıxarıldı. O, partiyaya 1957-ci ilin iyununda qayıtdı.
Sarol, müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) fəaliyyətini araşdırmaq üçün 6 aprel 1960-cı ildə DP tərəfindən yaradılmış komissiyanın üzvü təyin edildi. Onun vəzifəsi Parlamentdə CHP-yə qarşı araşdırma başlatmaq üçün dəlillərin təqdim edilməsi idi. Sarol 7 apreldə komissiyanın sədri seçildi.
Həbsi və sonrakı həyatı 27 may 1960-cı ildə baş verən hərbi çevrilişdən dərhal sonra Sarol digər DP siyasətçiləri ilə birlikdə həbs edildi. O, 14 oktyabr 1960-cı ildən Yassıada Ali Məhkəməsi tərəfindən mühakimə olundu və on beş il həbs cəzasına məhkum edildi. 1961-ci ildə dövlət onun əmlakını, o cümlədən İstanbulun Etilər səmtindəki evini öz mülkiyyətinə aldı. O, səhhətinin pisləşməsi səbəbi ilə 15 yanvar 1965-ci ildə həbsdən azad edildi.
Sarol 1975-ci ildə Ədalət Partiyasına qoşuldu.
Kitabı Mükərrəm Sarol yaxın dostu Adnan Menderesin həyatı haqqında xatirələrinin toplandığı "Naməlum Menderes" adlı iki cildlik kitab yazmışdır.
Ailəsi və ölümü Faliha Sarol ilə evli olan Mükərrəm Sarolun üç övladı var idi. O, fransız və alman dillərində sərbəst danışırdı. Mükərrəm Sarol 8 noyabr 1995-ci ildə İstanbulda vəfat edib.
İstinadlar
Kateqoriya:Hamburq Universitetinin məzunları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:Ədalət Partiyasının üzvləri (Türkiyə) Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM XI çağırış deputatları Kateqoriya:Demokrat Partiya üzvləri (Türkiyə, 1946) Kateqoriya:İstanbul ilinin deputatları Kateqoriya:XX əsr cərrahları