thumb|KFC-nin "Hot Wings" məhsulu KFC (əvvəlki adı ilə Kentucky Fried Chicken — "Kentukki qızardılmış toyuğu") — qızardılmış toyuq məhsulları üzrə ixtisaslaşmış Amerika fastfud restoranları şəbəkəsi. Şəbəkənin əsasını Kentukki ştatının Korbin şəhərində kafe işlədən Harland Sanders qoyub; ilk françayzinq restoranı 1952-ci ildə açılıb. KFC 1997-ci ildən Yum! Brands korporasiyasının (əvvəlki adı Tricon Global Restaurants) tərkibindədir.

2025-ci ilin sonunda KFC şəbəkəsində 33 897 restoran var idi; onların 90%-i ABŞ-dan kənarda yerləşir, 99%-i françayzinq əsasında idarə olunur. KFC çox vaxt dünyanın ən böyük toyuq alıcısı kimi göstərilir.

Tarixi Harland Sanders thumb|upright|Harland Sanders Harland Sanders (1890–1980) yeddinci sinifdən sonra məktəbi tərk edib və müxtəlif işlərdə çalışıb. 1929-cu ildə o, Kentukki ştatının Korbin şəhərində yanacaqdoldurma məntəqəsinin arxa hissəsində "Sanders' Cafe" adlı kafe açıb. Kafe tezliklə geniş müştəri kütləsi qazanıb; 1935-ci ildə Kentukki qubernatoru Sandersə fəxri "polkovnik" (Colonel) adı verib. 1939-cu ildə Sanders 11 ədviyyatdan ibarət gizli qarışıq və təzyiqli qazandan istifadə etməklə toyuq resepti üzərində işini tamamlayıb.

Françayzinq və satış (1952–1971) Restoranını satdıqdan sonra Sanders öz resepti ilə françayzinq təklif etməyə başlayıb; ilk françayzinq müqaviləsi 1952-ci ildə imzalanıb. İlk iki ildə cəmi beş restoranla müqavilə bağlaya bilsə də, 1964-cü ilə qədər ABŞ və Kanadada şəbəkənin 600-dən çox françayzinq restoranı var idi. 1964-cü ildə Sanders şirkətin böyük hissəsini Con Braun və Cek Masseyə 2 milyon dollar, ömürlük illik 40 min dollar maaş və direktorlar şurasında yer müqabilində satıb. 1971-ci ildə 3500 françayzinq restoranı və illik 700 milyon dollar dövriyyəsi olan şirkəti "Heublein Corporation" satın alıb. Sanders ömrünün sonuna qədər şirkətin rəsmi təmsilçisi kimi reklamlarda çəkilib; onun ağ kostyumu, ağ saqqalı və qara qalstuku dünyada brendin simvoluna çevrilib.

PepsiCo və Yum! Brands 1986-cı ildə KFC "PepsiCo" şirkətinin restoran bölməsinə daxil olub, 1991-ci ildə isə şəbəkə rəsmi olaraq "KFC" qısa adını qəbul edib. 1997-ci ildə "PepsiCo" restoran biznesini ayırdıqdan sonra KFC, Taco Bell və Pizza Hut ilə birlikdə Tricon Global Restaurants (sonradan Yum! Brands) şirkətinin tərkibinə keçib.

2023-cü il aprelin 17-də Yum! Brands Rusiyadakı KFC biznesini restoranlar, idarəetmə sistemi və "Rostik's" brendi ilə birlikdə yerli "Smart Service" şirkətinə sataraq Rusiya bazarından çıxışı başa çatdırıb; restoranların "Rostik's" adı ilə yenidən brendləşdirilməsi nəzərdə tutulub.

Fəaliyyəti KFC restoranları qızardılmış və qızardılmamış toyuq məhsulları — sendviçlər, toyuq zolaqları, sümüklü toyuq və digər məhsullar təklif edir. 2025-ci ildə KFC şəbəkəsi üzrə ümumi satışlar 36,4 milyard ABŞ dolları, KFC bölməsinin gəliri isə 3,5 milyard dollar təşkil edib. KFC bölməsinin baş ofisi Texas ştatının Plano şəhərində yerləşir; bölməyə 2025-ci ilin martından Skott Mezvinski rəhbərlik edir.

Afrikada McDonald's az təmsil olunduğu üçün "Sagaci Research" şirkəti qitə ölkələrində valyutaları müqayisə etmək üçün KFC-nin toyuq səbətinin qiymətinə əsaslanan "KFC indeksi" hazırlayıb (bax: Biq Mak İndeksi).

Azərbaycanda Azərbaycanda KFC restoranlarını "Optima Group Co." şirkəti idarə edir. Şirkətin məlumatına görə, 2012-ci ildə Bakıda dünyanın ən böyük KFC restoranı açılıb. Bakının Nəsimi rayonunda, "28 May" metrostansiyasının yaxınlığında tarixi binada yerləşən bu restoranın açılışı sosial şəbəkələrdə narazılıqla qarşılanmışdı; restoran 2017-ci ilin mayında həmin binadakı fəaliyyətini dayandıraraq başqa ünvana köçüb. 2025-ci ilin iyununda Bakının Bayıl qəsəbəsində şəbəkənin Azərbaycandakı 36-cı restoranı açılıb.

Həmçinin bax McDonald's Biq Mak İndeksi

İstinadlar

Xarici keçidlər KFC — rəsmi qlobal sayt KFC Azərbaycan — rəsmi sayt

Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:1930-cu ildə yarananlar Kateqoriya:Baş qərargahı ABŞ-də yerləşən transmilli korporasiyalar Kateqoriya:ABŞ korporativlərinin törəmə şirkətləri