Əbül-Həsən Muqatil ibn Süleyman ibn Bəşir əl-Əzdi əl-Bəxi (; ) — Quranı əvvəldən sona qədər təfsir etmiş ilk müfəssir.

Bioqrafiya Bəlxdə dünyaya gəlib, bir müddət Mərvdə yaşayıb.

Əməvilər sərkərdələrinin hörmət və etimadı qazanıb, Əməvilərlə döyüşən Haris ibn Süreyc ilə aparılan danışıqlarda Əməvi sərkədəsini təmsil edib.

İlk kəlamçılardan hesab olunan Cəhm ibn Səfvan ilə etiqadi məsələlərdə debat edib və ilahi sifətlərin isbatı haqqında öz nəzəriyyəsini müdafiə edən əsər qələmə alıb.

Əməvilərin Xorasandakı nüfuzu azaldıqdan sonra Bəsrəyə gedib. Burada Əta ibn Əbu Rəbah, Zöhri və başqa alimlərdən bəhrələnib. Bağdad, Beyrut və Məkkə kimi şəhərlərə elmi səfərlər edib. Bağdadda Abbasi xəlifəsi Mənsur və Mehdi-Billahla (şahzadə ikən) elmi söhbətlər edib. Sonra Bəsrəyə qayıdaraq orada vəfat edib.

Muqatil ibn Süleyman "ət-Təfsirül-kəbir", "əl-Vücuh vən-nəzair", "Təfsirül-xəmsi miə ayə minəl-Quran" və başqa əsərlərin müəllifidir. Onun "ət-Təfsirül-kəbir" adlı təfsiri "Təfsiru Muqatil ibn Süleyman" adı altında nəşr edilmişdir.

Məzhəb mənsubiyyəti O, təfsir və əqidə ilə maraqlanmışdır. Onun əqidə görüşləri haqqında mənbələrdə müxtəlif məlumatlar verilmişdir. Prof. Dr. Ömər Türkərə görə onun Sifətiyyə qrupunun təmsilçilərindən biri olduğuna şübhə yoxdur. Mənbələr onu şiəliyə, müşəbbihəyə və murciəyə nisbət etmişlər. Bəzi şiə mənbələrinə görə, Muqatil ibn Süleyman Məhəmməd əl-Baqir və Cəfər əs-Sadiqin tərəfdarlarından olmuşdur. Digər mənbələr də isə zeydiyyəyə mənsub olduğu deyilmişdir. Bəzi müasir və qədim mənbələrə görə də o, Allahın cisim və ərşdə olunduğuna inanmışdır.

Əslində Muqatil ibn Süleyman haqqındakı fərqli qiymətləndirmələr onun yaşadığı dövrdə Xorasandakı ideoloji və siyasi qarşıdurmalardan qaynaqlanır. Zeydiyyə və Şiə tərəfdarlarının olduğu və xüsusilə Mürciə tərəfdarlarının da çoxluq təşkil etdiyi Xorasan bölgəsində ideoloji fərqliliklər siyasi qarşıdurmalarda tərəf seçməyə təsir etmişdir. Lakin bunun tam mənada müəyyənedici olduğunu demək çətindir. Mənbələrdə verilən məlumatlar qrupların öz daxilində həm siyasi, həm də ideoloji baxımdan vəhdət olmadığını göstərir. Hər ikisi də mürciə hesab olunan Muqatil ibn Süleyman ilə Cəhm ibn Səfvan eyni ideoloji bütövlüyə sahib olmadıqları kimi, eyni siyasi mövqeni də mənimsəməmişlər. Mənbələrdə Cəhmin muattilə, Muqatilin isə müşəbbihə olduğu deyilir. Yenə də Muqatil bir mürciə hesab olunsa da, hakimiyyətə qarşı edilən Mürciə üsyanlarda iştirak etməmişdir. Halbuki Cəhm, Əməvilərə qarşı üsyan edən Haris ibn Süreycin üsyanında ona məsləhətçilik etmişdir.

Muqatil ibn Süleymanın mürciə sayılmasında əsas götürülməsi lazım olan məsələ, İbn Həzmin də qeyd etdiyi kimi, mürciənin əsas prinsipi olan iman-əməl münasibətidir. Muqatil iman ilə əməli ayırır və böyük günah işləyən şəxsin mömin olduğunu qəbul edir. Bundan əlavə, imanı "təsdiq" kimi tərif etsə də, onu mərifətlə əlaqələndirir və imanla əməli bir növ mərifətin dərəcələri kimi qiymətləndirir. Bu baxımdan, az əməl ilə imanın mümkün olub-olmaması müzakirələrinin əsas gündəm mövzusu olduğu Xorasanda mürciə tərifinə daxil olur. Halbuki Muqatil siyasi mövqelərində mürciə ilə eyni sırada görünmür.

Muqatilin mücəssimə və müşəbbihəyə mənsub olduğunu irəli sürən və ifrat təşbihçi düşüncələri (bu günə gəlib çatan heç bir əsərində belə bir fakt mövcud deyil) ona aid edən qiymətləndirmələrin, xüsusilə Allahın zatı və sifətləri barədə Cəhm ibn Səfvan və başqaları ilə etdiyi mübahisələr nəzərə alındıqda, bu çərçivədə qiymətləndirilməsi daha doğru görünür.

Bu cür problemlərin həlli üçün iki ayrı Muqatil ibn Süleymanın yaşadığı və bunlardan təfsir sahibi olanın müşəbbihə və mücəssiməyə mənsub olduğu da deyilmişdir. Lakin bu iddia mənbələrdə verilən məlumatlarla uyğun gəlmir. Onun zeydiyyə və ya imamiyyəyə mənsub olduğuna dair rəvayətlər də vardır. Ancaq Muqatilin məzhəbi mənada şiə olduğunu qəbul etmək həm əsərlərindəki fikirlərlə, həm də Əməvilərlə olan yaxınlığı və bəzi görüşlərdə onları təmsil etməsi faktı ilə uyğunlaşmır.

İstinadlar

Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Tabiinlər