Əli Kərimov və ya Əli Kərimzadə () — azərbaycanlı jurnalist, Cümhuriyyət tələbəsi, Azərbaycan SSR dövlət xadimi, repressiya qurbanı.

Balaxanı ibtidai rus-türk məktəbində və Bakı II Kişi Gimnaziyasında təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Türkiyədə İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsində təhsil alıb.

Bakıya qayıtdıqdan sonra 1921–1922-ci illərdə "Zəhmət", 1922–1923-cü illərdə "Bakinski raboçi", 1923–1928-ci illərdə isə AK(b)P-nin orqanı olan türkcə "Kommunist" qəzetində işləyib. 1929–1930-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru, 1931–1935-ci illərdə Şaumyan adına İnstitutda "Lenin əsərlərinin tərcüməsi şöbəsi"nin müdiri, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru, 1933–1934-cü illərdə Azərbaycan Dövlət Opera Teatrının direktoru, 1935–1936-cı illərdə ASSR Xalq Maarif Komissarlığında İncəsənət İdarəsinin rəisi, 1937-ci ildə isə Azərbaycan Türk Dram İşçi Teatrının direktoru vəzifələrində çalışıb.

1926-cı ildə Azərbaycan Kommunist Partiyasına üzv olub. AK(b)P-nın Bakı Şəhər Komitəsinin üzvü kimi 1924–1925 və 1931–1934-cü illərdə Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinin üzvü, 1929–1931 və 1931–1934-cü illərdə isə AK(b)P-nin Mərkəzi İcraiyyə Komitəsinə üzvlüyə namizəd seçilib.

Azərbaycanda Stalin repressiyaları dövründə 1937-ci ildə həbs olunub. İstintaq müddətidə 33 dəfə dindirilib. 1937-ci il oktyabrın 1-də "əks-inqilabi, trotskiçi, qızğın millətçi və xalq düşməni" kimi AK(b)P-dən çıxarılıb. 1937-ci il oktyabrın 12-də əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib.

Həyatı

İlk illəri 200px|thumb|left|Azərbaycan Mətbuat İttifaqının üzvləri. Soldan sağa ön cərgə 1-ci Əli Kərimov, 3-cü Məhəmmədəli Sidqi. Arxa cərgə 3-cü Hənəfi Zeynallı, 6-cı Abdulla Şərifzadə. Əli Məşədi Xaspulat oğlu Kərimov 1902-ci ilin fevral ayında Balaxanıda anadan olub. Balaxanı ibtidai rus-türk məktəbində təhsil alıb. 1917-ci ildə Bakıda keçirilmiş Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Əli Kərimov 1918-ci ilin noyabrından 1919-cu ilin mayınadək Bakı II Kişi Gimnaziyasında təhsil alıb. 1919-cu ilin mayından oktyabrınadək Azərbaycan Cümhuriyyəti Ordusunda, II Quba alayında xidmət edib.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.

Əli Kərimov da xaricdə ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Əli Kərimov Türkiyədə İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsində ali təhsil almağa başlayıb. Aprel işğalından sonra təhsilini yarımçıq qoyaraq, 1920-ci il avqustun 3-də Bakıya qayıdıb.

SSRİ-də Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin tarix və ədəbiyyat fakültəsinə daxil olub. 1920-ci ilin avqustundan 1923-cü ilin sentyabrınadək "Azərbaycan Yığma Qırmızı Komandir Heyəti Məktəbi"ndə müəllim işləyib. 1921–1922-ci illərdə "Zəhmət" qəzetində tərcüməçi kimi fəaliyyət göstərib. Qəzet bağlandıqdan sonra 1922–1923-cü illərdə "Bakınski raboçi" qəzetində şöbə müdiri işləyib. 1923-cü ildə AK(b)P-nin orqanı olan türkcə "Kommunist" qəzetində işləməyə başlayıb. 1924-cü ildə universitetin 4-cü kursunda təhsilini yarımçıq qoyub. 1925-ci il martın 1-dən 1926-cı il fevralın 25-ə qədər "Kommunist" qəzetinin Tehrandakı müxbiri olub. 1928-ci ilə qədər bu qəzetdə işləyib. 220x220px|thumb|Əli Kərimov həbsdə ikən.|left 1929–1930-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru, 1931–1935-ci illərdə Şaumyan adına İnstitutda "Lenin əsərlərinin tərcüməsi şöbəsi"nin müdiri, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru, 1933–1934-cü illərdə Azərbaycan Dövlət Opera Teatrının direktoru, 1935–1936-cı illərdə ASSR Xalq Maarif Komissarlığında İncəsənət İdarəsinin rəisi, 1937-ci ildə isə Azərbaycan Türk Dram İşçi Teatrının direktoru işləyib.

1926-cı ildə Azərbaycan Kommunist Partiyasına üzv olub. AK(b)P-nın Bakı Şəhər Komitəsinin üzvü kimi 1924–1925, 1931–1934-cü illərdə Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinin üzvü, 1929–1931, 1931–1934-cü illərdə isə AK(b)P-nın Mərkəzi İcraiyyə Komitəsinə üzvlüyə namizəd olub.

Azərbaycanda Stalin repressiyaları dövründə 1937-ci ildə həbs olunub. İstintaq işi 1937-ci il fevralın 8-dən oktyabrın 5-dək qədər davam edib. Bu müddət ərzində Əli Kərimov 33 dəfə dindirilib. Otuzuncu dindirilməsi 27 iyuldan 3 avqusta qədər davam edib. Onu əks-inqilabi təşkilata üzv olmaqda, millətçilikdə və müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə aparmaqda ittiham ediblər. Əvvəlcə işgəncələr altında bu ittihamları qəbul etsə də, daha sonra bu ifadələrindən 6 dəfə imtina edib. 1937-ci il oktyabrın 1-də "əks-inqilabi, trotskiçi, qızğın millətçi və xalq düşməni" kimi AK(b)P-dən çıxarılıb. 1937-ci il oktyabrın 12-də Matuleviç, Zıryanov, Jiqur və Kostyuşkonun iştirakı ilə qapalı məhkəmə iclası keçirilib. Məhkəmənin qərarı ilə Əli Kərimov əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum olunub. 1937-ci il oktyabrın 13-də Bakıda güllələnib.

1957-ci il iyunun 25-də barəsində irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilib və Əli Kərimov bəraət alıb.

Ailəsi Əli Kərimov Balaxanı sakinləri Məşədi Xaspulat Kərimovla Anaxanım Kərim qızının ailəsində anadan olub.

Əli Kərimov Yekaterina Moskvitina ilə ailə qurub. Bu evlilikdən övladı olmayıb.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qafqaz müsəlman şagirdlərinin birinci qurultayının iştirakçıları Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları