Rudolf Lüdviq Mössbauer (; Münchner Physik-Nobelpreisträger Mößbauer ist tot – München . Bild.de (2011-09-21). Retrieved on 2012-06-26.) — alman fiziki. Mössbauer spektroskopiyasının əsasını təşkil edən "Mössbauer effekti"ni kəşf etdiyinə görə 1961-ci ildə Robert Hofştadter ilə birgə Fizika üzrə "Nobel" mükafatı almışdır.
Elmi karyerası
Mössbauer Münxen şəhərində anadan olmuş və Münxen Texniki Universitetində fizika üzrə təhsil almışdır. O, diplom işini Haynts Mayer-Leybnitsin Tətbiqi Fizika laboratoriyasında hazırlamış və 1955-ci ildə məzun olmuşdur. Daha sonra Heydelberqdəki Maks Plank Tibbi Araşdırmalar İnstitutuna yollanmışdır. Sözügedən institut universitet tərkibində olmadığı üçün doktorluq dərəcəsi vermək hüququna malik deyildi; bu səbəbdən Mössbauer 1958-ci ildə Münxendə doktorluq imtahanını verərkən rəsmi elmi rəhbəri Mayer-Leybnitsin himayəsində qalmışdır.
O, doktorluq tədqiqatı zamanı 191-iridium izotopunda qamma şüalarının nüvə rezonans flüoressensiyasını (Mössbauer effekti) kəşf etmişdir. Onun şöhrəti 1960-cı ildə Robert Paund və Qlen Rebkanın bu effektdən istifadə edərək Yer kürəsinin qravitasiya sahəsində qamma radiasiyasının qırmızıya sürüşməsini sübut etməsi ilə daha da artmışdır. Paund-Rebka təcrübəsi Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin ilk eksperimental dəqiqlik testlərindən biri idi. Bununla belə, Mössbauer effektinin uzunmüddətli əhəmiyyəti onun Messbauer spektroskopiyasında tətbiqi ilə bağlıdır. Rudolf Mössbauer 1961-ci ildə Robert Hofştadter ilə birlikdə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
Riçard Feynmanın təklifi ilə Mössbauer 1960-cı ildə ABŞ-də Kaliforniya Texnologiya İnstitutuna (Caltech) dəvət edilmiş və burada elmi işçidən böyük elmi işçi pilləsinə qədər sürətlə yüksəlmişdir; 1962-ci ilin əvvəlində isə fizika üzrə tam professor təyin olunmuşdur. 1964-cü ildə məzunu olduğu Münxen Texniki Universiteti (TUM) onu tam professor kimi geri qayıtmağa razı salmışdır. O, 1997-ci ildə emertius professor olana qədər bu vəzifəni qoruyub saxlamışdır. Geri qayıtması üçün şərt olaraq fizika fakültəsində "kafedra" sisteminin tətbiq olunmasını tələb etmişdir. Mössbauerin Amerika təcrübəsinin güclü təsiri ilə qurulan bu sistem, Almaniya universitetlərinin ənənəvi iyerarxik "fakültə" sistemi ilə kəskin ziddiyyət təşkil edirdi və Münxen Texniki Universitetinə alman fizika aləmində mühüm mövqe qazandırmışdı.
1972-ci ildə Rudolf Mössbauer Heydelberqə qayıdaraq, Haynts Mayer-Leybnitsin xələfi kimi Laue-Lanjeven İnstitutunun direktoru vəzifəsinə başlamışdır. Bu, məhz yeni inşa edilmiş yüksək axınlı tədqiqat reaktorunun istifadəyə verildiyi vaxta təsadüf edirdi. Beş illik səlahiyyət müddətini başa vurduqdan sonra Mössbauer Münhenə qayıtmış, lakin burada həyata keçirdiyi institusional islahatların qanunvericilik dəyişiklikləri ilə ləğv edildiyini görmüşdür. O, karyerasının sonuna qədər bu "kafedra sisteminin dağıdılmasından" duyduğu təəssüfü tez-tez ifadə etmişdir. Bu dövrdə onun elmi maraqları neytrino fizikasına yönəlmişdi.
Mössbauer mükəmməl bir müəllim kimi tanınırdı. O; "Neytrino fizikası", "Neytrino ossilyasiyaları", "Elektromaqnit və zəif qarşılıqlı təsirlərin birləşməsi" və "Fotonların və neytronların maddə ilə qarşılıqlı təsiri" daxil olmaqla bir çox ixtisaslaşmış kurslar üzrə mühazirələr demişdir. 1984-cü ildə o, fizika kursunda təhsil alan 350 nəfərlik tələbə heyətinə mühazirə oxuyarkən onlara belə demişdi: "İzah edin! Ən vacib məsələ izah edə bilməyinizdir! İmtahanlarınız olacaq və orada izah etməli olacaqsınız. Nəhayət, onlardan keçib diplom alacaqsınız və düşünəcəksiniz ki, hər şey bitdi. Xeyr, bütün həyat bir imtahandır; ərizələr yazmalı, həmkarlarınızla müzakirələr aparmalı olacaqsınız... Ona görə də izah etməyi öyrənin! Siz bunu başqa bir tələbəyə, həmkarınıza izah edərək inkişaf etdirə bilərsiniz. Əgər onlar yanınızda deyilsə, ananıza, hətta pişiyinizə izah edin!"
Şəxsi həyatı
Mössbauer 1957-ci ildə Elizabet Prits ilə ailə həyatı qurmuşdur. Onların Peter adlı bir oğulları, Regina və Suzi adlı iki qızları dünyaya gəlmişdir. Onlar 1983-cü ildə boşanmış, Mössbauer 1985-ci ildə ikinci həyat yoldaşı Kristel Braun ilə evlənmişdir.
Mössbauer 14 sentyabr 2011-ci ildə 82 yaşında Almaniyanın Qrünvald şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Nobelprize.org. Nobel Media AB 2014. Web. 3 Jan 2015. Interview with Rudolf Mössbauer (18 minutes)
Kateqoriya:31 yanvarda doğulanlar Kateqoriya:1929-cu ildə doğulanlar Kateqoriya:Münhendə doğulanlar Kateqoriya:14 sentyabrda vəfat edənlər Kateqoriya:2011-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Berlin Texniki Universitetinin müəllimləri Kateqoriya:Berlin Texniki Universitetinin məzunları Kateqoriya:Münxen Texniki Universitetinin məzunları Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri Kateqoriya:Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:Papa Elmlər Akademiyasının üzvləri Kateqoriya:Bavariya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri