Mayns Elmlər və Ədəbiyyat Akademiyası (, qısaldılması: AdW-Mainz) — Almaniya Elmlər Akademiyaları İttifaqının qərargahının yerləşdiyi elmi-tədqiqat mərkəzi, ictimai və qeyri-kommersiya təşkilatı.

Tarixi

Mayns Elmlər və Ədəbiyyat Akademiyasının əsası 9 iyul 1949-cu ildə tanınmış alman yazıçısı Alfred Döblin (1878–1957) və bir qrup digər elm və incəsənət xadiminin təşəbbüsü ilə qoyulmuşdur. Yeni elmi-tədqiqat mərkəzi, İkinci Dünya müharibəsindən sonra Almaniyanın Fransa və Britaniya işğal zonalarında qalmış, buraxılmış Prussiya Elmlər Akademiyası üzvlərinin səyləri nəticəsində yaradılmışdır. Müəyyən mənada Mayns Akademiyası, Prussiya Akademiyasının rəsmi hüquqi varisi olan ADR Elmlər Akademiyasına qarşı, həmin institutun Qərbi Almaniyadakı mənəvi varisi olaraq qəbul edilirdi.

Akademiyanın yaradılması layihəsinin əsasını həm də vaxtilə Mayns kürfürstünün sarayında xidmət etdiyi dövrdə elmin institusionallaşdırılması konsepsiyasını inkişaf etdirən Qotfrid Vilhelm Leybnitsin ideyaları təşkil etmişdir. Təşkilatın gerbinin üzərində latın dilində "Leybnitsin ruhu ilə" () devizi həkk olunmuşdur.

Almaniya Elmlər Akademiyaları İttifaqı yaradıldıqdan sonra, ayrı-ayrı federal torpaqların regional elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı üçün məhz Mayns Akademiyası əsas platforma rolunu oynamış və bu ittifaqın mərkəzi qərargahı da burada yerləşdirilmişdir.

Strukturu

Mayns Elmlər və Ədəbiyyat Akademiyası təşkilati baxımdan Almaniyanın digər analoji təşkilatları üçün ənənəvi olan strukturdan bir qədər fərqlənir: Vestfaliya Akademiyası kimi bu təşkilat da öz daxilində yalnız alimləri deyil, həm də incəsənət və ədəbiyyat xadimlərini birləşdirir. Akademiyanın tərkibində 3 sinif (bölmə) fəaliyyət göstərir:

Riyaziyyat-Təbiət Elmləri sinfi: Tərkibində əsasən tibb və biologiya sahələrini əhatə edən 8 komissiya və tədqiqat qrupu fəaliyyət göstərir. Sinfə akademik-katib, akademiyanın vitse-prezidenti, professor Gerhard Veqner () rəhbərlik edir. Humanitar və İctimai Elmlər sinfi: Akademiyanın ən böyük bölməsidir. Tərkibində əsasən filologiya və tarix sahələrində layihələr həyata keçirən 36 komissiya və tədqiqat qrupu mövcuddur. Sinfə akademik-katib, akademiyanın vitse-prezidenti, professor Qernot Vilhelm () rəhbərlik edir. Ədəbiyyat sinfi: Almaniyada və alman dilli dünyada müasir ədəbi proseslərin tədqiqi və fəal şəkildə formalaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Sinfə akademik-katib, akademiyanın vitse-prezidenti, professor Norbert Miller () rəhbərlik edir.

Akademiyanın rəhbəri prezidentdir. Prezidentə vitse-prezidentlər və onların müavinlərindən ibarət idarə heyəti (rəyasət heyəti) tabedir. Hazırda akademiyanın prezidenti vəzifəsini şərqşünas alim Qernot Vilhelm () icra edir.

Prezidentləri

Akademiyanın rəsmi qeydiyyatındakı prezidentlərin siyahısı:

Elke Lütyen-Drekol () — 2005–2013 Qernot Vilhelm () — 2013-cü ildən

İstinadlar

Həmçinin bax

Almaniya Elmlər Akademiyaları İttifaqı Prussiya Elmlər Akademiyası Alfred Döblin Qotfrid Vilhelm Leybnits

Xarici keçidlər

Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Almaniyanın ictimai hüquq korporasiyaları Kateqoriya:Elmlər akademiyaları Kateqoriya:Mayns Kateqoriya:Mayns Elmlər və Ədəbiyyat Akademiyası Kateqoriya:Mayns təşkilatları