Son məhkəmə — İtaliyanın Florensiya şəhərində yerləşən Santa-Mariya-del-Fiore kafedralının günbəz tavanında icra olunmuş monumental freska kompozisiyasıdır. Əsərin icrasına 1572-ci ildə İtaliya İntibahının görkəmli nümayəndəsi Corco Vazari tərəfindən başlanmış, onun vəfatından sonra 1579-cu ildə əsər, Federiko Zukkari tərəfindən tamamlanmışdır.

Freska ilkin olaraq Böyük Hersoq I Kozimo de Mediçi tərəfindən sifariş edilmişdir və kafedralın günbəzinin daxili səthində yerləşir. Əsər 1989–1994-cü illər arasında həyata keçirilmiş genişmiqyaslı bərpa işlərinin predmetinə çevrilmişdir.

Tarixi

Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafedralının günbəzinin tikintisi başa çatmağa yaxınlaşdıqca onun daxili səthinin bəzədilməsi məsələsi ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərdən birinə görə, günbəz tamburunun dairəvi pəncərələrindən və fənər hissəsindən daxil olan işıqdan maksimum istifadə etmək məqsədilə tavan mozaika ilə örtülməli idi. Lakin həmin dövrdə mozaika texnikası üzrə kifayət qədər təcrübənin olmaması və işin olduqca bahalı hesab edilməsi bu ideyanın həyata keçirilməsini çətinləşdirirdi. Bundan əlavə, mozaikanın çəkisinin günbəz konstruksiyasına mümkün təsiri ilə bağlı narahatlıqlar mövcud idi; halbuki günbəzin ümumi kütləsi nəzərə alındıqda bu məsələ bu gün o qədər də əhəmiyyətli görünmür. Günbəzin memarı Filippo Brunelleski tavanın qızıl ilə örtülməsini təklif etmişdi, lakin onun 1446-cı ilin aprelində vəfatı bu təşəbbüsün reallaşmasına mane oldu. Nəticədə tavan sadəcə ağ rənglə suvaqlandı.

Günbəz uzun müddət bəzəksiz qaldı. Nəhayət, Trident kilsə məclisi və onun doğurduğu Əksreformasiya prosesinə cavab olaraq, Böyük Hersoq I Kozimo de’ Mediçi 1568-ci ildə tavanın bəzədilməsini sifariş etmək qərarı verdi. Bu təşəbbüs yalnız onun xristian hökmdar və Florensiyada dini incəsənətin himayədarı kimi rolunu nümayiş etdirməyə deyil, həm də yeni dini nizam və papalığa dəstəyini göstərməyə xidmət edirdi. Kozimo bu işi saray rəssamı Corco Vazariyə və onun ədəbi-teoloji müşaviri, benediktin ruhani Vinçenzo Borginiyə həvalə etdi. Böyük ehtimalla Sikstin kapellasının tavanında Mikelancelonun yaratdığı əsərdən ilhamlanan Vazari mövzu kimi “Son məhkəmə” səhnəsini təklif etdi. Layihə üzrə Vazari ilə Borgini, eləcə də tanınmış humanist Kozimo Bartoli arasında geniş məsləhətləşmələr aparılmışdır.

Borgininin yekun ikonografik layihəsi Vəhy kitabı və Dante Aligyerinin "İlahi Komediya" əsərindən ilhamlanaraq günbəz tağının səthinin konsentrik dairələr şəklində təsvir olunmasını nəzərdə tuturdu. Yuxarı hissələrdə Məsih, Məryəm və mələklərin təqdim edilməsi insan ruhunun göylərə doğru yüksəlişini və xilası simvolizə etməli idi. Ən aşağı dairə isə insanın yeraltı aləmin dəhşətlərinə enişini göstərmək məqsədilə əbədi əzab səhnələri ilə doldurulmalı idi. Bu konsepsiyaya uyğun olaraq, Vazari, Borgininin məsləhətləri ilə layihənin vizual təsvirini hazırlamaq üçün çoxsaylı eskizlər işləyib hazırlamışdır.

Vazari işlərə 1572-ci ildə başlamışdır. Brunelleski əvvəlcədən günbəzin daxili səthinə çıxışın zəruri olacağını nəzərə alaraq, üzərindən asma qurğuların qurula bilməsi üçün dəmir halqalar quraşdırmışdı. Bundan başqa, daxili örtükdə rəssamın asılmış platformalara keçə bilməsi üçün kiçik pəncərələr də mövcud idi.

Bolonyalı rəssam Lorenzo Sabbatininin köməyinə baxmayaraq, Vazari 1574-cü ilin iyununda vəfat edənədək yalnız ən yuxarı səviyyədə yerləşən “Qiyamətin 24 Ağsaqqalı” səhnəsini və onun altındakı zonanın üç hissəsini tamamlayabilmişdi. Kozimo isə ondan iki ay əvvəl vəfat etmişdi. Onun varisi I Françesko de’ Mediçi layihəni davam etdirmək qərarı verərək işi Federiko Zukkariyə həvalə etdi və ona freska texnikasına riayət etməyi, həmçinin günbəzin yuxarı dörd seqmenti üzrə Vazari rəsmlərini, Cəhənnəm səhnələri üçün eskizlərini və ümumi üslubunu qorumağı tapşırdı. Zukkari ilə Santa-Mariya-del-Fiore Operası arasında rəsmi müqavilə 1575-ci ilin noyabrında imzalanmış, beləliklə rəssam, 30 avqust 1576-cı ildə işə başlamışdır. Bu işdə ona Bartolomeo Karduççi, Domeniko Passinyano və Romada Zukkari ilə əməkdaşlıq etmiş Stefano Piyeri kimi rəssamlar kömək etmişlər.

Bu vaxta qədər tamamlanmış hissələr Vazariyə xas olan “mühafizəkar” ənənəvi Toskana üslubunu əks etdirirdi; bu üslub zərif harmoniya, incə rəng keçidləri və fiqurların qüsursuz təsviri ilə səciyyələnirdi.< Bu, müqavilənin qoyduğu məhdudiyyətlərə baxmayaraq belə idi. Florensiya mədəniyyəti və zövqünə yad olan Zukkari isə personajların bədən quruluşunu, geyimlərini və rəng palitrasını dəyişdirməklə öz üslub dilini tətbiq etməyə cəhd göstərmişdi.

Vazarinin üslubuna xas olan incə detallar kafedralın döşəməsindən seçilməkdə çətin olduğuna görə, Zukkari teatr dekorasiyaları yaratmaq təcrübəsinə və Roma rəssamlarının üsullarına müraciət etmişdi. Nəticədə icra keyfiyyəti yüksək olmasa da, ümumi kompozisiya möhtəşəm təsir bağışlayan bir əsər meydana çıxmışdır. Bu yanaşma ona, layihəni üç il ərzində başa çatdırmağa imkan vermişdir ki, bu da belə böyük miqyaslı sifariş üçün nisbətən sürətli hesab olunur.

Zukkari layihənin tamamlanmasını qeyd etmək üçün xatirə medalı sifariş etmişdir (hazırda Barcello muzeyində saxlanılır). Əsər 1579-cu ilin avqustunda təqdim edildikdə florensiyalılar nəticədən narazı qaldılar və səslənən kəskin tənqidlər Zukkarinin nüfuzuna və gələcək sifarişlərinə ciddi təsir göstərdi. XVI əsr müəllifi Antonio Françesko Qrazzini freskaları yumoristik şəkildə satirikləşdirmişdir (burada “Giorgin” adı Vazariyə işarə edir):

Sonralar XX əsr italyan sənətşünası Karlo Ludoviko Raqqianti Brunelleskinin memarlıq formalarının saflığını daha aydın vurğulamaq məqsədilə bütün günbəzin ağ rənglə örtülməsini təklif etmişdir.

Müzakirələr uzun müddət davam etmiş və nəhayət, 1981-ci ildə freskaların bərpasına qərar verilmişdir.

Restavrasiyası

Bərpaçıların günbəzin daxili səthinə çıxışını təmin etmək məqsədilə 1979-cu ildə kafedralın daxilində 16 konsentrik qatlı iskələ qurulmuşdur. Lakin faktiki bərpa işlərinə 1989-cu ilin yanvarında başlanılana qədər daha on il ərzində araşdırma və hazırlıq mərhələləri aparılmış, həmçinin müxtəlif gecikmələr baş vermişdir. Kristina Açi­dininin rəhbərliyi altında həyata keçirilən bərpa prosesi rəsmi olaraq 1994-cü ilin yanvarında başa çatmış, iskələlərin tam sökülməsi isə yalnız 1995-ci ilin sonunda mümkün olmuşdur. Yer səviyyəsindən bərpa zonalarına qədər çıxışı təmin etmək üçün 60 metr hündürlüyündə lift quraşdırılmışdı. Layihənin təxmini dəyəri 25 milyon ABŞ dolları təşkil edirdi.

Freskaların yaradılması zamanı Vazari “əsl freska” () üsulundan istifadə etmişdir; bu üsulda piqmentlər bağlayıcı maddə tətbiq edilmədən birbaşa nəm əhəng əsaslı suvağa çəkilir. O, bu texnikanı ən güclü, ən etibarlı və ən davamlı hesab edirdi. Bununla belə, bu metod icrası ən mürəkkəb və vaxt aparan üsullardan biridir. Vaxt çatışmazlığı səbəbilə Zukkari əsasən in "secco" üsuluna müraciət etmiş, yəni boyanı zəif əhəng məhlulu ilə qurumuş suvağın üzərinə tətbiq etmişdir. Vazari bu metodu davamlı saymırdı və bərpa zamanı onun fikri təsdiqlənmişdir: Vazariyə aid freskalar demək olar ki, bütöv qalmış və rənglər suvağa yaxşı inteqrasiya olunmuş halda qorunmuş, Zukkariyə aid hissələr isə əhəmiyyətli dərəcədə rəng itirmiş və bəzi yerlərdə divardan ayrılmışdı.

Əsərə əsas zərər kilsə fəaliyyətləri nəticəsində yuxarı qalxan tüstünün topladığı toz və çirklənmə qatlarından yaranmışdır. Buna görə freskalar əsasən deionizə olunmuş su ilə təmizlənmişdir; su yapon kağızı üzərindən ağac unu kompresi vasitəsilə tətbiq edilirdi. Daha həssas sahələrdə yalnız kağız və su istifadə olunmuşdur. Kompres 20 dəqiqə saxlanıldıqdan sonra götürülür, çirk pambıq tamponla diqqətlə təmizlənirdi. Zukkariyə aid rəng qatının divardan bərpa edilməsi mümkünsüz şəkildə ayrıldığı yerlərdə isə bərpaçılar onları akril qatranlar vasitəsilə yenidən bərkitməli olmuşlar.

Sənədləşdirmə

Bərpa işləri zamanı “Son məhkəmə” təsvirinin xüsusi hazırlanmış avadanlıq vasitəsilə foto-silsiləsi yaradılmış və toplanmış məlumatlar kataloq şəklində sistemləşdirilmişdir. Bərpa prosesi ilə bağlı bütün məlumatlar, həmçinin freskaların rekonstruksiya edilmiş təsvirləri "Thesaurus Florentinus" adlı kompüter sistemində saxlanılmış və idarə olunmuşdur.As referenced in "Cupola di Santa Maria del Fiore: il cantiere di restauro 1980–1995" by Cristina Acidini Luchinat and Riccardo Dalla Negra published by Istituto Poligrafico e Zecca dello Stato (Roma) in 1995 ()Thesaurus Florentinus project page (in Italian) , Soprintendenza ai Beni Architettonici e Paesaggisitici di Firenze, Ministero dei Beni Culturali

Təsviri və bədii xüsusiyyətləri 270px|thumb|left|Federiko Zukkari tərəfindən günbəzin aşağı hissəsində işlənmiş İblis təsviri. İnqilabi texnologiyaların tətbiqi ilə inşa edilməsinə baxmayaraq, Santa-Mariya-del-Fiore kafedralının günbəzində səkkizguşəli formanın inkişafında mühüm rol oynamış San-Covanni vəftizxanasının günbəzinin təsiri hiss olunmaqdadır. İlkin olaraq Santa-Mariya-del-Fiore kafedralınn günbəzinin daha bir elementinin San-Covanni vəftizxanasının günbəzinə oxşar olması planlaşdırılmış, günbəzin daxilinin mozaikalarla örtülməsi planlaşdırılmışdı. Brunelleski mozaikaçı sənətkarların hündürlükdə işləyə bilməsi üçün inşaat zamanı xüsusi qurğular da yaratmışdı.

Lakin, həmin dövrdə mozaika texnikası nadir hallarda istifadə olunur və olduqca bahalı hesab edilirdi. Bundan başqa mozaikanın günbəzə yığılması üçün müvafiq əsas hazırlanmalı idi ki, bu da günbəzin çəkisini daha da ağırlaşdıra bilərdi; müasir dövrdə günbəzin nəhəng çəkisi (25.000 ton) və onun qarşılıq gücü nəzərə alındıqda mozaikaların çəkisi əhəmiyyətsiz görünsə də, həmin dövrdə mozaika layihəsindən freskaların xeyrinə imtina edilməsində bu səbəb ikinci rol oynamışdır.

Günbəzin interyerinin bəzədilməsinə daş işlərinin tamamlanmasından yüz il sonra, 1572-ci ildə başlanılmışdır. Böyük hersoq I Kozimo de Mediçi nəhəng qübbənin bəzədilməsi üçün Böyük məhkəmə mövzusunu seçir. Bu işin icra edilməsi Corco Vazariyə, ikonoqrafik mövzunun işlənməsi isə Don Vinçenzo Borqiniyə həvalə edilir. Vazarinin ölümü zamanı fənəri əhatə edən dairənin rəsmləri çəkilmişdi. Daha sonra onu Federiko Zukkari Vazarini əvəz edərək freskalar üzərində işləməyə başlayır. Bir neçə il sonra Zukkari tempera ilə işlədiyi və dünyanın ən böyük divar rəsmlərindən biri olan, manyerizmin şah əsərlərindən biri kimi qiymətləndirilən freskalar silsiləsini tamamlayır; əsərin çəkilməsi zamanı Zukkariyə Domeniko Kresti də daxil olmaqla bir neçə rəssam kömək etmişdir.

Freskalar silsiləsinin məzmunu Trident kilsə məclisi tərəfindən yenidən baxılmış katolik doktrinasını əks etdirir. Buna görə də günbəz altı registr və səkkiz seqmentə bölünmüşdür. Hər bir seqment süni fənərdən başlayaraq yuxarıdan aşağı uzanır və 24 qədim Apokalipsis (hər seqmentdə üç ədəd olmaqla) və dörd səhnə ilə əhatələnmişdir:

Əzab alətləri ilə mələklər xoru (ikinci registr); Müqəddəslər və seçilmişlər (üçüncü registr); Müqəddəs Ruhun vergisi, yeddi xoş əməl və yeddi zövqün şəxsləndirilmiş təsvirləri; Cəhənnəm hissəsində Əsas günah rəhbərlik edir.

Mərkəzi nefin qarşısında duran şərq hissəsində Madonna və Vəftizçi İohannala əhatə olunmuş Məsihə yer açmaq üçün dörd yox üç registr vardır. Onların üstündə üç ilahi göstəriş (İnam, Ümid və Mərhəmət), onlardan sonra zaman fiqurları (qum saatı personajı, itəbiət və ilin fəsillərini ifadə edən iki uşaq) və triumfal kilsə vardır. Seçilmişlər arasında rəssam müasir personajların geniş qalereyasını yaratmışdır ki, onların da arasında Mediçi messenatları, imperatorlar, Fransa kralları, Vazari, Borgini, Camboloni və başqa rəssamlar yer almışlar. Freskalar silsiləsi 1579-cu ildə tamamlanmışdır.