Siyaku kənd məscidi — Astara rayonunun Siyaku kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Siyaku kənd məscidi 1905-ci ildə Siyaku kəndində tikilib. Məscid kənd sakini Şeyx Məhəmmədin təşəbbüsü ilə tikilib. Şeyx Məhəmməd Misirdə, Mədinədə, İstanbulda təhsil alıb və məsciddə dini dərsləri təşkil edib. Sovet işğalına qədər məscidin həyətində mədrəsə fəaliyyət göstərib. Sonrakı illərdə məscidin təmirinə Hacı Zeynalabdin Tağıyev dəstək olub.
Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Siyaku kənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və 1987-ci ilə qədər məscidin binasından anbar kimi istifadə olunub. 1987-ci ildə kənd camaatının vəsaiti hesabına məsciddə təmir bərpa işləri aparılıb və 1989-cu ildə yenidən dindarların istifadəsinə verilib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Siyaku kənd məscidi dini icması fəaliyyət göstərir.
Memarlığı Məscidin binası düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Tutumu 240 nəfər olan məscidin tavanı üç taxta sütun üzərində dayanıb. Bir giriş qapısı və yeddi pəncərəsi var. Mehrabın hündürlüyü 3 metrdir. Minbər taxtadan düzəldilib və üçpilləlidir. Günbəz dördgüşəlidir və üstü kirəmitlə örtülüb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Astara rayonunun məscidləri