Çernobıl AES-nin sarkoqafına hücum — 14 fevral 2025-ci il tarixində gecə saatlarında Rusiyaya məxsus "HESA Shahed 136" pilotsuz uçuş aparatı vasitəsilə Çernobıl AES-in 4-cü enerji blokunun yeni mühafizə qurğusuna endirilmiş zərbə. Hadisə ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna Prezidenti]] Volodimir Zelenski ilə görüşməli olduğu Münxen Təhlükəsizlik Konfransı ərəfəsində baş vermişdir. Hücumdan bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə apardığı və "olduqca məhsuldar" olaraq xarakterizə etdiyi söhbətdən sonra mümkün sülh danışıqları barədə bəyanat vermişdir.

Hücum nəticəsində tikiliyə ciddi ziyan dəymişdir. Bunun aradan qaldırılması uzunmüddətli və yüksək xərclə tənzimlənən təmir işləri tələb etməkdədir. Həmçinin, radioaktiv materiallarla bağlı nəzərdə tutulan iş planı pozulmuşdur.

Hücum Saat 01:50-də Çernobıl AES-də fəaliyyət göstərən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) missiyasının nümayəndələri 1986-cı il qəzası nəticəsində dağılmış 4-cü enerji blokunu örtən köhnə sığınacağın üzərindəki yeni təhlükəsiz mühafizə qurğusunun damında partlayış və yanğın əlamətləri qeydə almışlar. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə partlayış barədə məlumat saat 02:08-də daxil olmuş, bundan sonra birbaşa stansiyada növbə çəkən xilasedicilər, eləcə də Çernobıl, Kiyev və Kiyev vilayətinin yanğından mühafizə hissələrinin qrupları hadisə yerinə yönləndirilmişdir.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, zərbə fuqas döyüş başlığına malik "Geran-2" ("HESA Shahed 136") zərbə pilotsuz aparatı ilə endirilmişdir. Pilotsuz aparat texniki xidmət qarajının damını deşərək obyektin daxilində partlamışdır. Yanğınsöndürənlər bir neçə nöqtədə yaranan yanğını operativ şəkildə söndürmüşdülər, lakin yüksəklikdə çalışan mütəxəssislər daxili közərmə ocaqlarını tamamilə aradan qaldırmaq üçün konstruksiyanın damının bir hissəsini demontaj etmək məcburiyyətində qalmışdılar.

AEBA-nın verdiyi məlumata görə, pilotsuz aparat konfaynment arkasının xarici və daxili üzlüklərini deşərək təxminən 6 metr ölçüsündə dəlik açmışdır. Avadanlıqların bir hissəsi və kabellər zədələnmişdir, lakin daşıyıcı konstruksiyalara ziyan dəyməmişdir. AEBA ekspertlərinə zərbənin endirildiyi yerə maneəsiz giriş imkanı yaradılmışdır.

Hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmamışdır. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, partlayışdan sonra radiasiya fonu normadan artıq olmamış və 0,57 mkZv/saat təşkil etmişdir.

Yanğın Üç həftə ərzində mühafizə qurğusunun daxilindəki suya davamlı membranın yanması və közərməsi davam etmişdir. Zərbə nəticəsində yaranan yanğının tamamilə söndürüldüyü barədə rəsmi məlumat 2025-ci il 7 mart tarixində verilmişdir. Rəsmi bəyanata əsasən, həmin vaxta qədər mühafizə qurğusunun şimal bölməsinin təxminən yarısı zədələnmişdir. AEBA-nin məlumatına görə, yanğın qurğunun damının şimal hissəsində genişmiqyaslı, cənub hissəsində isə "daha kiçik miqyasda" zədələnmələrə səbəb olmuşdur. Yanğını söndürmək üçün xilasedicilər mühafizə qurğusunun xarici qatında dəliklər açmaq və korroziyanın qarşısını almaq üçün normal şəraitdə quru qalmalı olan struktur hissələrinə su vurmaq məcburiyyətində qalmışdılar.

Nəticələri thumb|Dron partlaması nəticəsində yaranan dəlik.

Yanğın mühafizə qurğusunun polad konstruksiyalarında korroziya riskinin yaranmasına və köhnə sarkofaqın dağılmasının davam etməsinə səbəb olmuşdur. 2025-ci ilin mart ayına olan məlumata görə, Ukrayna tərəfi və AEBA xarici mühitdə radiasiya fonunun norma daxilində qaldığını bildirmişdir.

"Greenpeace" təşkilatı mühafizə qurğusunun artıq layihəyə uyğun fəaliyyət göstərə bilməyəcəyini və reaktorla bağlı nəzərdə tutulan iş planlarının əhəmiyyətli dərəcədə pozulduğunu bəyan etmişdir. "Greenpeace Ukraine" təşkilatının atom energetikası üzrə ekspertinin fikrinə görə, təmir işləri üçün mühafizə qurğusunun yəqin ki, sökülməsi, hissələrə ayrılması və yenisi ilə əvəzlənməsi tələb olunacaqdır. AEBA-dan bildirilmişdir ki, qurğunun fəaliyyəti pozulmuşdur və onun bərpası "böyük xərclər" tələb edəcəkdir. Mühafizə qurğusunun istismarı şöbəsinin rəisi Artem Sirı tikilinin ilkin vəziyyətinə qaytarılmasının qeyri-mümkün olduğunu, qismən bərpa işlərinin isə "yüz milyonlarla dollara" başa gələ biləcəyini qeyd etmişdir.

Reaksiyalar Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə obyektini məhz Münhen Təhlükəsizlik Konfransının başladığı gün məqsədyönlü şəkildə hədəf aldığını bəyan etmişdir.

Ukrayna Baş naziri Denis Şmıqal bu hücumu terror aktı adlandırmış və dünya ölkələrini Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırmışdır.

Rusiya tərəfi Çernobıla edilən hücumla bağlı bütün ittihamları rədd edərək, ölkə hərbçilərinin Ukraynanın nüvə infrastrukturuna zərbələr endirmədiyini və bu barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdir. Kreml administrasiyasının mətbuat katibi Dmitri Peskov cümə günü Moskvada keçirilən mətbuat konfransında çıxış edərək, Kiyevin ABŞ–Rusiya təmaslarının perspektivlərinə mane olmaq məqsədilə bu hadisəni səhnələşdirdiyini iddia etmişdir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verilən ittihamların Ukraynanın dünya arenasında Rusiyanın mövqelərini zəiflətməyə yönəlmiş genişmiqyaslı səylərinin bir hissəsi olduğunu vurğulamışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2025-ci ildə hava zərbələri Kateqoriya:Çernobıl təcrid zonası Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)