Filiz Kərəstəcioğlu Dəmir (; ) — 2015-ci ilin iyununda keçirilən ümumi seçkilərdən bəri parlamentin üzvü olan Xalqların Demokratik Partiyasından (HDP) olan türkiyəli siyasətçi.
Erkən həyatı və təhsili Filiz Kərəstəcioğlu 31 yanvar 1961-ci ildə Gölcükdə anadan olub və 1984-cü ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olub. 1987-ci ildə o, fərdi vəkil kimi fəaliyyətə başlayıb. 1991–1992-ci illərdə İsveçrədə "Nokta" jurnalının nümayəndəsi kimi çalışıb, həmçinin orada türk və ingilis dili müəllimi işləyib. 1995-ci ildə "Qadınlar vardır" adlı sənədli filmin istehsalında iştirak edib, həmçinin eyniadlı mahnının sözləri və musiqisini də yazıb. O, İstanbul Vəkillər Kollegiyasının Qadın Hüquqlarının Tətbiqi Mərkəzinin təsisçi üzvü olub. Vəkillər Kollegiyasının Xarici Əlaqələr Komissiyasının katibi vəzifəsində də çalışıbr. 2004–2012-ci illərdə isə "Güncəl hüquq" jurnalının redaktoru olub.
Siyasi fəaliyyəti Xalqların Demokratik Partiyasından (HDP) namizəd olaraq Filiz Kərəstəcioğlu, 2015-ci ilin iyununda keçirilən ümumi seçkilərdə İstanbulun ikinci seçki dairəsindən millət vəkili seçilib. Partiyasının səs payının azalmasına baxmayaraq, o, 2015-ci ilin noyabrında keçirilən növbədənkənar ümumi seçkilərdə yenidən millət vəkili seçilib.
Kərəstəcioğlu, Avropa Şurası Parlament Assambleyasının üzvüdür və hazırda AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin üçüncü vitse-prezidenti vəzifəsində çalışır.
18 aprel 2018-ci ildə, Prezident Rəcəb Tayyib Ərdoğanın növbədənkənar ümumi seçki çağırışından sonra, Kerestecioğlunun prezident seçkilərində HDP-nin potensial namizədi olacağı ilə bağlı şayiələr yayılsa da, həmin gün o, bu xəbəri təkzib etdi. Lakin 2018-ci ilin iyununda keçirilən növbədənkənar seçkilərdə yenidən millət vəkili seçildi. 17 mart 2021-ci ildə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin, Kərəstəcioğlu və HDP-nin digər 686 siyasətçisi üçün beş illik siyasi fəaliyyət qadağası tələbi ilə Konstitusiya Məhkəməsində iddia qaldırdı. İddia, partiyanın Kürdüstan Fəhlə Partiyası (PKK) ilə iddia edilən təşkilati əlaqələri səbəbindən, HDP-nin bağlanması tələbi ilə birlikdə irəli sürüldü.
İstinadlar
Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:İstanbul ilinin deputatları Kateqoriya:Ankara Universitetinin müəllimləri