Cəmul-Cəvami fi Üsulil-Fiqh () — Tacəddin əs-Subkinin üsuli-fiqh sahəsinə aid əsəri.
Əsər "Cəmul-Cəvami fi Üsulil-Fiqh" iki şərhin — "Rəful-Həcib" ilə "əl-İbhəc"in xülasəsidir. Lakin əsər plan və möhtəviyyatı baxımından Bəyzavinin "Minhəcül-vüsul"una daha yaxındır.
Müəllif ön sözdə bildirir ki, əsər əsas etibarilə adı çəkilən iki şərhi əhatə edir. Bununla yanaşı əsərə bəzi əlavələr edilmişdir və həmçinin öz dövrünə qədər yazılmış təxminən 100 üsul kitabından müxtəlif mövzular toplanmışdır. Doğrudan da müəllif, həmin vaxta qədər yazılmış üsul kitablarında yer alan görüşləri bəzən yalnız bir-iki sözlük istinadlarla belə olsa, uğurlu şəkildə xülasə etmişdir.
Təcəddin əs-Subki "Cəmul-Cəvami fi Üsulil-Fiqh" əsərində Hənəfi məktəbinin üsul kitablarına və görüşlərinə də yer verməklə yanaşı, əsərini daha çox Şafei (mütəkəllimin) məktəbinə sadiq qalaraq qələmə almışdır. Bununla belə, kitab özündən əvvəlki görüşlərin və üsul kitablarının sintezi olması baxımından iki metodu birləşdirən əsərlərdən biridir.
"Cəmul-Cəvami fi Üsulil-Fiqh", "Minhəcül-vüsul" əsərində olduğu kimi, bir müqəddimə və yeddi əsas bölmədən (kitab) ibarətdir. Müqəddimədə bəzi əsas anlayışların tərifi verilir, şəri hökmə dair məsələlər — təklifi və vəzi hökm, hökmün mənbəyi, mövzusu və ünvanı (müxatəbi) kimi mövzular müzakirə olunur.
Yeddi bölmə isə ardıcıllıqla kitab, sünnə, icma, qiyas, istidləl, təadül-tərcih və ictihad mövzularına həsr edilmişdir. Müəllif ara mövzulara bəzən birbaşa, bəzən də "Məsələ" başlığı altında daxil olur və dəlillərə varmadan həmin mövzu ilə bağlı mövcud görüşləri, çox vaxt bu görüşlərin sahiblərini də qeyd etməklə təqdim edir.
Görüş sahiblərinin bir çox yerdə ayrı-ayrı zikr edilməsi, sözügedən görüşü müdafiə edən üsulçuları bir yerə toplamaq cəhdi ilə yanaşı, digər əsərlərdə bu şəxslərə edilmiş yanlış istinadları düzəltmək və ya "Minhəcül-vüsul"də yer almayan adları əlavə etmək məqsədilə də izah edilə bilər.
Təcəddin əs-Subki əsərdə üstün tutduğu görüşü adətən əvvəlcə qeyd etmiş, sonra isə digər görüşlərə toxunmuşdur. Bəzən isə bütün baxışları ortaya qoyduqdan sonra öz seçimini bildirmişdir Lakin müəllifin seçimi Şafei məktəbində geniş şəkildə qəbul edilmiş görüşdən, xüsusilə də İbn əl-Həcib və Bəyzavinin üstün tutduğu mövqedən, ümumiyyətlə, kənara çıxmır.
Əsərdə görüşlərin və seçimlərin əsaslandırılmasına, eləcə də qarşı etirazlara yer verilmir. Müəllif bildirir ki, "Minhəcül-vüsul" əsərində mövcud olan dəlilləri ixtisar məqsədilə kitabına daxil etməmiş, yalnız məşhur kitablarda açıq şəkildə qeyd olunmayan dəlilləri qeyd etmişdir. Bununla belə, Təcəddin əs-Subki çox az hallarda da olsa İbn əl-Həcib və Bəyzaviyə zidd görüş irəli sürmüş və bu müxalifətin əhəmiyyətinə diqqət çəkmişdir.
Əsərdə məşhur üsulçuların adları deyil, onların ləqəbləri qeyd edilmişdir. Misal üçündə əsərdə "qazı" Əbu Bəkr əl-Bəqillənini, "üstaz" Əbu İshaq əl-İsfərayinni, "imam" Fəxrəddin ər-Razi, "şeyx" Əbül-Həsən əl-Əşarini, "əş-şeyx əl-imam" isə atası Təqiyyəddin əs-Subki ifadə edir.
"Cəmul-Cəvami fi Üsulil-Fiqh", əvvəllər qələmə alınmış klassik üsul kitablarını qısa şəkildə də olsa bir yerə cəm etdiyinə görə həm müasirləri, həm də sonrakı alimlər tərəfindən böyük etimad qazanmış, əsrlər boyu mədrəsələrdə tədris edilmiş və zamanla fiqh üsulunun klassik əsərləri sırasına daxil olmuşdur.
Üzərində çoxsaylı şərh, haşiyə və ixtisar (xülasə) işləri aparılmış olan bu əsər, eyni zamanda nəzmə çəkilmiş və bu tədqiqatlarla birlikdə dəfələrlə nəşr edilmişdir. Əsərin on beşə yaxın şərhi vardır və onlardan bəziləri bunlardır: Təşnifül-məsami (Qahirə: hicri 1332). Müəllifi Bədrəddin əz-Zərkəşidir. Əl-Büruqul-ləvami. Müəllifi Şəmsəddin Məhəmməd ibn Məhəmməd əl-Əsədi əl-Qəzzidir. Əl-Qeysül-hami. Müəllifi Əbu Züra əl-İraqi. Əsər Zərkəşinin qələmə aldığı şərh müxtəsəridir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Sünni ədəbiyyatı