Aleksandra Yuriyevna Skoçilenko və ya Saşa Skoçilenko (; ) — rusiyalı rəssam, musiqiçi, şair və keçmiş siyasi məhbus. Skoçilenko 2022-ci ilin aprelində Sankt-Peterburqda Rusiya–Ukrayna müharibəsi əleyhinə vərəqlər yaydığına görə saxlanılıb. "Amnesty International" Skoçilenkonu "vicdan məhbusu" elan edib, "Memorial" insan hüquqları təşkilatı onu siyasi məhbus kimi tanıyıb. BBC isə 2022-ci ildə onu "100 Qadın" siyahısına daxil edib. 2023-cü ilin noyabrında Skoçilenko Rusiyanın "saxta xəbərlər" haqqında qanununa əsasən yeddi il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü il avqustun 1-də mürəkkəb beynəlxalq məhbus mübadiləsi çərçivəsində Ankarada azadlığa buraxılıb. CNN üçün hadisəni təhlil edən Neytan Hoc yazıb ki, Skoçilenkonun təcrübəsi "Rusiyanın müharibə dövrü üçün nəzərdə tutulmuş qəddar media qanunlarının absurdluğunu ifşa edib".
Həyatı Aleksandra Skoçilenko 13 sentyabr 1990-cı ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq, Rusiya) anadan olub. Yuxarı siniflərdə oxuyarkən "Beşinci kanal"da yayımlanan "Ağıl oyunu" (İqra uma) teledebatlarında iştirak edib. 2007-ci ildə məktəbi bitirdikdən sonra Sankt-Peterburq Teatr Akademiyasının kino və TV rejissorluğu fakültəsinə daxil olub. Dostlarının xatirələrinə görə, akademiyada o, həmişə texniki cəhətdən mürəkkəb layihələrə üstünlük verib; məsələn, bir işdə su, qum, daş, kağız applikasiyaları, stop-motion və adi video kadrları eyni anda istifadə edə bilirmiş. Skoçilenko diplom müdafiəsinə qədər, yəni beşinci kursda akademiyadan ayrılıb. Sonradan müsahibələrində bildirib ki, onun daha bir ödənişsiz təhsil almaq planı olub. O, Rusiyada psixi sağlamlıq problemlərinə qarşı stiqmanın aradan qaldırılmasına kömək edən "Depressiya haqqında kitab"ın (2014) müəllifidir.
Skoçilenko tələbə mediası üçün çəkilişlər edib, 2011–2012-ci illərdə isə Sankt-Peterburqun "Bumaqa" (Kağız) onlayn nəşrində ştatdankənar jurnalist kimi çalışıb. O, Dövlət Dumasına seçkilər zamanı seçki məntəqələrindən və kütləvi saxtakarlıqlardan sonrakı mitinqlərdən reportajlar hazırlayıb. 2012-ci ilin mayında Bolotnaya meydanındakı mitinq zamanı da çəkilişlər aparıb. Skoçilenko qeyd edib ki, həmin dövrdə onda "bir neçə ay davam edən yaradıcılıq böhranı ilə müşayiət olunan dəhşətli bir depressiya" başlayıb. Bu səbəbdən o, özünü akademik karyerada sınamağa qərar verərək 2013-cü ildə Sankt-Peterburq Dövlət Universitetinin (SPbDU) Azad Sənətlər və Elmlər fakültəsinə daxil olub. Orada antropologiyanı öyrənib və ali məktəbi fərqlənmə diplomu ilə bitirsə də, təhsilini davam etdirməyib. 2020-ci ildə isə belə bir bəyanat verib: "Hər hansı bir müəyyən peşə sahibi olmaq istəmirəm. Əslində, heç peşəm də yoxdur".
Tanışları Skoçilenkonun özünü çoxşaxəli şəkildə — şeirlər, rəsmlər və musiqi vasitəsilə ifadə etdiyini bildiriblər. O, sifarişlə videolar çəkib montaj edib, illüstrator və fotoqraf kimi çalışıb, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib (2022-ci ildə "Həvvanın qabırğaları" adlı feminist teatr festivalını lentə alıb). 2019-cu ilin qışında ukraynalı rejissor Svetlana Poqasiyin təşkil etdiyi uşaq kino məktəbində dərs demək üçün Karpat dağlarına gedib. Sankt-Peterburqda o, hər kəs üçün açıq olan "Azad cemlər" (Svobodnıye cemı) musiqi layihəsini yaradıb. Bu layihə peşəkar hesab olunmayan musiqiçilərə tənqid olunmadan çıxış etmək imkanı verirmiş. 2022-ci ilin əvvəlində "VKontakte" şəbəkəsində öz treklərini paylaşdığı "Lastochka Plus" qrupunu təsis edib.
Skoçilenko kuryer və dayə kimi də işləyib, həmçinin məişət təmir işlərini öyrənərək bundan pul qazanmağa başlayıb: "Kornizi quraşdırmaq üçün beton divarı deşmək lazım idi. Hətta mənim üçün — cəmi 45 kq çəkim olmasına baxmayaraq — bu, tamamilə mümkündür. Nə vaxtsa bunun qadın üçün qeyri-real bir iş olduğunu düşünürdüm."
Skoçilenkonun uşaqlıqdan sağlamlıq problemləri olub. Erkən yaşlarında ona qlütenə qarşı genetik dözümsüzlük — seliakiya diaqnozu qoyulub, buna görə də məktəb illərindən bəri qlütensiz pəhriz saxlayıb. Skoçilenkonun sözlərinə görə, 17 yaşında aritmiya səbəbindən ona kardiostimulyator taxılması tövsiyə olunub. Həbsdə olduğu müddətdə "Sever. Realii" nəşrinə verdiyi müsahibədə o, vəziyyətini belə təsvir edib: "Bir neçə aydır ki, sağlamlığım pisləşir. Əgər əvvəllər problemlər yalnız genetik autoimmun xəstəliyim olan seliakiya ilə bağlı idisə (pəhrizin dəfələrlə pozulması səbəbindən ürəkbulanma, qusma, qarın ağrıları), indi bura 17 yaşımdan bəri unutduğum ürək problemləri də əlavə olunub. <...> Vaxtaşırı gözlərim qaralır, təngnəfəslik, sinədə ağırlıq, tez-tez başgicəllənmələri və sol qolumda ağrılar yaranıb. Ekspertizadakı terapevt ürəyimdə küy eşidib, istintaq təcridxanasının terapevti isə bunu təsdiqləyib."
Skoçilenkonun uşaqlıqdan psixoloji çətinlikləri də olub. 2011-ci ildə psixoloji yardım üçün dövlət müəssisəsinə müraciət etdikdən sonra o, "demək olar ki, zorla" Skvortsov-Stepanov adına klinikanın psixiatriya stasionarına yerləşdirilib. Skoçilenko xəstəxananın "dəhşətli məişət şəraitini" qeyd edib. Atası onun xəstəxanadan çıxmasına və terapevt tapmasına kömək edib. 2014-cü ildə Skoçilenko müalicə axtarışında olan Saşa adlı qızın hekayəsindən bəhs edən "Depressiya haqqında kitab" adlı komiksini nəşr etdirib. 2022-ci ilin may ayına olan məlumata görə, bu kitab ingilis, ispan və ukrayna dillerinə tərcümə edilib. Skoçilenko ukrayna dilini bilmədiyi üçün nəşriyyatın rəhbərliyi altında bütün ifadələri əllə köçürdüyünü bildirib: "Bu layihə üzərində işlədiyim hər gün kitab nəşr olunan kimi həbs ediləcəyimi düşünürdüm. Çünki artıq o vaxt ölkələrimiz arasında müharibə gedirdi. Bu, mənim şəxsi, ürkək diplomatiya və sülh jestim idi."
Daha sonra Aleksandra Skoçilenko daha iki kitab yaradıb: personajın vəziyyətinin bənövşəyi-narıncı rənglərlə ötürüldüyü "Maniya nədir?" və ağ-qara formatda olan "Məni heç vaxt sevməyiblər" əsərləri. O, həmçinin jurnalist Maşa Puşkinanın "Bipolyarlar. Maskasız" kitabının həmmüəllifi olub və "Bipolyar pozuntu: sağ qalma bələdçisi" kitabı üçün illüstrasiyalar çəkib.Маша Пушкина. Без масок. Биполярники
O açıq lezbiyandır və partnyoru onun cinayət işinin, həmçinin saxlanma şəraitinin ictimailəşdirilməsində yaxından iştirak edib.
Aktivizmi və həbsi
Skoçilenko Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinə qarşı keçirilən bir çox etiraz aksiyalarına qoşulub. 2022-ci il martın 3-də Sankt-Peterburqun mərkəzində keçirilən etiraz aksiyasında saxlanılaraq bir gecəlik həbs edilib və 10.000 rubl məbləğində cərimə olunub. 2022-ci il aprelin 11-də Skoçilenko, martın 31-də "Perekrestok" supermarketində "qiymət kağızlarının yerinə Rusiya Silahlı Qüvvələrinin istifadəsi haqqında məlumatların olduğu kağız parçaları yerləşdirdiyi" üçün həbs edilib. Ona aid edilən mesajlarda martın 16-da Mariupol teatrının bombalanması haqqında məlumat yer alıb: "Rusiya ordusu Mariupolda təxminən 400 nəfərin atəşdən gizləndiyi incəsənət məktəbini bombalayıb." Skoçilenko "Rusiyaya qarşı siyasi nifrət" bəsləməkdə ittiham olunub və məhkəməyə qədər səkkiz həftəlik həbs edilib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi (müharibə dövrü senzura qanunları) ilə ittiham olunub və onu 10 ilə qədər həbs cəzası gözləyirdi. 2022-ci ilin aprelində həbsxanadan yazdığı məktubda Skoçilenko qeyd edirdi: "Elə gətirdi ki, mən Putin rejiminin dözə bilmədiyi hər şeyi — yaradıcılığı, pasifizmi, LGBT-ni, psixoloji maarifləndirməni, feminizmi, humanizmi və parlaq, qeyri-müəyyən, qeyri-adi olan hər şeyə sevgini təmsil edirəm."
Aprelin 11-də saxlanıldıqdan dərhal sonra Skoçilenko müvəqqəti saxlanma təcridxanasına (İVS) göndərilib. İki gün sonra Sankt-Peterburqun Vasileostrovski Rayon Məhkəməsi qapalı iclasda onun barəsində mayın sonuna qədər həbs qətimkan tədbiri seçib. Hakim Yelena Leonova bir neçə siyasətçinin zaminliyini və Skoçilenkonun qeydiyyatda olduğu mənzil sahibinin onun orada ev dustaqlığı çəkməsinə dair notarial razılığını nəzərə almayıb. Hakim öz qərarını sənətçinin "Ukraynada dostlarının olması" və "bacısının Fransada yaşaması" faktları ilə əsaslandırıb. Skoçilenkonun həbsi böyük rezonans doğurub və aktiv müdafiə hərəkatı formalaşıb. Qətimkan tədbirinin dəyişdirilməsi tələbi ilə onlayn petisiya yayımlanıb və 2022-ci ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, onu 160 mindən çox insan imzalayıb. Həmçinin skochilenko.ru saytı istifadəyə verilib. Onun müdafiəsinə "Bumaqa" nəşrinin baş direktoru Kirill Artyomenko, tarixçi Arseni Vesnin, deputat Boris Vişnevski, rejissor Filipp İqnatyev və digərləri qoşulub. Kseniya Sorokina isə dram teatrında ən yaxşı kostyum işinə görə aldığı "Qızıl maska" mükafatını Skoçilenkoya ötürüb.
Skoçilenkonun yaxınları İVS rəisinə onun xəstəliyini təsdiq edən tibbi sənədləri dərhal çatdırıb, pəhriz qidaları verməyə çalışıblar, lakin orqanların bu yardımları hər zaman qəbul etməməsindən şikayətləniblər. Hüquq müdafiəçilərinin nəzarətinə baxmayaraq, Skoçilenko uzun müddət zəruri olan qlütensiz pəhrizi ala bilməyib. 25 apreldə vəkili onun vəziyyətinin pisləşdiyini, ürəkbulanma və depressiv epizodların geri döndüyünü, təcridxanada lazımi tibbi yardımın göstərilmədiyini bəyan edib. 26 apreldə Rusiya İnsan Hüquqları Şurası müvafiq qurumlardan Skoçilenkonu qlütensiz qida ilə təmin etməyi xahiş edsə də, cəzaçəkmə müəssisəsi şəraitin "qanunvericiliyin tələblərinə uyğun" olduğunu iddia edib. Mayın əvvəlində vəkil bildirib ki, kamera yoldaşları Skoçilenkoya psixoloji təzyiq göstərirlər: bütün ərzaqlar kameranın "başçısında" saxlanılır, yeməklərin bir hissəsini atmağa məcbur edilir, qıza isə yalnız ümumi yemək vaxtı qidalanmağa icazə verilirdi. Məsələ ictimailəşdikdən sonra, mayın 7-də Skoçilenko iki nəfərlik kameraya köçürülüb. Zəruri tibbi pəhrizə isə yalnız mayın 11-də ombudsman Svetlana Aqapitovanın müdaxiləsi ilə nail olunub.
Mayın 30-da Sankt-Peterburq Rayon Məhkəməsi qapalı iclasda onun həbs müddətini iyul ayına qədər uzadıb. İyunun əvvəlində o, müvəqqəti olaraq psixiatriya xəstəxanasına köçürülüb, orada tibbi heyət onun qarın ağrısını müalicə etməkdən və vəziyyəti barədə vəkilinə məlumat verməkdən imtina edib. İyunun 30-da Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzi Skoçilenkonun "Səkkizinci Təşəbbüs Qrupu" adlı "radikal feminist qrup"un üzvü olduğunu iddia edən hesabat dərc edib. Skoçilenko bu qrup haqqında heç bir məlumatı olmadığını bildirib. Bu iddialardan sonra məhkəmə onun həbs müddətini sentyabr ayına qədər uzadıb.
İnsan hüquqları qrupları onun saxlanma şəraiti ilə bağlı ciddi narahatlıqlarını bildiriblər. Skoçilenko anadangəlmə ürək qüsuru, PTSP (posttravmatik stress pozuntusu) və seliakiya (qlüten dözümsüzlüyü) xəstəliklərindən əziyyət çəkir. Ona lazımi qlütensiz pəhriz verilmədiyi üçün o, həbsdə ciddi şəkildə çəki itirib. Həmçinin saxlandığı müddətdə partnyorunun onu ziyarət etməsinə icazə verilməyib. İyul ayında "Azadlıq Radiosu"na verdiyi müsahibədə Skoçilenko əlavə narahatlıqlarını bölüşərək bildirib ki, o və digər məhbuslar kameranı gündə üç dəfə əllə təmizləməyə məcbur edilir, televizorda isə yalnız müharibə filmlərinə və Rusiyanın Ukraynaya müdaxiləsi haqqında hökumətyönlü xəbərlərə baxmağa icazə verilir.
2023-cü il iyulun 7-də məhkəmə onun həbs müddətini oktyabrın 10-na qədər uzadıb.
Hökm 2023-cü il noyabrın 16-da Sankt-Peterburq məhkəməsi supermarketdəki qiymət kağızlarını müharibə əleyhinə şüarlarla əvəz etdiyi üçün onu yeddi il müddətinə azadlıqdan məhrum edib. Hökm elan olunmazdan əvvəl məhkəmədə çıxış edən Skoçilenko hakimə belə deyib: "Hörmətli hakim, sizin hökmünüzlə cəmiyyətə nümunə göstərmək üçün unikal fürsətiniz var... Siz münaqişənin sözlər və mərhəmət köməyi ilə necə həll oluna biləcəyini göstərə bilərsiniz."
Məhkəmə prosesi zamanı prokurorun Rusiyanı "demokratiya" adlandırmasına tamaşaçıların gülməsi üzərinə hakim zalı boşaltmaqla hədələyib.
Beynəlxalq dəstək
2022-ci ilin iyununda "Memorial" təşkilatı Skoçilenkonu siyasi məhbus elan edib, "Amnesty International" isə onu "vicdan məhbusu" kimi tanıyıb. O, 2022-ci ildə BBC-nin "100 Qadın" siyahısına daxil edilib.