I Pyotr (; ) — 15 iyun 1903-cü ildən 1 dekabr 1918-ci ilə qədər Serbiya kralı olmuşdur. 1 dekabr 1918-ci ildə o, Serblər, xorvatlar və slovenlər krallığının kralı elan edildi və ölümünə qədər bu titulu daşıdı. O, Serbiyanın böyük hərbi uğurlar qazandığı dövrdə hakimiyyətdə olduğu üçün serblər tərəfindən “Azad edən kral Pyotr” və “Qoca kral” kimi xatırlanır.

Pyotr, Aleksandr Karacorceviç və onun həyat yoldaşı Persida Nenadoviçun beşinci övladı və üçüncü oğlu idi. Atası 1858-ci ildə taxtdan imtina etməyə məcbur olduqdan sonra Pyotr ailəsi ilə birlikdə sürgündə yaşadı. O, Fransız Xarici Legionunda xidmət etmiş və Fransa–Prussiya müharibəsində iştirak etmişdir. Daha sonra “Petar Mrkonjiç” təxəllüsü ilə Hersoqovina üsyanı (1875–1877) zamanı Osmanlı imperiyasına qarşı döyüşmüşdür. 1883-cü ildə o, Monteneqro şahzadəsi Zorka (Ljubitsa) ilə evləndi; Zorka Monteneqro kralı I Nikolayın qızı idi. Onların beş övladı olmuşdur: Yelena, Milena, Corc, Aleksandr və Andrey. 1885-ci ildə atasının ölümündən sonra Pyotr Karacorceviç sülaləsinin başçısı oldu.

Aleksandr Obrenoviç 1903-cü ildə May çevrilişi zamanı öldürüldükdən sonra Pyotr Serbiyanın yeni kralı oldu. O, hakimiyyəti dövründə konstitusiyalı idarəetməni müdafiə edir və liberal siyasəti ilə tanınırdı. Onun dövrü siyasi azadlıqların genişlənməsi, mətbuat azadlığı, milli, iqtisadi və mədəni inkişafla xarakterizə olunur və bəzən “qızıl dövr” kimi qiymətləndirilir. Pyotr Serbiya kral ordusunun ali baş komandanı kimi Balkan müharibələrində iştirak etmişdir. 24 iyun 1914-cü ildə yaşlı kral oğlu və varisi Aleksandrı regent elan etdi. Birinci dünya müharibəsi zamanı kral və ordusu Serbiyanın böyük geri çəkilməsi zamanı Albaniya knyazlığı ərazisindən geri çəkilmişdir. Pyotr 1921-ci ildə, 77 yaşında vəfat etmişdir.

Erkən həyatı Pyotr Belqradda 11 iyul 1844-cü ildə tarixində anadan olmuşdur. O, Aleksandr Karacorceviç və Persida Nenadoviç cütlüyünün on uşağından beşincisi idi. O, Karacorcenin — Birinci serb üsyanının liderinin və Karacorceviç sülaləsinin qurucusunun nəvəsi idi. Pyotr kral sarayında deyil, tacir Mişa Anastasiyeviçin evində dünyaya gəlmişdi.

Uşaqlığının bir hissəsini Topola şəhərində keçirmiş və ibtidai təhsilini Belqradda almışdır.

Sürgün Təhsil və Fransa–Prussiya müharibəsi 1858-ci ildə atası taxtdan endirildikdən sonra Obrenoviç sülaləsi yenidən hakimiyyətə gəldi və Mihailo Obrenoviç taxta çıxdı. Pyotr əvvəlcə Cenevrəyə, daha sonra isə Parisə getdi və Sent-Barb Kollecində təhsil aldı. Sonradan Sen-Sir Hərbi Akademiyasında oxudu və 1864-cü ildə məzun oldu.

1870–1871-ci illərdə baş verən Fransa–Prussiya müharibəsi zamanı o, Fransız Xarici Legionunda xidmət etmiş və Orleanın ikinci döyüşü və Villerseksel döyüşü kimi döyüşlərdə iştirak etmişdir. Göstərdiyi xidmətə görə Fəxri Legion ordeni ilə təltif olunmuşdur.

Partizan fəaliyyəti Böyük Şərq böhranı dövründə (1875–1878) Pyotr Balkanlara qayıdaraq Bosniyada Osmanlılara qarşı döyüşdü. “Petar Mrkonjiç” adı ilə partizan dəstəsinə rəhbərlik etdi. Lakin onun fəaliyyəti Serbiya rəhbərliyi tərəfindən şübhə ilə qarşılandı və nəticədə o, bölgəni tərk etməyə məcbur oldu.

1877-ci ildə Toplica bölgəsində baş verən üsyan zamanı Pyotr dövlətə xəyanətdə ittiham edildi və qiyabi olaraq ölüm cəzasına məhkum olundu.

Cetinye dövrü 1883-cü ildə Pyotr Çetinyeyə köçdü və burada Monteneqro knyazlığının hökmdarı I Nikolayın qızı Monteneqro şahzadəsi Zorka ilə evləndi. Bu evlilik regionda siyasi balansı dəyişdirdi və Avstriya-Macarıstan, Rusiya və Serbiya arasında gərginliyə səbəb oldu.

Onların beş övladı olmuşdur, lakin yalnız üçü yetkin yaşa çatmışdır. Zorka 1890-cı ildə doğuş zamanı vəfat etdi.

1894-cü ildə Pyotr uşaqları ilə birlikdə yenidən Cenevrəyə köçdü və 1903-cü ilə qədər orada yaşadı.

May çevrilişi və hakimiyyətə gəlişi

1900-cü ildə kral Aleksandr Obrenoviçin Draqa Maşin ilə evliliyi cəmiyyətdə narazılıq yaratdı. Ordu zabitləri, o cümlədən Draqutin Dimitriyeviç (“Apis”), kralı devirmək üçün plan hazırladılar.

1903-cü ilin iyununda zabitlər saraya hücum edərək kral və kraliçanı öldürdülər. Bu hadisə Obrenoviç sülaləsinin sonunu gətirdi.

Serbiya Milli Məclisinin qərarı ilə Pyotr taxta dəvət edildi və 1903-cü il iyunun 15-də rəsmi olaraq kral oldu. Onun hakimiyyətə gəlişi Cənubi slavyan millətçiləri tərəfindən böyük coşqu ilə qarşılandı.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

The Serbian Royal Family Royal Mausoleum Oplenac Royal Family

Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Yuqoslaviya kralları Kateqoriya:Yuqoslaviya tarixi