Françeska Kaççini (; ) – italyan bəstəkar. Opera bəstələmiş ilk qadın hesab olunur.
Həyatı Françeska Kaççini 1587-ci ildə Florensiya şəhərində musiqiçi ailəsində doğulmuşdur. Anası, qardaşı və kiçik bacısı müğənni idilər. Atası isə bəstəkar və müəllim Culio Kaççini idi. 6 yaşı olanda anası ölmüş və atası 1594-cü ildə başqa bir müğənni ilə evlənmişdir. Françeska 1600-cü ildə – 13 yaşında ikən Yakopo Perinin "Evridika" operasında ailəsi ilə birlikdə ilk peşəkar performansını sərgiləmişdir. O, gitara, arfa, lyutnya, səs, bəstə təhsili almışdır. 1605-ci ildə IV Henrinin sarayı onu müğənni kimi işə götürmək istəmişdir. Lakin onu Mediçilərin sarayında tutmaq istəyən Toskana hersoqu Ferdinand Florensiyadan ayrılmasına icazə verməmişdir.
1607-ci ildə Mediçilərin sarayında işləməyə başlamış, növbəti 20 il boyunca burada müəllim, müğənni, oda və səhnə musiqiçisi bəstəkarı kimi fəaliyyət göstərmişdir. Yeddi il içərisində sarayda ən yüksək maaşı alan musiqiçiyə çevrilmişdir. Həyat yoldaşının ölümündən sonra Lukkaya köçmüş, 1633-cü ildə Mediçilərlə işləmək üçün Florensiyaya qayıtmışdır.
Yaradıcılığı Atasının öldüyü 1618-ci ildə həm dini, həm sekulyar tərzdə olan 32 solo mahnıdan və 4 duetdən ibarət "Birinci madriqal kitabı"nı yayımlamışdır. O, 1625-ci ildə opera bəstələmiş ilk qadın kimi tarixə düşmüşdür: Ludoviko Ariostonun 1516-cı ildə yazdığı "Orlandonun dəliliyi" şeirinə əsaslanan və iki sehrbazın döyüşçü Ruccero üçün mübarizə aparmasından bəhs edən "Rucceronun Alkina adasından qurtuluşu" operası. Teatr üçün yüzlərlə musiqi bəstələmişdir. Əsərlərinin çoxu itmişdir. Bəstəkar olmaqla yanaşı poeziya ilə məşğul olmuş, bir çox əsərinin sözlərini özü yazmışdır.
Şəxsi həyatı Mediçilərə qəbul olunduğu il saray müğənnisi Covanni Battista Siqnorina ilə evlənmişdir. Cütlüyün 1622-ci ildə Marqarita adlı uşağı olmuşdur. Əri 1626-cı ildə öldükdən sonra Lukkaya köçmüş və bir zadəganla evlənmişdir. Ondan Tommaso adlı oğlu olmuşdur. 1630-cu ildə ikinci əri də ölmüşdür.
İstinadlar
Kateqoriya:İtaliya barokko bəstəkarları Kateqoriya:Qadın opera bəstəkarları Kateqoriya:İtaliyanın qadın şairləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:İtaliya müğənniləri