İnstitusional incəsənət nəzəriyyəsi — incəsənət əsərini onun daxil olduğu mədəniyyət, cəmiyyət və müvafiq təsisatlarla əlaqəsi kontekstində müəyyənləşdirməyə yönəlmiş fəlsəfi-estetik konsepsiya.
Bu nəzəriyyənin əsasları ilk dəfə sənət nəzəriyyəçisi və filosof Artur Dantonun 1964-cü ildə qələmə aldığı "İncəsənət dünyası" () adlı məqaləsi ilə qoyulmuşdur. Danto bu mülahizəni Endi Vorholun "Brillo qutuları" () adlı əsərindən yola çıxaraq formalaşdırmışdır; çünki incəsənət əsəri kimi qəbul edilən bu qutular vizual olaraq supermarketlərdə satılan və incəsənət əsəri sayılmayan adi Brillo qutularından heç nə ilə fərqlənmirdi. Danto iddia edirdi ki, hər hansı bir obyektin incəsənət əsəri kimi qəbul edilməsi üçün onun gözlə görünən, daxili xüsusiyyətlərindən ziyada, incəsənət nəzəriyyəsi və incəsənət tarixi şüuru kimi xarici kontekstlər də zəruridir. O, bu konteksti təmin edən mühiti incəsənət dünyası adlandırmışdır.
Corc Dikinin töhfəsi və sənətin tərifi
Sonrakı illərdə Dantonun baxışları institusional nəzəriyyədən semantik nəzəriyyəyə doğru meyil etsə də, onun məqaləsindən təsirlənən filosof Corc Diki bu konsepsiyanı daha da inkişaf etdirmişdir. Diki 1974-cü ildə nəşr olunan "İncəsənət və estetika" () adlı kitabında incəsənətin tərifini institusional çərçivədə belə vermişdir: "İncəsənət əsəri — sosial bir təsisatın (incəsənət dünyasını) nümayəndəsi olan hər hansı bir şəxs və ya şəxslər tərəfindən müəyyən bəzi tərəfləri qiymətləndirilməyə (bəyənilməyə) namizəd statusu qazanmış özünəməxsus bir obyektdir."
Bu tərifdə incəsənət əsəri hər hansı bir keyfiyyət qiymətləndirilməsinə tabe tutulmadan, neytral mənada işlədilmiş, sadəcə onun qiymətləndirilməyə "namizəd" olduğu vurğulanmışdır.
1997-ci il redaktəsi (Beşli sistem)
Corc Diki 1997-ci ildə öz nəzəriyyəsini yenidən gözdən keçirərək onu daha aydın sirkulyar (dairəvi) struktura gətirmiş və tərifdə aşağıdakı sistemli dəyişiklikləri etmişdir: İncəənət əsəri, incəsənət dünyası əhlinə (ictimaiyyətinə) təqdim olunmaq üçün yaradılmış özünəməxsus bir obyektdir. Sənətkar (rəssam), incəsənət əsərinin yaradılması prosesində şüurlu şəkildə iştirak edən və töhfə verən şəxsdir. Əhli (ictimaiyyət), özlərinə təqdim olunan incəsənət obyektini başa düşmək və qavramaq üçün müəyyən dərəcədə mədəni biliyə və hazırlığa malik olan insanlar qrupudur. İncəsənət dünyası, bütün fərdi incəsənət dünyası sistemlərinin məcmusudur. İncəsənət dünyası sistemi, hər hansı bir sənət əsərinin sənətkar tərəfindən incəsənət dünyası əhlinə təqdim edilməsinə şərait yaradan institusional çərçivədir.
İnstitusional nəzəriyyədə əsas terminlərin izahı
Obyekt (Əsər): Hər hansı bir insan tərəfindən şüurlu və qəsdən yerinə yetirilmiş bir fəaliyyətin və ya seçimin mövcudluğunu ifadə edir. Məsələn, təbiətdən seçilərək sərgi salonuna gətirilən hər hansı bir əşya və ya Marsel Düşanın "hazır obyekt" () incəsənət nümunələri məhz şüurlu bir seçimin məhsulu olduqları üçün bu kateqoriyaya daxil edilirlər. Qiymətləndirilməyə (bəyənilməyə) namizəd: Bu ifadə obyektin birbaşa "incəsənət əsəri kimi qəbul edilməyə namizəd olması" mənasını daşıyır. Buradakı əsas şərt əsərin mütləq şəkildə kimsə tərəfindən bəyənilməsi deyil, sadəcə incəsənət dünyası tərəfindən bu statusda irəli sürülməsidir. Təsisat (İnstitut): Geniş mənada incəsənət dünyasını idarə edən və formalaşdıran kolleksionerlər, kuratorlar, muzey rəhbərləri, qalereya sahibləri, sənət dilerləri və sənət tənqidçilərinin hamısını əhatə edən şəbəkədir.
İstinadlar
Həmçinin bax
Artur Danto Endi Vorhol İncəsənət dünyası Estetika
Kateqoriya:Estetika Kateqoriya:İncəsənət fəlsəfəsi