#اعدام_نکنید "#StopExecutionsInIran" (, ) — 14 iyul 2020-ci il tarixində 2019–2020-ci illər İran etirazlarının iştirakçıları olmuş Əmir Hüseyn Muradi, Məhəmməd Rəcəbi və Səid Təmcidi adlı üç gənc barəsində çıxarılmış edam hökmünün təsdiqlənməsinə reaksiya olaraq yaradılmış heşteq.
Fars dilindəki orijinal forması ilə "اعدام_نکنید" heşteqi edam əmrinin təsdiqlənməsi xəbərindən sonra qısa müddət ərzində geniş yayılmış və iki saat ərzində "Twitter" sosial şəbəkəsində dünya üzrə birinci sıraya yüksəlmişdir. Həmçinin, bu heşteq Almaniyada birinci, Kanadada ikinci, Birləşmiş Krallıqda isə doqquzuncu yerə çataraq ən çox paylaşılan mövzulardan biri olmuşdur. 15 iyul 2020-ci il tarixinə keçən gecə saatlarında İranda internetə çıxışda yaranan fasilələrə baxmayaraq, qeyd olunan heşteqlə paylaşımların sayı 8 milyonu keçmişdir. Bildirilmişdir ki, İranda "Twitter" platformasına giriş İran İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi tərəfindən məhdudlaşdırıldığı üçün iranlı istifadəçilərin əksəriyyəti virtual şəxsi şəbəkələrdən (VPN) istifadə etmidir. Bu səbəbdən İrandan göndərilən tvitlərin coğrafi yeri istifadə olunan VPN xidmətinin serverlərinin yerləşdiyi ölkələr kimi qeydə alınmışdır. Sözügedən heşteq, qətl hadisəsini boynuna almaq üçün təzyiqlərə məruz qaldığı iddia edilən güləşçi Navid Əfkarinin ölümündən sonra yenidən populyarlıq qazanmışdır.
Tarixi Əmir Hüseyn Muradi, Məhəmməd Rəcəbi və Səid Təmcidi 2019-cu ilin noyabr ayında İran rejiminin qərarlarına etiraz edən və Tehranın Səttar xan küçəsi ətrafındakı məhəllələri seçən etirazçılar arasında olmuşdular. "HRANA"nın məlumatına görə, Əmir Hüseyn Muradi etirazlardan üç gün sonra müşahidə kameralarının görüntüləri vasitəsilə müəyyən olunmuş və həbs edilmişdir, lakin onun vəkili Babək Pakniya müvəkkilinin mobil telefonla bağlı baş vermiş ictimai mübahisə zəminində saxlanıldığını və telefonunda etirazlarla bağlı görüntülər aşkar edildikdən sonra hakimiyyət orqanlarına təhvil verildiyini bildirmişdir. Məhəmməd Rəcəbi, Səid Təmcidi və "Şima R." adlı üçüncü şəxs Əmir Hüseyn Muradinin həbsindən bir gün sonra Türkiyəyə qaçmış və Antalyada Türkiyə polisi tərəfindən saxlanılmışlar. İrana qaytarılacaqları təqdirdə həyatları üçün yaranacaq təhlükələr barədə BMT nümayəndələrinə məlumat vermələrinə baxmayaraq, Türkiyə hökuməti onları İran rəsmilərinə təhvil vermişdir. İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu üç nəfərdən ikisinin 2019–2020-ci illər etirazlarında iştirak etdiklərinə görə deyil, silahlı soyğunda iştirak etdikləri üçün həbs olunduqlarını iddia etmiş və onların telefonlarında etirazlar zamanı dövlət binalarını qarət etmələri və dağıtmalarını əks etdirən bəzi görüntülərin tapıldığını irəli sürmüşdür. "HRANA"nın məlumatına görə, təqsirləndirilən şəxslərə yaxın olan insanlar istintaq zamanı işgəncə altında qarət hadisələri ilə bağlı etirafların alındığını bildirmişdilər.
2020-ci ilin fevral ayında məhkəmə bu şəxsləri "İslam Respublikası rejiminə qarşı çıxmaq məqsədilə dövlət əmlakını məhv etməkdə iştirak" ittihamı ilə edam cəzasına məhkum etmişdir. Edam cəzasına əlavə olaraq, Əmir Hüseyn Muradi "silahlı soyğun" ittihamı ilə 15 il həbs və 74 şallaq, "ölkədən qaçmağa cəhd"ə görə isə bir il həbs cəzası almışdır. Səid Təmcidi və Məhəmməd Rəcəbi də "silahlı soyğun"da iştiraklarına görə 10 il həbs və 74 şallaq, "ölkədən qaçmağa cəhd"ə görə isə bir il həbs cəzasına məhkum edilmişdilər. "HRANA" iddia etmişdir ki, Səid Təmcidi və Məhəmməd Rəcəbinin məhkəməsi zamanı dövlət tərəfindən təyin olunmuş vəkil onları lazımi səviyyədə müdafiə etməmiş, əksinə, onların hərəkətlərindən peşmanlıq duyduğunu bildirmiş və məhkəmə boyu onları fəal şəkildə şifahi olaraq pisləmişdir. İşdə iştirak edən digər şəxs Şima İsgəndəri həbs cəzasına məhkum edilmiş, "Şima R." ilə bağlı məhkəmə işi isə davam etmişdir.
İran Məhkəmə Sisteminin sözçüsü bu şəxslərin "öyünmək məqsədilə" qarət videolarını xarici mediaya göndərdiklərini və beləliklə "öz əlləri ilə məhkum edilmələri üçün lazımi sübutlar təqdim etdiklərini" iddia etmişdir.
14 iyul 2020-ci il tarixində onların edam hökmünün təsdiqlənməsi barədə xəbər yayılmış və bu, sosial mediada böyük narazılıq dalğasına səbəb olmuşdur.
İnsan hüquqları müdafiəçisi İmadəddin Baqi şəxsi "Twitter" hesabında 30 ildir ölüm hökmünə qarşı yazdığını və bu səbəbdən əvvəllər İran Məhkəmə Sistemi tərəfindən məhkum edildiyini qeyd edərək, son edamlardan təəssüfləndiyini bildirmişdir. O, Ərakda başqa bir şəxsin edam hökmünün dayandırılmasından məmnunluğunu ifadə etmiş, 2019–2020-ci illər etirazları ilə bağlı üç məhkumun vəziyyətindən xəbərdar olduğunu və 477-ci maddənin tətbiqinin nəticəni dəyişdirə biləcəyini vurğulamışdır. Əmir Hüseyn Muradinin vəkili Babak Paknia cəzanın cinayətə mütənasib olmadığını bildirmişdir. O, məhkəmə protokollarında təqsirləndirilən şəxslərin istintaq zamanı onlardan alınan ifadələri məhkəmədə inkar etdiklərinin açıq şəkildə qeyd olunduğunu vurğulamışdır. Bu əsasla hakimlərdən biri edam hökmünü təsdiqləməmiş və daha geniş araşdırma aparılmasına göstəriş vermişdir. Buna görə də müdafiə tərəfi araşdırmanın davam etdirilməsini və əfv xahiş etmişdir.
Üç təqsirləndirilən şəxsin öz seçdikləri vəkillərdən istifadə etməsinə icazə verilməməsi məsələsinə toxunan Paknia qeyd etmişdir ki, nə onun, nə də digər iki təyin olunmuş vəkilin adı məhkəmə iddiasında qeyd olunmamış, onların əvəzinə dövlət tərəfindən təyin edilmiş vəkillərin adları yazılmışdır. Bu, ona görə mühümdür ki, Məhəmməd Rəcəbi və Səid Təmcidi həmin vəkillərdən imtina etmişdilər. Onlar dövlət vəkillərindən imtina etmək və Hüseyn Tac ilə Mustafa Nilini öz vəkilləri təyin etmək üçün məktub yazmışdılar. Bu vəkillərlə bağlı müraciətlərinin rədd edilməsinə baxmayaraq, orijinal dövlət vəkilləri artıq kənarlaşdırılmışdı; buna baxmayaraq, Məhkəmə Sisteminin iddiası hələ də həmin vəkillərin adları ilə buraxılmışdır.
Məhəmməd Rəcəbinin vəkili Hüseyn Tac İranın Məhkəmə Sisteminin sözçüsünə ünvanladığı məktubda təqsirləndirilən şəxslərin vəkil hüququndan qanunsuz olaraq məhrum edildiklərini iddia etmişdir. O həmçinin, rəsmi təsdiqdən əvvəl hökmün elan edilməsini və təqsirləndirilən şəxslərin ailələrinin dəfələrlə inkar etməsinə baxmayaraq, onların xarici qruplarla əlaqələri barədə iddiaları tənqid etmişdir. Tac, təqsirləndirilən şəxslərin ifadə almaq üçün qanunsuz üsulların tətbiq edildiyi barədə iddialarını da qeyd etmişdir. O, təyin olunmuş vəkillərə müvəkkillərinin iş sənədləri ilə tanış olmaq hüququnun verilməsini tələb etmişdir.
İnternet sürətinin məhdudlaşdırılması Kütlələri və xarici mətbuat agentliklərini məlumatlandırmaq məqsədi daşıyan "#StopExecutionsInIran" hərəkatı ətrafında yaranmış geniş sosial media kampaniyası zamanı İran daxilində internetin fəaliyyətində ciddi kəsintilərin olduğu qeydə alınmışdır. Rəqəmsal hüquqların müdafiəsi üzrə ixtisaslaşmış "NetBlocks" təşkilatının təqdim etdiyi məlumatlara əsasən, şəbəkəyə qoşulma problemləri 14 iyul 2020-ci il tarixində axşam saatlarından etibarən kəskinləşməyə başlamışdır. Yerli vaxtla təxminən saat 21:00-da ölkənin internet trafikinin böyük bir hissəsində ya tamamilə kəsilmə, ya da sürətin kəskin şəkildə azaldılması müşahidə edilmişdir. Bu, bir neçə regionda internetə çıxışın məhdudlaşmasına və sürətin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olmuşdur. Geniş yayılmış qənaətə görə, bu kəsintilər İran rəsmilərinin göstərişi ilə ölkənin dövlət nəzarətində olan internet xidmət provayderləri vasitəsilə həyata keçirilmişdir.
İnternetə bu cür müdaxilə forması İran hökumətinin siyasi iğtişaşlar dövründə rəqəmsal kommunikasiyaları nəzarətdə saxlamaq və məhdudlaşdırmaq istiqamətindəki ümumi fəaliyyət xətti ilə üst-üstə düşür. Xüsusilə, 2019-cu ilin noyabr ayındakı ümummilli etirazlar zamanı hökumət 16–23 noyabr 2019-cu il tarixlərində interneti tamamilə söndürərək ölkənin qlobal rəqəmsal rabitə ilə əlaqəsini kəsmişdir. Bu təcrübəni nəzərə alan müşahidəçilər və rəqəmsal hüquqlar üzrə qruplar, heşteq kampaniyası ətrafında yenidən başlayan onlayn səfərbərliyə cavab olaraq oxşar və daha genişmiqyaslı bir internet qadağasının tətbiq edilə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər.
Nəticəsi 15 iyul 2020-ci il tarixində "Fars" xəbər agentliyi İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisinin cinayət-prosessual məcəlləsinin 477-ci maddəsinə əsasən yenidən məhkəmə araşdırması barədə göstəriş verdiyinə dair xəbər yaymışdır, lakin qısa müddət sonra Məhkəmə Sisteminin tabeliyində olan "Mizan" onlayn xəbər agentliyinin rəhbəri Mehdi Keştdar digər xəbər agentliklərindən birinin 2019–2020-ci illər etirazçılarının işinə yenidən baxılması barədə yaydığı məlumatın yalan olduğunu bəyan etmişdir. Bu bəyanatdan dərhal sonra "Fars" agentliyi də yaydığı xəbəri təkzib edərək düzəliş vermiş və cinayət-prosessual qaydalarına görə yenidən baxılma şansının vəkillərin öhdəsinə düşdüyünü bildirmişdir.
Əmir Hüseyn Muradinin vəkili Babək Pakniya 15 iyul 2020-ci il tarixində üç təqsirləndirilən şəxs üzrə təyin olunmuş vəkillərə müvəkkillərinin iş sənədləri ilə tanış olmaq hüququnun verildiyini açıqlamışdır. O həmçinin, 477-ci maddə ilə bağlı müraciət edəcəyini qeyd etmişdir. Pakniya prosesdə və sənədlərdə çox sayda uyğunsuzluğun olduğunu və təyin olunmuş vəkillərin hökmün icrasını dayandırmağa çalışacaqlarını bildirmişdir. O, vurğulamışdır ki, üç təqsirləndirilən şəxsin məhkəməsi zamanı vəkillər iştirak etməmişdir. Cinayət-prosessual qaydalarına əsasən, ömürlük həbs və ya edamla nəticələnə biləcək işlərdə ilkin istintaq və məhkəmə prosesləri zamanı vəkilin iştirakı zəruridir. Vəkil əlavə etmişdir ki, təqsirləndirilən şəxslər arasında yalnız Əmir Hüseyn Muradinin vəkili olmuşdur (hansı ki, onu özü təmsil edirdi), lakin ona belə sənədlərlə tanış olmaq üçün lazımi icazə verilməmişdir. O, bu çatışmazlığın təkbaşına edam hökmünün yenidən nəzərdən keçirilməsi üçün kifayət qədər əsas yaratdığını bildirmişdir.
16 iyul 2020-ci il tarixində Xuzistan ostanının Behbahan şəhərində etiraz aksiyası keçirilmişdir. Sosial media məlumatlarına görə, 2019–2020-ci illər etirazçıları barəsində çıxarılan edam hökmləri və hökumətin düzgün idarəetmə nümayiş etdirməməsi nəticəsində yaranan iqtisadi çətinliklər etirazların əsas səbəbləri olmuşdur. "NetBlocks"un məlumatına görə, 15 iyul 2020-ci il gecəsi Xuzistanda internet sürəti ciddi şəkildə məhdudlaşdırılmışdır. "Deutsche Welle"nin verdiyi məlumata görə, iğtişaşlar həmçinin Şiraz, İsfahan, Rəşt, Məşhəd, Təbriz və Urmiya şəhərlərinə də yayılmışdır.
19 iyul 2020-ci il tarixində vəkillərin verdiyi məlumata görə, cinayət-prosessual məcəlləsinin 477-ci maddəsi əsasında işə yenidən baxılması və istintaqın təkrar açılması barədə müraciətləri qəbul edilmişdir. Bu qərarla əlaqədar olaraq, istintaq və yenidən baxılma prosesi başa çatana qədər edam hökmünün icrası müvəqqəti olaraq dayandırılmışdır.
Reaksiyalar
İranda 16 iyul 2020-ci il tarixində "Iran International" nəşri Tehranda və İranın digər şəhərlərində təhlükəsizlik tədbirlərinin kəskin şəkildə artırılması barədə məlumat yaymışdır. Xəbərdə qeyd olunmuşdur ki, sosial mediada yayılan və redaksiyaya daxil olan görüntülər 16 iyul 2020-ci il tarixində Vəliəsr küçəsində və "Teatri-Şəhr" metro stansiyası ətrafında əlavə təhlükəsizlik qüvvələrinin hazır vəziyyətdə gözlədiyini sübut edir.