Ajar () — Qasımalı Bayalınov tərəfindən yazılmış povest. Bu, Qırğızıstan ədəbiyyatının ilk nəsr nümunələrindən biri hesab olunur və 1928-ci il tarixində işıq üzü görmüşdür. Əsər 1916-cı il tarixində baş vermiş Ürkün hadisələri zamanı Çin ərazilərinə mühacirət etmək məcburiyyətində qalan qırğız xalqının taleyini baş qəhrəman Ajarın yaşantıları fonunda əks etdirmişdir.
Məzmunu
Əsərin mərkəzində sadə bir qırğız qızı olan Ajarın obrazı dayanmışdır. Qasımalı Bayalınovun bu yaradıcılıq nümunəsi 1920-ci illərdə tatar, qazax və özbək ədəbiyyatlarında, həmçinin onların təsiri ilə yeni formalaşmaqda olan qırğız yazılı ədəbiyyatında geniş yayılmış qadın hüquqsuzluğu və əsarəti mövzusundakı əsərlər silsiləsinə daxil edilmişdir. Bununla belə, povestin kompozisiya quruluşunun özünəməxsusluğu əsərin əsas mövzusu barədə fərqli mülahizələrin yaranmasına zəmin yaratmışdır. Belə ki, mətndə baş qəhrəmanın taleyi ilə birbaşa bağlı olmayan bir çox epizodlara yer verilmişdir. Burada 1916-cı il Ürkün hadisələrinin kədərli mənzərəsi canlandırılmışdır. Bu hadisələrin faciəvi tərəfləri baş qəhrəmanın çəkdiyi iztirablardan geri qalmamışdır. Süjet xətti yalnız üçüncü hissənin ortalarından, anası Batmanın xəstəliyə tutulmasından sonra tamamilə Ajarın ətrafında cərəyan etməyə başlamışdır.
Povestin sonunda baş qəhrəman Ajar canavarlar tərəfindən parçalanaraq həlak olmuşdur. Qırğız yazılı ədəbiyyatının təşəkkül dövrünə aid olan bu əsərdə bədii üslub, süjet quruculuğu və obrazların işlənməsi baxımından müəyyən çatışmazlıqların olduğu müşahidə edilmişdir. Buna baxmayaraq, povest oxucuların hisslərinə təsir etmək gücünə malik mühüm bir əsər kimi qiymətləndirilmişdir. Bu xüsusiyyət, o dövrdə qırğız xalqının məruz qaldığı tarixi faciələrin təsviri və real həyatdan götürülmüş qəhrəmanların duyğularının səmimi, təbii bir dillə ifadə edilməsi ilə izah olunmuşdur. Məhz bu keyfiyyətlərinə görə Qasımalı Bayalınovun "Ajar" povesti uzun müddət milli ədəbiyyatda öz əhəmiyyətli mövqeyini qoruyub saxlamış və azadlıq uğrunda mübarizə aparan qadın obrazının rəmzinə çevrilmişdir.
İstinadlar
Xarici keçidlər Ajar audiokitab Kateqoriya:Qırğızıstan ədəbiyyatı