Tatyana Yuriyevna Lazareva (; ) — Rusiyalı televiziya və dublyaj aktrisası, teleaparıcı, müğənni, yutuber və ictimai xadim. O, "Ən yaxşı əyləncəli proqram" (2003) və "Ən yaxşı əyləncəli proqram aparıcısı" (2006) nominasiyalarında ikiqat "TEFİ" mükafatı laureatı olub.

Lazareva 1990-cı illərin sonunda "O.S.P.-studiya" adlı yumoristik şounun aparıcısı, həmçinin "33 kvadrat metr" komediya serialının və onun davamlarının aktrisası kimi məşhurlaşıb. 2004-cü ildən 2012-ci ilə qədər "STS" telekanalında çalışıb, burada "Yaxşı zarafatlar" (Хорошие шутки) şousunun müəllifi və aparıcısı olub. 2012-ci ilin oktyabrında Rusiya müxalifətinin Əlaqələndirmə Şurasına üzv seçilib. O, həmçinin "Sozidaniye" xeyriyyə fondunun himayəçilik şurasının keçmiş üzvü olub. Şəxsi həyatına gəldikdə isə, Tatyana Lazareva 1998-ci ildən 2024-cü ilə qədər Mixail Şats ilə evli olub.

Rusiya Ədliyyə Nazirliyi 22 iyul 2022-ci ildə Lazarevanı "xarici agentlər" siyahısına daxil edib.

Həyatı Tatyana Lazareva 21 iyul 1966-cı ildə Novosibirskdə müəllim ailəsində anadan olub. O, iki fərqli ali məktəbdə — Novosibirsk Dövlət Pedaqoji İnstitutunda və Kemerovo Dövlət Mədəniyyət İnstitutunda təhsil alsa da, onların heç birini bitirməyib. Məktəb illərindən musiqiyə maraq göstərib, "Amigo" siyasi mahnı qrupunda on il ərzində ifaçılıq edib və Sovet İttifaqını qastrol səfərləri ilə dolaşıb.

Onun böyük səhnəyə gəlişi KVN ilə bağlıdır. Novosibirsk Dövlət Universitetinin (NDU) komandasında çıxış edərək ikiqat Yüksək Liqa çempionu olub. 1994-cü ildə Moskvaya köçüb və "Raz v nedelyu", "O.S.P.-studiya" kimi populyar layihələrdə ulduza çevrilib. Uzun illər STS telekanalının "siması" kimi fəaliyyət göstərib. 2011-ci ildə "Xoroşiye pesni" (Yaxşı mahnılar) adlı musiqi diski çıxarıb.

2012-ci ildə Rusiya müxalifətinin Əlaqələndirmə Şurasına daxil olduqdan sonra Tatyana Lazarevanın və həyat yoldaşı Mixail Şatsın televiziya karyerasında ciddi problemlər yaranıb. Onlar kanaldan kənarlaşdırıldıqdan sonra fəaliyyətlərini internet platformalarına keçiriblər. YouTube-da siyasi-satirik "Televideniye na kolenke" şousunu yaradıblar və "Serebryanı dojd" radiosunda veriliş apariblar.

2016-cı ildən Lazareva İspaniyanın Marbelya şəhərində yaşayır. O, burada da boş oturmayıb, valideynlik və uşaq tərbiyəsi mövzusunda "Məsuliyyətli Valideynlər Layihəsi"ni və "Lazarevatut" adlı YouTube kanallarını başladıb.

Şəxsi həyatı 1991-ci ildə iş adamı Aleksandr Druqovla evlənsə də, bu nikah cəmi bir ay çəkib.[«Курский Вестник». Татьяна Лазарева: «Я рожала, а Шац слал всем sms-ки»] Övladı: 1995-ci ildə böyük oğlu Stepan doğulub. 1998-ci ildə həmkarı Mixail Şats ilə ailə qurub. Bu nikahdan onların Sofya (1998) və Antonina (2006) adlı iki qızı dünyaya gəlib. Uzun müddət ayrı yaşadıqdan sonra, cütlük 2024-cü ilin yanvarında rəsmən boşandıqlarını elan edib.

İctimai mövqeyi Tatyana Lazareva Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Ukraynaya öz dəstəyini ifadə edib. O, həmçinin qeyd edib ki, Rusiyadakı güclü repressiyalar səbəbindən tanınmış insanların dövlət təbliğatına müqavimət göstərməsi olduqca çətindir. 22 iyul 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi Lazarevanı "xarici agentlər" siyahısına daxil edib.

Hüquqi təqibi 2024-cü il mayın 17-də Lazareva barəsində "terror fəaliyyətinə açıq çağırışlar və ya terrorizmə bəraət qazandırma" maddəsi ilə cinayət işi başlanıb. Buna səbəb kimi onun Rusiya şəhərlərinə dron hücumları ilə bağlı verdiyi bir müsahibədəki ifadələri göstərilib. Ekspertiza bu sözlərdə terrorizmə bəraət əlamətləri aşkar edib. 2024-cü il iyunun 13-də Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. 19 iyunda "Rosfinmonitorinq" onu terrorçu və ekstremistlərin siyahısına salıb. 10 iyulda Moskvanın Zamoskvoretski məhkəməsi tərəfindən qiyabi həbs olunub, oktyabrda isə beynəlxalq axtarışa verilib. 24 dekabr 2024-cü ildə İkinci Qərb Dairə Hərbi Məhkəməsi keçmiş teleaparıcını qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edib və 4 il müddətinə internet resurslarını idarə etməyi ona qadağan edib.

2025-ci ildə ona qarşı "xarici agent" vəzifələrini yerinə yetirməkdən boyun qaçırma maddəsi ilə yeni cinayət işi açılıb. 7 oktyabr 2025-ci ildə Moskvanın Presnenski rayon məhkəməsi bu iş üzrə Tatyana Lazarevanı qiyabi olaraq 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edib.

Filmoqrafiya Tatyana Lazareva uzun illər ərzində müxtəlif yadda qalan obrazlar canlandırıb: 1997–2004 — "33 kvadrat metr" (33 квадратных метра): Tatyana Yuryevna Zvezdunova (ana) rolunda çıxış edərək böyük populyarlıq qazanıb. 2003 — "Yeralaş" (Ералаш): "Klassik dram" süjetində müəllimə Marya Vasilyevna rolunu ifa edib. 2005 — "Mənim gözəl dayəm" (Моя прекрасная няня): Riyaziyyat müəlliməsi kimi epizodik rolda görünüb. 2006 — "Gözəl doğulma" (Не родись красивой): Kamey (özü olaraq) rolunda iştirak edib. 2012 — "Voroninlər" (Воронини): "Bu bizim uşağımızdır!" proqramının aparıcısı rolunu oynab. 2016 — "Kollektor" (Коллектор): Bu filmdə Tatyana personajını yalnız səsi ilə canlandırıb. 2019 — "Bar 'Na qrudi'" (Бар «На грудь»): Marinanın anası obrazında çıxış edib.

Dublyaj Lazareva bir çox məşhur animasiya və xarici film personajlarını rus dilində səsləndirib: 2009 — "Buludlu, küftə şəklində yağıntı ehtimalı var": Baş qəhrəman Flintin anası Fren Lokvudu səsləndirib. 2012 — "Transilvaniya hoteli" (Монстры на каникулах): Çoxuşaqlı canavar-vartaş Vanda obrazına səs verib. 2013 — "Ernest və Selestina": Selestina adlı siçanı böyük ustalıqla səsləndirib. 2016 — "İnanılmaz Blinki Bill": Natsi adlı koalanı canlandırıb. 2019 — "Ailə nikahı" (Семейный брак): Rozamund Paykın canlandırdığı Luiza obrazını rus dilinə dublyaj edib.

Televiziya fəaliyyəti Tatyana Lazareva onilliklər boyu müxtəlif kanallarda aparıcı və iştirakçı kimi fəaliyyət göstərib: 1991–1994: NDU-nun "Cazda olan qızlar" komandası ilə KVN səhnələrində çıxışlar edib. 1995–2004: "Həftədə bir dəfə", "Rekordların acığına!?" və məşhur "O.S.P.-studiya" proqramlarında ulduza çevrilib. 1996–1998: "Barmaqlarını yalarsan" (Пальчики оближешь) verilişinin aparıcısı olub. 2004–2012: "Yaxşı zarafatlar" (Хорошие шутки) proqramının daimi aparıcılarından biri kimi yadda qalıb. 2007–2010: "Domaşniy" kanalında uşaq tərbiyəsi və ailə mövzusunda "Tatyananın uşaq günü" və "Valideyn həftəsi" verilişlərini aparib. 2010–2016: Uzun müddət "Bu mənim uşağımdır!" (Это мой ребёнок!) teleoyununun aparıcısı olub.

Yaradıcılıq layihələri və Ukrayna ilə əməkdaşlıq O, həmçinin müxtəlif şou proqramlarda və beynəlxalq layihələrdə özünü sınaqdan keçirib: 2008–2009: "Ulduzlarla rəqs" layihəsinə qatılıb və "Birinci Kanal"da "İki ulduz" şousunu aparib. 2011: Ukraynanın "1+1" kanalında Leonid Aqutin ilə birgə "Ulduz + Ulduz" şousunda iştirak edib. 2011–2012: "Rusiya-1" kanalında "Subbotnik" verilişinə aparıcılıq edib. "Sehr" (Магия) layihəsi: 2011-ci ilin sonunda Vladimir Zelenski ilə birlikdə "Sehr" adlı şounun çəkilişlərində iştirak etmişdi, lakin naməlum səbəblərdən proqram həmin vaxt efirə çıxmayıb. Daha sonra o, bu layihənin digər versiyası üçün Yuri Qorbunov ilə birgə çəkilişlərə qatilib. 2012: Ukrayna telekanalında "Yalnız biri" (Тільки один) oyununda daimi komanda üzvü kimi yer alıb.

İctimai fəaliyyəti 2004-cü ildən etibarən Tatyana Lazareva həyat yoldaşı Mixail Şats ilə birlikdə "Sozidaniye" xeyriyyə fondunun fəaliyyətində yaxından iştirak edib, daha sonra isə fondun Himayəçilik Şurasının üzvü olublar. Lazarevanın təşəbbüsü ilə Aleksandr Puşnoy da bu xeyriyyə işlərinə qoşulub. Onlar uzun illər boyu fondun tədbirlərində aparıcılıq edib, xeyriyyə aksiyalarının təşkilində iştirak edib və ehtiyacı olanlara maddi yardım göstəriblər. O, həmçinin Moskvanın tarixi simasını qorumaq üçün mübarizə aparib. 2010 və 2012-ci illərdə müxtəlif ictimai xadimlər və memarlıq mühafizəçiləri ilə birlikdə Bolşoy Kozixinski döngəsindəki tarixi binanın sökülməsinə mane olmağa çalışıb. 2011-ci il dekabrın 10-da Bolotnaya meydanında keçirilən izdihamlı mitinqdə natiq qismində çıxış edərək Rusiya hakimiyyətini kəskin şəkildə tənqid edib. Rusiya müxalifətinin Əlaqələndirmə Şurasına keçirilən seçkilərdə iştirak edib və ümummülki siyahıda on birinci yeri tutub. 2013-cü ildə homofobiyaya qarşı video müraciət yazdırıb. 2014-cü ildə Krım siyasətinə etiraz edib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatı imzalayıb. 2019-cu ildə siyasi məhbuslara dəstək mitinqinə qatilib. 2020-ci ildə Rusiya Konstitusiyasına təklif edilən düzəlişlərin əleyhinə çıxış edib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı qəti mövqe nümayiş etdirib. Elə həmin ilin mart ayında Ukraynanın "Kvartal-95" studiyası ilə əməkdaşlıq edərək "Bayraktar News" şousunda Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı satirik çıxışlar edib və "Utanc-info" (Стыд-инфо) rubrikasını aparib.

Kitabları 2012 — "İlk baxışdan dünya" (Мир с первого взгляда) 192 s. - ISBN 978-5-389-02093-1: "Machaon" nəşriyyatı tərəfindən 15 000 tirajla çap edilib.Мир с первого взгляда, ISBN 978-5-389-02093-1. () 2016 — "Mən kiçik pandayam" (Я малая панда): "Alpina Pablişer" nəşriyyatında "Animal Books" seriyası çərçivəsində işıq üzü görüb.

Mükafatları Televiziya sahəsindəki uğurlu fəaliyyəti yüksək qiymətləndirilərək Rusiya televiziyasının ən nüfuzlu mükafatı olan TEFİ ilə təltif olunub: 2003: "O.S.P.-studiya" proqramı "Ən yaxşı əyləncəli proqram" nominasiyasında laureat seçilib. 2006: Tatyana Lazareva həyat yoldaşı Mixail Şats ilə birlikdə "Ən yaxşı əyləncəli proqram aparıcısı" nominasiyasında bu mükafata layiq görülüb.

İstinadlar

Xarici keçidlər

Официальный сайт О.С.П.-студии Татьяна Лазарева на сайте «Эхо»

Татьяна Лазарева: персональное досье // АиФ.

Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:XX əsr müğənniləri