Bayram Annakov (, , ; ) — Türkmənistan, Rusiya və ABŞ sahibkarı, mobil tətbiq tərtibatçısı.
"Empatika" şirkətinin təsisçisi və aviaseyyahlar üçün nəzərdə tutulmuş "App in the Air" tətbiqinin yaradıcısıdır. O həmçinin, Rusiyanın "Bortovıye sistemı" şirkətinin həmsahiblərindən biri olmuşdur.
Annakov "Vajnıye istorii" nəşrinin 2025-ci ildə apardığı jurnalist araşdırmasının fiqurantıdır. Sözügedən araşdırmada "App in the Air" tətbiqinin və onun istifadəçi məlumatlarının Rusiya dövlət qurumlarının əməkdaşları ilə əlaqəli strukturlara satılması, habelə Rusiyada onlarla müştərək şirkətlərin yaradılması barədə məlumatlar yer almışdır.
Şahmat qrosmeysteri Babaqulu Annakovun qardaşıdır. Hazırda ABŞ-nin Sietl şəhərində yaşayır.
Həyatı
Təhsili Bayram Annakov 12 may 1983-cü ildə Aşqabadda anadan olmuşdur. Atası iri hesablama mərkəzində proqramçı, anası isə radiostansiyada jurnalist kimi fəaliyyət göstərmişdir.
Ali təhsilini Moskvada almışdır. O, N. E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin Mühəndislik biznesi və menecment fakültəsinin, həmçinin M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin magistratura pilləsinin məzunudur.
Peşəkar fəaliyyəti
Karyerasına "EPAM Systems" İT-autsorsinq şirkətində başlamış, 23 yaşında burada layihə meneceri vəzifəsini tutmuşdur. 2008-ci ildə mobil tətbiqlərin yaradılması və biznes proseslərinin optimallaşdırılması üzrə məsləhət xidmətləri göstərən "Empatika" şirkətini təsis etmişdir. Moskva Dövlət Universiteti və Milli Tədqiqat Universiteti "Ali İqtisadiyyat Məktəbi"ndə mühazirələr oxumuşdur.
App in the Air 2012-ci ildə beş nəfərlik tərtibatçı qrupu ilə birlikdə aviasərnişinlərə kömək məqsədilə nəzərdə tutulmuş "App in the Air" mobil tətbiqini yaratmışdır. Tətbiqin adı "Mənə səma bəsdir" (Up in the Air) filminə istinad edir.
2015-ci ildə tətbiq "Business Insider" nəşrinin hazırladığı ən yaxşı yüz tətbiq reytinqinə daxil edilmişdir. 2018-ci ildə startap "Google Launchpad Accelerator" akselerasiya proqramının dəstəyini almışdır.
2018-ci ildə "App in the Air" tətbiqi rusiyalı sahibkar Mixail Şelkovun nəzarətində olan Kiprin "Norbase" şirkətinə satılmışdır. Kipr şirkətinin maliyyə hesabatlarına görə, alış qiyməti 13,5 ilə 15 milyon ABŞ dolları aralığında olmuşdur.
Sövdələşmədən sonra Annakov Vaşinqton ştatının Belvyu şəhərində yerləşən Amerikanın "Life in the Air" şirkətini təsis etmişdir. Şirkət aviaşirkətlərə hava gəmilərinin göyərtəsində mal və xidmətlərin satışı üçün texnoloji həllərin təqdim edilməsi üzrə ixtisaslaşmışdır.
2021-ci ildə o, Şelkov ilə birlikdə daxili bazar üçün bənzər xidmətlər göstərən Rusiyanın "Bortovıye sistemı" şirkətini təşkil etmişdir. Mülkiyyət strukturu şirkətin 85%-nə sahib olan "Ays" MMC vasitəsilə həyata keçirilmişdir ki, burada paylar aşağıdakı kimi bölüşdürülmüşdür: Annaqov — 15,48%, Şelkov — 84,52%. "Bortovıye sistemı" şirkətinin qalan 15%-lik payı isə FSB direktorunun birinci müavini Sergey Korolyovun oğlu Boris Korolyova (10%) və Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin keçmiş müavini Kirill Androsovun "Altera kapital" fonduna (5%) məxsusdur. Şirkətin rəsmi məlumatına görə, onun müştəriləri arasında Rusiyanın "Smartavia", "Azimut", "Ural Hava Yolları", "NordStar" və "Utair" aviadaşıyıcıları yer alır.
=== Jurnalist araşdırması 2025-ci ilin yanvarında "Vajnıye istorii" nəşri "App in the Air" tətbiqinin satış şərtlərinə dair jurnalist araşdırmasının nəticələrini dərc etmişdir. Materialda qeyd olunmuşdur ki, tətbiqin alıcısı Mixail Şelkov 2000-ci illərin əvvəllərindən etibarən "Rosoboroneksport" strukturlarında fəaliyyət göstərmiş, Sergey Çemezovun rəhbərlik etdiyi "Rostex" dövlət korporasiyasının rəhbərliyi və Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafındakı şəxslərlə işgüzar münasibətlər saxlamışdır.
Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, "Bortovıye sistemı" şirkətinin iştirakçılarından biri FSB direktorunun birinci müavini Sergey Korolyovun oğlu Boris Korolyovdur.
Bu nəşr mediada Rusiya strukturlarının ABŞ, Avropa İttifaqı və Birləşmiş Krallıqdan olan tətbiq istifadəçilərinin fərdi məlumatlarına çıxış əldə edə bilməsi ehtimalı ətrafında müzakirələrə səbəb olmuşdur. "Meduza" nəşri bu vəziyyəti istifadəçi məlumatlarının "səhv əllərə" ötürülməsi kimi xarakterizə etmişdir.
Bayram Annakov araşdırma ilə bağlı şərh verməkdən imtina etmiş və nəşrin jurnalistlərini bloklamışdır.
Ailəsi Böyük qardaşı — Babaqulu Annakovdur (təvəllüd: 1972). O, 1998-ci ildən qrosmeyster tituluna sahib olan və ABŞ-ni təmsil edən şahmatçıdır.
İstinadlar