Yulaf dönərgə (; ) – Azərbaycan–Almaniya–Polşa birgə istehsalı olan qısametrajlı animasiya filmi. Film Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsidir.
Məzmun Film səhər yeməyi zamanı valideynləri arasında baş verən mübahisə zəminində uşaqda yaranan mürəkkəb emosiyalardan bəhs edir. Baş qəhrəman qız səhər yeməyindən bədheybət hazırlayaraq valideynləri arasında barışıq yaradır.
İstehsal Film klassik stop motion, plastilin və rəqəmsal 3D texnikalarından istifadə olunaraq yaradılmışdır. 3D modellərin hazırlanmasında fotoqrammetriya tətbiq olunmuşdur. İki il davam edən istehsal prosesi zamanı 160–180 kiloqram plastilindən istifadə olunmuşdur. Filmin davam etmə müddəti 9 dəqiqə 33 saniyədir.
Filmin rejissoru polşalı İzabela Pluçinska, ssenari müəllifi Yustina Seleda, rəssamı Karolina Qolebiovska, bəstəkarı Azər Hacıəsgərlidir. Filmdəki personajlar Mariya Dabrovska, Hüsniyyə Mürvətova, Maya Pluçinska və Firdovsi Nəbiyev tərəfindən səsləndiriblər. Səs rejissoru Nadir Mahmudov, montajçısı Piotr Kriqiyel, titr dizayneri Rəsul Həsəndir. Filmin prodüserləri Paulina Ratayçak, Karsten Matern və Rəşid Ağamalıyevdir.
Filmin maliyyələşdirilməsində Polşa Kino İnstitutu, Azərbaycan Respublikası Kino Agentliyi, "Animafilm" Studiyası və "Pomerania Film" Qərbi Pomeraniya Kino Fondu, eləcə də, Polşanın Koşalin və Şetsin şəhərləri iştirak etmişlər.
Buraxılması Filmin beynəlxalq premyerası 21 fevral 2026-cı ildə 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalında, Almaniya premyerası 5–10 may 2026-cı ildə keçirilmiş 33-cü Ştutqart Beynəlxalq Animasiya Filmləri Festivalının "Uşaqlar üçün oyunlar" müsabiqə bölümündə, Azərbaycanda premyerası isə 13–17 may 2026-cı ildə Bakıda keçirilmiş 9-cu Animafilm Beynəlxalq Animasiya Festivalında baş tutmuşdur. Film 79-cu Kann Beynəlxalq Film Festivalının kino sənayesi hissəsi çərçivəsində gerçəkləşən "SFC | Rendez-vous Industry" proqramına daxil edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan cizgi filmləri Kateqoriya:Stop motion cizgi filmləri Kateqoriya:2026-cı ilin Azərbaycan filmləri Kateqoriya:Polşa filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Azərbaycan qısametrajlı filmləri