Türkmənbaşı Beynəlxalq Dəniz Limanı () — Xəzər dənizinin şərq hissəsində yerləşən eyniadlı liman və təşkilat. Türkmənistanın ən böyük dəniz limanı hesab olunan bu obyekt Balkan vilayətinin Türkmənbaşı şəhərinin ərazisində yerləşir.
Tarixi Liman 1896-cı ilin oktyabr ayında Xəzər dənizinin şərq sahilində təsis edilmişdir. Yük və sərnişin daşımalarının birləşdirilməsi və nizama salınması məqsədilə 1 yanvar 1903-cü il tarixində Ticarət Dəniz Limanı İdarəsi yaradılmışdır. İllər keçdikcə yük dövriyyəsinin artması bərə keçidinin inşası ideyasını gündəmə gətirmişdir. Bu məqsədlə 1959-cu ildən etibarən liman ərazisində bərə keçidinin tikintisinə başlanılmışdır. Krasnovodsk–Bakı xətti üzrə müntəzəm bərə reysləri 1962-ci ildən fəaliyyətə başlamışdır. Bu, yüklərin çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir.
2000–2003-cü illərdə limanda genişmiqyaslı yenidənqurma işləri aparılmışdır. Bu dövrdə köhnə körpülər bərpa edilmiş, gəmilər üçün yeni körpülər, anbarlar və bir sıra digər obyektlər inşa olunmuş, həmçinin müasir texnika alınmışdır. Görülən tədbirlər liman xidmətlərinin daha yüksək səviyyədə təqdim edilməsinə şərait yaratmışdır.
2011-ci ildə Türkmənbaşı limanının tamamilə yenidən qurulacağı elan edilmişdir. Layihə çərçivəsində terminalların modernləşdirilməsi, köhnə körpülərin sökülərək yenilərinin inşası nəzərdə tutulmuşdur.
thumb|right|Türkmənbaşı Beynəlxalq Dəniz Limanı.
2013-cü ildə liman tarixində ilk dəfə olaraq bu səviyyədə bir gəmiqayırma layihəsi olan "Çarlaq" sərnişin katamaranı inşa edilmişdir.
15 avqust 2013-cü il tarixində Türkiyənin "GAP İnşaat" şirkəti tərəfindən dəyəri 2 milyard ABŞ dollarI olan yeni limanın təməli qoyulmuşdur. Təməlqoyma mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak etmişdilər. Ümumi sahəsi 1 milyon 200 min kvadratmetr olan layihə çərçivəsində bərə, sərnişin və yük terminallarının, habelə gəmiqayırma zavodunun inşası planlaşdırılmışdır.
2014-cü ildə müasir dəniz sərnişin vağzalı istifadəyə verilmiş, 2018-ci ildə isə yeni dəniz limanının açılışı baş tutmuşdur.Самый большой на Каспии: в Туркменистане открыли международный морской порт — РТ на русском
Əhəmiyyəti Türkmənbaşı limanı Avrasiyada mühüm geosiyasi mövqeyə malikdir. Avropa–Qafqaz–Asiya (TRACECA) ticarət yolu üzərində yerləşən liman il boyu gəmiləri qəbul etmək, həmçinin günün istənilən vaxtı yükləmə-boşaltma işlərini həyata keçirmək imkanına malikdir. Mərkəzi Asiya və Avropanı dəniz, avtomobil və dəmir yolları vasitəsilə birləşdirən "dəniz qapısı" olan bu obyekt regionun ən böyük tranzit qovşağı funksiyasını yerinə yetirir.
2015-ci ilin məlumatına görə, sərnişin xətləri Türkmənbaşını Bakının Qaradağ rayonunun Ələt qəsəbəsi (Azərbaycan) və Olya limanı (Rusiya) ilə bağlamışdır. Daxili xətlər üzrə "Çarlaq" gəmisi vasitəsilə Xəzər şəhərinə və Qızılsu adasına müntəzəm səfərlər təşkil olunmuşdur.
Sərnişin terminalı Sərnişin və nəqliyyat terminalı 230 000 m^2 sahəni əhatə edir. Bu terminal ildə 300 min sərnişin və 75 min nəqliyyat vasitəsinə xidmət göstərmək gücünə malikdir. Uzunluğu 256 metr olan dayanacaq eyni vaxtda iki gəminin yan almasına şərait yaradır. Terminalda bir tərəfdən vaqonlar, digər tərəfdən isə avtomobillər üçün dayanacaqlar nəzərdə tutulmuşdur.
Terminal binası 800 sərnişin üçün nəzərdə tutulmuşdur. Binanın daxilində bilet kassaları, kafelər, "duty-free" mağazası, pasport nəzarəti və gömrük rəsmiləşdirilməsi məntəqələri yerləşir. Terminalın strukturuna həmçinin, 50 yerlik "Beýik Ýüpek ýoly" mehmanxanası da daxil edilmişdir.
İstinadlar
Xarici keçidlər Официальный сайт История порта Туркменбаши
Kateqoriya:Türkmənbaşı Kateqoriya:Türkmənistanda nəqliyyat Kateqoriya:Türkmənistan limanları Kateqoriya:Xəzər dənizi limanları