Yaşıl Fənər () — DC Comics tərəfindən nəşr olunan Amerika komikslərində yer alan bir neçə superqəhrəmanın ümumi adı. Onlar müxtəlif fövqəladə güclər bəxş edən xüsusi üzüklərin köməyi ilə şərə qarşı mübarizə aparırlar. Bu güclər təsəvvür, qorxusuzluq və emosional iradənin elektromaqnit spektrindən qaynaqlanır. Personajlar adətən Yaşıl Fənərlər Korpusu adlı qalaktikalararası hüquq-mühafizə təşkilatının üzvləri kimi təsvir olunurlar.
İlk Yaşıl Fənər olan Alan Skott 1940-cı ildə, Komikslərin Qızıl dövrü zamanı, Martin Nodell tərəfindən yaradılmış, ilk hekayələrin ssenarisi isə Bill Finqer tərəfindən yazılmış və ya həmmüəlliflik edilmişdir. Alan Skott adətən sehrli üzüyünün köməyi ilə Kapitol-sitidə (daha sonralar isə Qotemdə) adi cinayətkarlarla mübarizə aparırdı. Komikslərin Gümüş dövrünə təsadüf edən 1959-cu ildə, Con Brum və Gil Keyn personajı Hel Cordan kimi yenidən işləyərək təqdim etdilər və Yaşıl Fənərlər Korpusunu yaratdılar. Bununla da personajın mahiyyəti fantastikadan elmi fantastikaya doğru dəyişdirildi. Komikslərin Bürünc dövründə Dennis O’Nil və Nil Adams Korpusun yeni personajı - Con Stüartı təqdim edirlər. O, DC Comicsin ilk qaradərili superqəhrəmanlarından biri hesab olunur. Digər tanınmış Yaşıl Fənərlər arasında Qay Qardner, Kayl Reyner, Saymon Baz, Cessika Kruz və Co Malleyn də yer alırlar.
Yaşıl Fənərlər DC Comicsin ən uzunömürlü personaj qruplarından biri hesab olunur. Onlar televiziya seriallarına, video oyunlarına və kinofilmlərə adaptasiya edilmişdir.
Nəşr tarixi Qızıl dövrü
Martin Nodell (əvvəlcə Mart Dellon təxəllüsündən istifadə edirdi) ilk Yaşıl Fənər personajını Bill Finqer ilə əməkdaşlıq şəraitində yaratmışdır. Personaj ilk dəfə Komikslərin Qızıl dövründə, "All-American Comics" #16 nəşrinin 1940-cı ilin iyul nömrəsində meydana çıxmışdır. Nəşr All-American Publications tərəfindən buraxılmışdı; bu şirkət sonradan birləşərək DC Comics korporasiyasını formalaşdıracaq üç şirkətdən biri olmuşdur.
Həmin Yaşıl Fənər personajının əsl adı Alan Skott idi. O, dəmir yolu mühəndisi olmuşdur və qatar qəzasından sonra onunla danışan sehrli bir fənər tapmışdı. Fənər ona güc verəcəyini söyləmiş və Alan bundan geniş çeşidli qabiliyyətlər bəxş edən sehrli üzük hazırlamışdı. Üzüyün məhdudiyyətləri ondan ibarət idi ki, hər 24 saatdan bir müəyyən müddət ərzində fənərə toxundurularaq “enerji ilə doldurulmalı” idi və taxtadan hazırlanmış obyektlərə birbaşa təsir göstərə bilmirdi. Alan Skott əsasən adi insan cinayətkarlarla mübarizə aparırdı, lakin onun ölümsüz Vandal Sevec və zombi Solomon Qrundi kimi paranormal düşmənləri də var idi. Hekayələrin əksəriyyəti Nyu-York şəhərində cərəyan edirdi. Yaşıl Fənər üzükləri sehr vasitəsilə hazırlanırdı.
1940-cı illərdə populyar personajlardan biri olan Yaşıl Fənər həm "All-American Comics" və "Comic Cavalcade" kimi antologiya jurnallarında, həm də öz adı ilə nəşr edilən komiks seriyasında yer almışdır. O, həmçinin "All Star Comics" səhifələrində Amerikanın ədalət Cəmiyyəti adlı superqəhrəman komandasının üzvü kimi də çıxış etmişdir.
İkinci Dünya müharibəsindən sonra ümumilikdə superqəhrəmanların populyarlığı azalmağa başladı. Yaşıl Fənər komiksi 38-ci nömrə ilə (may–iyun 1949) dayandırıldı və "All Star Comics" #57 (1951) personajın Komikslərin Qızıl Dövründəki son çıxışı oldu. Sonrakı onilliklərdə superqəhrəmanlar yenidən populyarlıq qazandıqda Alan Skott personajı geri qaytarıldı, lakin onu əvəz etmək üçün yaradılmış yeni Hel Cordan personajının kölgəsində qaldı. Əvvəlcə o, digər superqəhrəman komikslərində qonaq kimi çıxış edirdi, daha sonra isə Amerikanın ədalət Cəmiyyəti ilə bağlı seriyalarda daimi rol almağa başladı. Ona bir daha ayrıca solo seriya verilmədi, baxmayaraq ki, fərdi hekayələrdə və 2002-ci ildə nəşr edilmiş "Brightest Day, Blackest Night" adlı tək buraxılış komiksdə baş qəhrəman olmuşdur. 1995–2003-cü illər arasında DC Comics yeni və daha populyar elmi-fantastik Yaşıl Fənər personajlarından fərqləndirmək məqsədilə Alan Skottun superqəhrəman adını "Sentinel" olaraq dəyişdirmişdir.
2011-ci ildə Alan Skott personajı yenidən işlənmişdir. Onun kostyumu tam yaşıl rəngdə dizayn edilmiş və güc mənbəyi təbiətin mistik qüvvəsi ("Yaşıl" adlandırılan enerji) ilə əlaqələndirilmişdir.
Gümüş dövrü
1959-cu ildə Yulius Şvarts Yaşıl Fənər personajını Hel Cordan adlı elmi fantastika qəhrəmanı kimi yenidən yaratdı. Hel Cordanın gücləri, demək olar ki, Alan Skottun gücləri ilə eyni idi, lakin digər bütün xüsusiyyətlərinə görə bu personaj 1940-cı illərin Yaşıl Fənərindən tamamilə fərqlənirdi. O, yeni ada, yenidən işlənmiş kostyuma və dəyişdirilmiş mənşə hekayəsinə sahib idi. Hel Cordan üzüyünü ölməkdə olan yadplanetlidən almış və Kainatın Mühafizəçiləri tərəfindən idarə olunan qalaktikalararası hüquq-mühafizə təşkilatı olan Yaşıl Fənərlər Korpusunun zabiti təyin edilmişdi.
Hel Cordan ilk dəfə "Showcase" komiksinin 22-ci sayında (sentyabr–oktyabr 1959) təqdim edilmişdir. İlk illərdə seriyanın əsas yaradıcı heyəti rəssamlar Gil Keyn və Sid Qrin, həmçinin ssenarist Con Brum olmuşdur. Keynin sözlərinə görə, Hel Cordanın ilkin xarici görünüşü onun keçmiş qonşusu olan aktyor Pol Nyuman əsasında hazırlanmışdı.
Sonrakı inkişafı
76-cı saydan etibarən (aprel 1970) seriya üslub baxımından radikal dəyişiklik keçirdi. Redaktor Yulius Şvarts şirkətin yalnız fantaziya mövzuları ilə kifayətlənməməyə yönəlmiş ilk təşəbbüslərindən biri çərçivəsində ssenarist Dennis O’Nil və rəssam Nil Adams ilə birlikdə çalışaraq komiks seriyasına yeni maraq qazandırmağa və onu sosial baxımdan daha aktual etməyə cəhd göstərdi. Onlar seriyaya Yaşıl Ox personajını əlavə etdilər (üz qabığında, lakin rəsmi adda deyil, seriya "Green Lantern Co-Starring Green Arrow" adlandırılmışdı) və bu iki qəhrəmanı Amerika boyunca səyahət etdirərək "real dünya" problemləri ilə üz-üzə qoydular. Bu problemlərə münasibətdə Yaşıl Fənər əsasən qanun keşikçisi mövqeyindən çıxış edir, Yaşıl Ox isə liberal ikonoklast kimi təqdim olunurdu.
Bu dövrdə həmçinin mühüm əhəmiyyət daşıyan "Snowbirds Don’t Fly" hekayəsi dərc olundu (85–86-cı saylar). Hekayədə Yaşıl Oxun yeniyetmə köməkçisi Spidi (sonralar yetkin qəhrəman Qırmızı Ox kimi tanınmışdır) heroin asılılığına düçar olur və məcburi şəkildə bu vərdişdən uzaqlaşdırılır. Bu hekayələr tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və "The New York Times", "The Wall Street Journal" və "Newsweek" kimi nəşrlər onları komikslərin "yetkinləşməsinin" nümunəsi kimi təqdim edirlər. Bununla belə, O’Nil və Adamsın işi kommersiya baxımından uğur qazanmır və seriya cəmi 14 saydan sonra dayandırılır. Daha əvvəl nəşr olunmamış əlavə üç hissə isə sonradan "The Flash" komiksinin 217–219-cu saylarında əlavə material kimi çap edildi.
Seriya müxtəlif dövrlərdə bir neçə dəfə yenidən başladılmış və dayandırılmışdır. Populyarlığın artıb-azalmasına uyğun olaraq müəyyən müddətdə adı "Green Lantern Corps" olaraq dəyişdirilmişdi. Bir dövrdə eyni anda iki müntəzəm seriya nəşr olunurdu və hər birində fərqli Yaşıl Fənər personajı yer alırdı, üçüncü Yaşıl Fənər isə Ədalət Liqası komandasının üzvü idi. Bu dövrdə Kayl Reyner adlı yeni personaj yaradıldı və əsas Yaşıl Fənər qəhrəmanı rolunu üzərinə götürdü. Hel Cordan isə əvvəlcə Parallaks adlı antaqonistə çevrildi, daha sonra öldü və sonradan Spektr kimi geri qayıtdı.
"The New Frontier" hadisələrindən sonra ssenarist Ceff Cons, "Green Lantern: Rebirth" (2004–2005) seriyasında Hel Cordanı yenidən Yaşıl Fənər kimi geri qaytardı. Cons sonradan "Blackest Night" (13 iyul 2010-cu ildə nəşr olunmuşdur) hekayə xətti üçün zəmin hazırlamağa başladı və onu "Rebirth" ilə başlayan trilogiyanın üçüncü hissəsi kimi nəzərdə tuturdu. Trilogiyanın ikinci hissəsi olan "Sinestro Corps War" (2007) vasitəsilə Cons rəssam İtan Van Şiver ilə birlikdə Yaşıl Fənər mifologiyasını daha da genişləndirdi. Seriya müxtəlif rənglərə malik "fənər" korpuslarının təqdimatı ilə həm tənqidçilərin rəğbətini qazandı, həm də böyük kommersiya uğuru əldə etdi.
Xronologiya
Mükafatlar
Yaşıl Fənər seriyası və onun yaradıcıları illər ərzində bir sıra mükafatlara layiq görülmüşdür. Bunlar arasında 1961-ci ildə verilmiş Elli mükafatının "Öz komiks seriyasına sahib ən yaxşı macəra qəhrəmanı" nominasiyası da var idi.
1970-ci ildə isə personaj seriyası, Komiks İncəsənəti Akademiyası tərəfindən təqdim olunan Şazam mükafatında "Ən yaxşı davam edən hekayə xətti" nominasiyası üzrə qalib olmuşdur. Bu mükafat Dennis O'Nil və Nil Adams tərəfindən hazırlanmış "No Evil Shall Escape My Sight" hekayəsinə görə verilmişdi ("Green Lantern" cild 2 #76). 1971-ci ildə həmin yaradıcı tandem "Snowbirds Don’t Fly" hekayəsinə görə yenidən "Ən yaxşı fərdi hekayə" mükafatını qazanmışdır ("Green Lantern" cild 2 #85).
Dennis O'Nil 1970-ci ildə Yaşıl Fənər, Betmen, Supermen və digər seriyalar üzərindəki fəaliyyətinə görə "Ən yaxşı ssenarist (dramatik bölmə)" nominasiyasında Şazam mükafatını almışdır. Nil Adams isə Yaşıl Fənər və Betmen üzərindəki işi sayəsində "Ən yaxşı rəssam (dramatik bölmə)" mükafatına layiq görülmüşdür. Rəssam Dik Cordano da Yaşıl Fənər və digər komikslərdəki fəaliyyətinə görə "Ən yaxşı cizgi rəssamı (dramatik bölmə)" nominasiyasında Şazam mükafatını qazanmışdır.
Cud Vinikin Yaşıl Fənər seriyası üzrə ilk daimi müəllif işi zamanı o, Kayl Reynerin köməkçilərindən birinin homoseksual personaj olduğunu açıqlayan hekayə xətti yazmışdır. Bu hadisə "Green Lantern" cild 3 #137 (iyun 2001) buraxılışında baş vermişdir. "Green Lantern" cild 3 #154 (noyabr 2001) nömrəsində dərc olunmuş "Hate Crime" () adlı hekayə isə geniş media diqqəti qazanmışdır. Hekayədə Terri Berq adlı personaj homofob hücum nəticəsində amansızcasına döyülürdü. Bu hekayə xətti ilə bağlı Cud Vinik 15 avqust 2002-ci ildə Fil Donahuunun MSNBC kanalındakı proqramında müsahibə vermişdir. O, Yaşıl Fənər üzərindəki fəaliyyətinə görə iki GLAAD Media Mükafatına layiq görülmüşdür.
2011-ci ilin may ayında Yaşıl Fənər IGN tərəfindən hazırlanmış "Bütün dövrlərin ən yaxşı 100 komiks qəhrəmanı" siyahısında 7-ci yeri tutmuşdur.
Hüquqi mübahisələr
DC Comics Yaşıl Fənər ticarət nişanları ilə bağlı ABŞ Patent və Ticarət Nişanları İdarəsi qarşısında iki hüquqi mübahisədə iştirak etmişdir; bunlardan birincisi 2012-ci ildə, ikincisi isə 2016-cı ildə baş vermişdir.
Personajlar Qızıl dövrü Yaşıl Fənəri Alan Skott
Gümüş dövrü Yaşıl Fənəri Hel Cordan Qay Qardner
Bürünc dövrü Yaşıl Fənəri Con Stüart
Müasir dövr Yaşıl Fənərləri Kayl Reyner Saymon Baz Cessika Kruz Keli Kuintela Socurner Malleyn
"Green Lantern" komiksləri və əlaqəli başlıqlarda Yaşıl Fənər kimi qeyd edilənlər Ceyd Sinestro Ceday Kul Tay Fam Conq Li
Güc və bacarıqları
Hər bir Yaşıl Fənər müxtəlif qabiliyyətlər bəxş edən xüsusi üzük daşıyır. Üzük iradə gücü ilə işləyir. Komikslərdə üzüyün imkanlarının tam sərhədləri heç vaxt dəqiq şəkildə müəyyən edilməmişdir, lakin iki xüsusiyyət daim qorunub saxlanılmışdır: üzük sahibinə uçmaq qabiliyyəti verir və onun bütün təsirləri yaşıl işıqla müşayiət olunur. Yaşıl Fənər Andı
"Green Lantern" #9 buraxılışında — 1950-ci illərin ən mühüm elmi fantastika yazıçılarından biri kimi tanınan və əsərlərində qafiyəli misralardan istifadə edən Alfred Bester, ilk dəfə Yaşıl Fənər andını təqdim etmişdir:
Bu and sonradan personajın Hel Cordan versiyası üçün yenidən istifadə edilmişdir. Daha sonra Alan Mur və Ceff Cons onun müxtəlif variantlarını təqdim etmişlər.
Bir çox hallarda "darkest night" ifadəsi "blackest night" ilə əvəz olunur və bu, "Blackest Night" adlı böyük krossover hadisəsinin adına ilham vermişdir. Həmin hekayənin davamı isə "Brightest Day" adlandırılmışdır.
Digər mediada Film Müstəqil film
Hel Cordan ilk dəfə canlı aktyorluq formatında 2011-ci ildə çəkilmiş "Yaşıl Fənər" filmində ekrana gətirilmiş, personajı Rayan Reynolds canlandırmışdır. Filmin əvvəlcə yeni DC Comics kino franşizasının başlanğıcı olması planlaşdırılırdı və davam filmi ilə yanaşı adsız Fleş filmi də nəzərdə tutulurdu. Lakin filmin uğursuzluğu səbəbilə bu layihələrin heç biri həyata keçirilməmişdir.