Bavariya Elmlər Akademiyası (, qısaldılması: BAdW) — ictimai qeyri-kommersiya təşkilatı, Bavariyanın əsas elmi-tədqiqat mərkəzi və Almaniya Elmlər Akademiyaları İttifaqının üzvüdür. Akademiya Münhen şəhərində, keçmiş kral sarayında yerləşir.

2009-cu ildə akademiyanın 157 həqiqi və 156 müxbir üzvü var idi. Akademiya Almaniyanın ən böyük hesablama mərkəzlərindən birinə () sahibdir, həmçinin onun nəzdində ifrat aşağı temperaturların öyrənilməsi institutu () fəaliyyət göstərir.

Tarixi

Kral Bavariya Elmlər Akademiyası 1759-cu ildə kürfürst III Maksimilian İosif tərəfindən Münhendə təsis edilmişdir və buna görə də Avropanın ən qədim elmi cəmiyyətlərindən biri hesab olunur.

Akademiyanın layihəsi "Bavariya Elmi Cəmiyyəti"nin () təsisçisi, saray müşaviri İohann Qeorq fon Lori (, 1723–1787) və akademiyanın ilk prezidenti olmuş qraf Ziqmund fon Haymhauzen (, 1708–1793) tərəfindən hazırlanmışdır. Əsasən tarixi tədqiqatlar üçün yaradılmış akademiya, 1763-cü ildən başlayaraq Bavariya arxiv sənədlərindən ibarət 40 cildlik "Monumenta Boica" məcmusunu nəşr etmişdir. Bu elmi fəaliyyətdə Herman Şolliner (1722–1795) də yaxından iştirak etmişdir.

Bavariya Elmlər Akademiyasının 1783-cü ilə qədər öz şəxsi binası olmamışdır. Həmin il akademiyaya Yezuitlər ordenindən müsadirə edilmiş "Wilhelminum" sarayı verilmişdir. 1944-cü ildə akademiyanın binası bombardman nəticəsində tamamilə dağıdılmışdır. Bundan sonra akademiyanın təşkilatları və xidmətləri Münxen Lüdviq-Maksimilian Universitetinin müxtəlif kiçik auditoriyalarında və bürolarında yerləşmişdir. Yalnız özünün 200 illik yubileyində (1959-cu ildə) Bavariya Elmlər Akademiyası Münhen iqamətgahının şimal-şərq qanadında daimi fəaliyyət göstərəcəyi indiki binasına köçmüşdür.

Strukturu

Bavariya Elmlər Akademiyası Almaniya elmi cəmiyyətləri üçün ənənəvi olan struktura malikdir. Təşkilati baxımdan akademiya siniflərə (bölmələrə) bölünür və təsis edildiyi gündən bəri cəmi iki sinif fəaliyyət göstərir: Riyaziyyat-Təbiət Elmləri sinfi və Tarix-Filologiya sinfi. Siniflər komissiyalardan və işçi qruplardan ibarətdir. Tarix-Filologiya sinfinin tərkibində 30 komissiya, Riyaziyyat-Təbiət Elmləri sinfinin tərkibində isə 10 komissiya və işçi qrup fəaliyyət göstərir. Bundan əlavə, 3 komissiya heç bir sinfə daxil deyil və öz statusuna görə onlara bərabər tutulur: Elm Tarixi Komissiyası, Dağ-Mədən Tədqiqatları Komissiyası, habelə Mühəndislik və Tətbiqi Təbiət Elmləri üzrə Daimi Komissiya. Akademiyanın idarə edilməsini Plenum (akademiyanın həqiqi üzvlərinin ümumi yığıncağı) həyata keçirir, Plenumun çağırışları arasındakı dövrdə isə akademiyanın idarə olunması İdarə Heyətinə () məxsusdur.

Akademiyanın rəhbəri prezidentdir. İdarə Heyəti, mətbuat xidməti və Katiblik (başında elmi katib duran akademiyanın mərkəzi inzibati orqanı) birbaşa prezidentə tabedir.

Siniflər səviyyəsində cari idarəetmə məsələləri isə Sinfin Ümumi Yığıncağı və onun rəhbəri — akademik-katib tərəfindən həll edilir.

Mükafat və təltifləri

Bavariya Elmlər Akademiyası elmi nailiyyətlərə görə bir sıra mükafatlar, medallar və prizlər təqdim edir, həmçinin müxtəlif təqaüd proqramları həyata keçirir. Bunlara aşağıdakılar daxildir: Maks Veber adına mükafat () — Bavariya Elmlər Akademiyasının Tarix-Filologiya sinfinin qərarı ilə sosiologiya, dinşünaslıq, politologiya və tarix sahələrindəki görkəmli nailiyyətlərə görə verilir. Hər il təqdim olunan bu mükafatın məbləği 4000 avro təşkil edir. "Peregrinus" mükafatı () — ictimai elmlər sahəsindəki görkəmli şəxsi xidmətlərə görə təqdim olunur. Mükafat xarici alimlər üçün nəzərdə tutulmuşdur (latın dilindəki peregrinus — "xarici", "yadelli" sözündən götürülüb), iki ildən bir verilir və məbləği 5000 avro təşkil edir.

İstinadlar

Biblioqrafiya

Xarici keçidlər

Homepage of the Bavarian Academy of Sciences and Humanities Sitzungsberichte der mathematisch-physikalischen Klasse (Proceedings of the Mathematical-Physical Class, in German) 1860–2004 at ZOBODAT

Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı Kateqoriya:Münxen mədəniyyəti Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Bavariya Elmlər Akademiyası Kateqoriya:Bavariya tarixi