Maritsa Strnad Tsizerli (; ) — Sloveniyalı yazıçı, şair, feminist və ictimai xadim. Həyatı Maritsa Strnad Tsizerli 1887-1891-ci illər arasında Lyublyanada müəllimlər seminariyasında təhsil alıb. Daha sonra Şentyurda qızlar məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Orada 1895-ci ilə qədər qalıb, sonra Kremberqdəki xalq məktəbinə, 1897-ci ildə isə Slovenske Qoritse bölgəsindəki Sveti Yakob (indiki Spodnji Yakobski Dol) məktəbinə təyin edilib.
O, burada həmin il xidmətə başlayan keşiş köməkçisi Aloyiz Tsizerli ilə tanış olub. Onlar cəmiyyət tərəfindən qəbul edilməyən münasibət qurublar. Bu səbəbdən Paris üzərindən Rusiyaya qaçmalı olublar. Orada pravoslavlığı qəbul edərək evləniblər. Onlar Kişinyovda yerli alman gimnaziyasında müəllim kimi işə düzəliblər.
Bir neçə ildən sonra Aloyiz vətən həsrəti səbəbindən ailəsini tərk edib və 1905-ci ildə Halozedə olan mülkünə gedib. Onun 1911-ci ildəki ölümündən sonra mülk Maritsaya keçib, o isə 1915-ci ildə bu mülkü hələ yetkinlik yaşına çatmayan oğluna bağışlayıb. Maritsa Rusiyadan 1920-ci ildə geri dönüb. Təqaüdə çıxana qədər Sveti Barbara yaxınlığındakı ibtidai məktəbdə müəllim işləyib.
Təqaüdə çıxdıqdan sonra həmkarı, professor Ervini Ropasova ilə birlikdə Maribora köçüb və orada birgə təsərrüfatda yaşayıblar. Lakin İkinci Dünya müharibəsinin başlaması və Mariborun alman işğalına uğramasından sonra o, oğlunun Halozedəki mülkünə köçüb. 1945-ci ildə Novo Mestoya köçüb, 1949-cu ildə oğlunun vəfatından sonra səhhəti pisləşməyə başlayıb və 1953-cü ildə orada vəfat edib.
Yaradıcılığı Maritsa hələ müəllimlər seminariyasında oxuyarkən şeir yazmağa başlayıb. Əsərlərini "Ljubljanski zvon", "Vesna", "Slovenski narod", "Slovanski svet", "Slovenka" və "Slovenska gospodinja" kimi nəşrlərdə dərc etdirib. Yazılarında Alençica, Alenka, Breda, Danica, Marica II, Şmarska və Karandaş kimi bir çox təxəllüslərdən istifadə edib. 1927-ci ildə onun "Rdeči nageljčki" (Qırmızı qərənfillər) adlı ilk şeirlər toplusu işıq üzü görüb.
İlk ədəbi-tənqidi məqalələrini 1893-cü ildə "Popotnik" jurnalında dərc etdirməyə başlayıb, 1895-ci ildən sonra isə aktivist yazılarına start verib. O, müəllimlik peşəsində qadınların bərabərhüquqluluğu uğrunda mübarizə aparıb.
Bundan əlavə, nikah məsələlərində milli mövqe nümayiş etdirib. Maritsa milli nikahlar tərəfdarı olub, sloven kişilərin sloven qadınlarla ailə qurmasını təbliğ edirdi. O, həmçinin qadınların bərabərliyə nail olmasına kömək edəcək qadın cəmiyyətlərinin yaradılmasına çağırışlar müəllifidir.
İstinadlar