İmperativ norma (jus cogens) beynəlxalq hüququn elə fundamental prinsipidir ki, dövlətlərin beynəlxalq birliyi onda nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxa bilməzlər. Bu norma o qədər mühüm hesab olunur ki, hətta beynəlxalq müqavilə və ya beynəlxalq adətdən yaranan qaydaları belə etibarsız edə bilir.
Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində jus cogens normasının anlayışı verilmişdir. Həmin maddəyə əsasən, jus cogens - ümumi beynəlxalq hüququn normasıdır; bütövlükdə dövlətlərin beynəlxalq birliyi tərəfindən qəbul edilir və tanınır; bu cür normadan geri çəkilmək yolverilməzdir; bu norma yalnız ümumi beynəlxalq hüququn eynilə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər. Bu o deməkdir ki, hətta normaya etiraz edən dövlətlər də ona tabedur və imperativ norma ilə ziddiyyət təşkil edən hər hansı müqavilə və ya beynəlxalq saziş etibarsız sayılır. Dövlətlər hətta qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilməzlər. Belə ki, istənilən belə bir müqavilə tam etibarsız sayılır və onun heç bir hüquqi qüvvəsi ola bilməz. Eynilə, yeni bir jus cogens norması yarandıqdan sonra bu normaya zidd olan bütün beynəlxalq müqavilələr hüquqi cəhətdən etibarsız olur və onlar xitam olunmuş sayılır. Jus cogens norması pozulduqda bütün dövlətlərin hüquq və mənafeləri pozulmuş sayılır.
Hansı normaların dəqiq şəkildə jus cogens hesab olunması və normanın bu statusu necə əldə etməsi ilə bağlı ümumi konsensus yoxdur. Lakin ümumiyyətlə qəbul edilir ki, jus cogens aşağıdakıları qadağan edir: soyqırımı, dəniz quldurluğu, köləlik və qul ticarəti, təcavüzkar müharibələri və ərazi işğalı məqsədilə ekspansionizm siyasəti, eləcə də işgəncə və refoulement (şəxsin təqib və ya təhlükə ilə üzləşəcəyi ölkəyə məcburi qaytarılması).M. Cherif Bassiouni. (Autumn 1996). "International Crimes: 'Jus Cogens' and 'Obligatio Erga Omnes. Law and Contemporary Problems. Vol. 59, No. 4, p. 68.
İstinadlar
Kateqoriya:Hüququn prinsipləri Kateqoriya:Beynəlxalq münasibətlər