Yaşar Erkan () - Türkiyəli professional güləşçi. O, Yunan-Roma güləşi üzrə kişilər arasında yüngül çəki kateqoriyasında Türkiyə adına ilk Olimpiya qızıl medalını qazanan idmançıdır. Yaşar Erkan eyni zamanda Türkiyə tarixində Olimpiya çempionu olan ilk idmançı kimi tanınır.

Həyatı və Fəaliyyəti Yaşar Erkan yağlı güləşlə məşğul olan bir güləşçi ailəsində dünyaya gəlmişdir. O, 4 yaşında ikən ailəsi ilə birlikdə Ərzincan vilayətinin Refahiye rayonuna bağlı İspidi kəndindən İstanbula köçmüşdür. Güləşə Kumkapı Güləş Klubunda başlamış və burada yetişmişdir. Atası Ali Əfəndi də kəndin tanınmış güləşçilərindən biri olmuşdur. Yaşar Erkan 1933-cü ildə Türkiyə milli güləş yığmasına seçilmiş və həmin il Balkan çempionatının qalibi olmuşdur. O, 1934 və 1935-ci illərdə də bu titulu qorumuşdur. 1936-cı ildə isə Olimpiya Oyunlarında qızıl medal qazanan ilk türk idmançısı olmuşdur.

“Kiçiksən, amma ölkə üçün çox mühüm bir iş görmüsən. İndi adın Türkiyə idman tarixində əbədi olaraq qalacaq. Yaşa, Yaşar!” — bu sözlər Mustafa Kamal Atatürk tərəfindən Yaşar Erkana söylənmişdir. Daha sonra Atatürk tərəfindən Erkana bir ev hədiyyə edilmişdir. Onun əvvəlki soyadı “Naçar” (aciz, çarəsiz mənasında) idi və Atatürk tərəfindən “Erkan” (cəmiyyətin seçkin üzvü, öncüllərindən biri mənasında) olaraq dəyişdirilmişdir. Yaşar Erkan eyni zamanda dərzi kimi də fəaliyyət göstərmişdir. Yaşar Erkan 18 may 1986-cı ildə vəfat etmişdir. Onun məzarı İstanbulun Zeytinburnu rayonunda yerləşən Merkezefendi Qəbiristanlığındadır.

Mənbələr

Kateqoriya:Türkiyə Olimpiya güləşçiləri Kateqoriya:Güləş üzrə olimpiya çempionları