Qımqımılar — xalq nəğməsi. Bayatıya bənzər qımqımılar heç bir ölçüyə, vəznə və formaya tabe olmayan yığcam məzmunlu el deyimləri, könül pıçıltılarıdır Əhməd İsayev Azərbaycanın folklor paytaxtı. Azərbaycan.- 2010.- 20 iyun-s.4. https://anl.az/down/meqale/azerbaycan/2010/iyun/125161.htm

Qımqımılar həm qəm, həm də dəm üstə oxunur. Bu folklor örnəklərinin qəm qanadı xüsusilə üstünlük təşkil edir.Qımqımılar həcmcə kiçik olsa da burada rastlanan nəzm parçaları, hiss-həyəcan, insani duyğular çox qüvvətlidir. Hər bir qımqımı onun müəllifinin şəxsi dərdini, ya da sevincini özündə əks etdirirTacir Qurbanov. Ağbaba qımqımıları.Bakı—2023| https://www.researchgate.net/publication/370954241_Tacir_Semimi_-_Agbaba_qimqimilari.

Professor İ.Abbaslı yazırdı: "Azərbaycan şifahi xalq ədəbiyyatı xalqa məxsus müsbət keyfiyyətləri, məziyyətləri özündə toplamışdır" İ.Abbaslı. Folklorşünaslıq axtarışları. II cild. Bakı: Nurlan, 2010.

Qımqımılar onu deyənlərin, yəni müəlliflərin şəxsi dərd-sərini, sevincini əhatə etdiyindən, eyni zamanda xəlvəti bir guşədə söyləndiyindən bu folklor örnəklərini toplayıb yazıya almaq nisbətən çətindir. Qımqımıları motivlərinə görə təxminən iki yerə bölmək olar: qəm və dəm qımqımıları.

Qımqımılar xəlvət yerdə pəsdən avazla söylənilir. Əgər onu deyən dərdlidirsə onu dərd üstündə, yox, bunun əksidirsə, qımqımını dəm üstündə deyir. Hər bir qımqımının həcmi onun müəllifindən asılıdır. Qımqımı deyən adam onu beş-on kəlmə və ya daha çox söyləyə bilər .

Qımqımılarda nəzm parçaları olduğuna görə o bəhri-təhvil və Ağbaba qaravəllilərinə də oxşayır, sadəcə burada satira-yumor hissləri deyil, ya qəm, ya da dəm qüvvətli motivdə özünü biruzə verir. Qımqımılar adətən pəsdən və xəlvəti yerlərdə oxunur, cəmi bir neçə cümlədən ibarət olub, adsızdır. Maraqlıdır ki, dərdi əks etdirən qımqımılara daha çox rast gəlinir. Qımqımılardakı nəzm parçaları ana kitabımız "Kitabi-Dədə Qorqud" dastanlarındakı nəzm parçalarına çox oxşayır. Qımqımı barəsində daha aydın təsəvvür yaratmaq üçün bir qımqımıya diqqət yetirək: "Heş bilmirəm nələr oldu, dərd ürəyimi dələr oldu. Damın altında tək, yanımda da üç uşax, sən taleyin işinə bax! Nə səsin gəldi, nə sədan; ürəyimə düşəydi qadan. Nə səsin gəldi, nə sədan; ürəyimə düşəydi qadan. Bizi gözü yolda, qulağı səsdə qoydun. Çox həsrət çəhdim, göz yaşı töhdüm. Nə özün gəldin, nə sə¬dan gəldi, nə də ürəyim sənsiz dincəldi. Yana-yana, bu dərdi qana-qana yaşadım... Dərdi daşıdım... Əhməd deyəndə ürəyim qofdu, gözüm dörd oldu: yaqın gəlir dedim. Əmə nə gəldin, nə mana əl verdin, nə bu halımı gördün".

Burada müəllifin şəxsi dərdi öz əksini tapmışdır (Qımqımı Ağbaba bölgəsi, Təzə İbiş kənd sakini 80 yaşlı Xəstə Zərnişandan toplanmışdır.

Ağbaba qımqımıları Qımqımılar Ağbaba musiqi folklorunun maraqlı janrlarından biridir.Qımqımı deyənlər özlərinin adətən iç dünyalarına qapılır və avazla oxuduqları qımqımıların kiminsə eşitməsini istəmirdilər. Buna baxmayaraq qımqımılarda həsrət, qəm-kədər motivləri, səmimi hisslər çox qüvvətli verilir. Qımqımıların həcmi, motivi onun müəllifinin təbindən və istedadından asılı olaraq dəyişir, yəni cəmi bir neçə cümlədən xeyli həcmi olan qımqımılara qədər yaradılan folklor örnəkləri musiqi folklorunun olduqca az öyrənilən bir qolunu əks etdirir. İnformatorların məlumatlarından bəlli olur ki, qəm üstə yaradılan qımqımılar daha çox üstünlük təşkil edir. Bu da qımqımıların müəlliflərinin ağır durumları, dərd-sərləri, çətin həyat şəraitləri ilə sıx bağlıdır. Burada həm el-obanın vəziyyəti, yəni Ağbaba-Çıldır, Ağbaba-Qars münasibətləri, bu ellər arasındakı ayrılıq, doğma bağların qırılması kimi düşüncələr də əks olunmaqdadır. Qımqımılar həcmcə kiçik olsa da maraqlı folklor örnəkləri kimi diqqəti çəkir. Bu folklor örnəklərindəki poetik parçalarla "Kitabi-Dədə Qorqud" dastanlarındakı nəzm parçaları arasında bir paralellik mövcuddur. Bu, qımqımıların nisbətən qədimlərdə yarandığını göstərməkdədir. Haqqında söz açdığımız folklor örnəklərində Ağbaba-Çıldır, Ağbaba-Qars həsrətinin, bu ellərin ayrı düşməsi, əlaqələrin itməsi kimi hiss və düşüncələr əslində xalq yaddaşının, milli düşüncənin mühafizəsi ilə əlaqəli olub, bir daha keçmiş Qars vilayətinin sərhədlərinin folklorda saxlandığını göstərməkdədir.

İstinadlar

Ədəbiyyat

İ.Abbaslı. Ön söz. Folklor çələngi (XVII-XIX əsrlər əlyazmalarından seçmələr). Bakı: Nurlan, 2008 İ.Abbaslı. Folklorşünaslıq axtarışları. II cild. Bakı: Nurlan, 2010 Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988

Xarici keçidlər İncə Dərəsi: Qımqımılar və Aşıq Şaiq Musiqisi

Kateqoriya:Şifahi xalq ədəbiyyatının janrları Kateqoriya:Folklor janrları Kateqoriya:Folklor musiqisi Kateqoriya:Xalq musiqisi Kateqoriya:Aşıq ədəbiyyatı