Ariaramna (, ; ) — Böyük Kir böyük əmisi, I Daranın ulu babası və ehtimal olunur ki, Farsın qədim özəyini təşkil edən Parsa padşahlığının hökmdarı.
Ariaramnanın Anşan hökmdarı I Kirin qardaşı və Çişpişin oğlu olması ehtimal edilmişdir, lakin bu məlumat tam qəti deyil. Hər bir halda, onun Əhəmənilər sülaləsinin üzvü olduğu məlumdur. Behistun kitabəsində mövcud olan məlumatlara əsasən, o, I Kir və onun oğlu I Kambizin hakimiyyət illərinə paralel olaraq fəaliyyət göstərmiş ayrı bir Əhəməni qolunun ilk hökmdarı kimi təqdim olunmuşdur. Böyük Daranın ulu babası olması etibarilə, bu nəsil xətti nəticədə sülalənin əsas qoluna çevrilmiş və Əhəmənilər imperiyasında hakim mövqe qazanmışdır.
Həmədan lövhəsi XX əsrin birinci yarısında müasir Həmədan (qədim Ekbatana) şəhərində Ariaramna ilə əlaqəli iki qızıl lövhə aşkar edilmişdir. Bu qızıl lövhələrdə guya Ariaramna və onun oğlu Arşamın hakimiyyət dövrləri birinci şəxsin dilindən qədim fars dilində sənədləşdirilmişdir. Bu tapıntılar onun hakimiyyətini və beləliklə, Əhəməni hökmdar ailəsinin bu qolunu həmin dövrdən sənədləşdirən yeganə sübut sayılmışdır. Onun hakimiyyətinin digər bir təsdiqi daha sonrakı dövrə aid olan Behistun kitabəsidir. Burada ulu nəvəsi I Dara özündən əvvəl səkkiz Əhəməni hökmdarının olduğunu bildirmişdir ki, bu halda o, Ariaramnanı da hökmdar kimi hesaba qatmışdır.
Adın Avropa dillərindəki forması latın dili vasitəsilə yunan dilindəki "Ἀριαράμνης" variantından törəmişdir. Müasir fars dilində ad "Ariyārmane" (اریارمنه) şəklində yazılır.
Həyatı Ariaramnanın adı, ilk növbədə, I Daranın əmri ilə qayaya həkk edilmiş Behistun kitabəsindən məlumdur. Bu kitabəyə əsasən, Ariaramna Daranın ulu babası olmuşdur. Dara öz əcdadlarını bu ardıcıllıqla sadalamışdır: "Mənim atam Viştaspa (Histaspa), Viştaspanın atası Arşama (Arsama), Arşamanın atası Ariaramna, Ariaramnanın atası Çişpiş (Teisp), Çişpişin atası Haxamanişdir (Əhəmən)". Öz növbəsində, Böyük Kir də öz manifestində ("Kür silindri") "Anşan şəhərinin böyük padşahı Kambizin oğlu, Anşan şəhərinin böyük padşahı Kürün nəvəsi, Anşan şəhərinin böyük padşahı Çişpişin nəsli" olduğunu bəyan etmişdir. Bu şəcərələrdən aydın olur ki, Fars padşahlarının nəsli iki istiqamətdə inkişaf etmiş və həm Böyük Kirin, həm də I Daranın ortaq əcdadı olan Çişpiş şəxsiyyətində kəsişmişdir. Buna əsaslanaraq tədqiqatçılar belə bir ehtimal irəli sürmüşdülər ki, Çişpişin ölümündən sonra farslar öz padşahlıqlarını onun iki oğlu arasında bölmüşlər: Ariaramna Parsada (Fars), I Kir isə Anşanda hökmranlıq etməyə başlamışdır. Mətnlərin bu cür təfsiri Həmədanda (qədim Ekbatana) tapıldığı iddia edilən və on sətirdən ibarət qədim fars dilindəki qızıl lövhə ilə də dəstəklənmişdir. Həmin lövhədəki mətn aşağıdakı kimi tərcümə edilmişdir:
Buna baxmayaraq, ən yaxşı halda Farsın əyalət hakimi və Midiya padşahının vassal olan Ariaramnanın "Böyük Şah, şahlar şahı" kimi təqdim edilməsi və qısa mətndə sonrakı dövrlərə aid qədim fars dili mətnləri üçün xarakterik olan yeddi qrammatik xətanın mövcudluğu bu sənədin etibarlılığını şübhə altına almışdır. Bu yazı müasir saxtakarlıq olmasa belə, ehtimal olunur ki, Əhəmənilər sülaləsinin sonrakı padşahlarından biri tərəfindən məşhur əcdadın şərəfinə sifariş edilmişdir. Bundan əlavə, müasir dövrdə Anşan şəhərinin Fars bölgəsindəki Tepe-Malyan ərazisində yerləşdiyi və ən azı e.ə. VII əsrin ortalarından etibarən "Anşan" termininin "Parsa" adı ilə eyni məna daşıdığı müəyyən edilmişdir. Anşan və ya Parsa I Kir tərəfindən idarə edildiyi üçün Ariaramnanın orada hökmranlıq etməsi qeyri-mümkün hesab olunmuşdur. Bu səbəbdən bəzi tarixçilər Çişpişin padşahlığının bölünməsini mifik bir hadisə sayır, Ariaramna və oğlu Arşamanın isə ümumiyyətlə padşah olmadıqlarını iddia edirlər. Bununla belə, Anşanın Parsanın digər adı olması və I Kir tərəfindən idarə edilməsi faktı Ariaramna və oğlu Arşamanın bu geniş əyalətin hər hansı bir hissəsində kiçik hakimlər olması ehtimalını tamamilə təkzib etmir. Ariaramnanın adına Behistun kitabəsi və Həmədan qızıl lövhəsi ilə yanaşı, Herodotun "Tarix" əsərində də rast gəlinir. Herodotun nəql etdiyi bir hadisədə I Kserks belə demişdir: "Əgər mən afinalıları cəzalandırmasam, deməli, mən Histaspanın oğlu, Arsama, Ariaramna, Çişpiş, Kir, Kambiz, Çişpiş və Əhəmənin nəslindən olan Daranın oğlu deyiləm!"[ Геродот. История. КнигаVII «Полигимния», § 11]
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər livius.org article on Ariamnes Kateqoriya:E.ə. VII əsr Asiya hökmdarları Kateqoriya:Əhəməni hökmdarları Kateqoriya:Əhəmənilər sülaləsi Kateqoriya:Farslar Kateqoriya:Əhəmənilər dövləti şəxsləri