Mahşəhr qətliamı () — İranda 2019–2020-ci illər nümayişləri zamanı, 16 noyabr və 20 noyabr 2019-cu il tarixləri arasında İranın Bəndəri-Mahşəhr şəhərində nümayişçilərin kütləvi şəkildə qətlə yetirilməsi. Hadisə nəticəsində həlak olanların sayının 40 ilə 148 nəfər arasında olduğu təxmin edilmişdir.
Zəmin İranda nümayişlər 15 noyabr 2019-cu il tarixində hökumətin qəfildən benzin qiymətlərini qaldırmasından sonra başlamış və qısa müddətdə ölkə daxilində 100-dən çox şəhərə yayılmışdır. Etirazlar sürətlə İran Ali Rəhbəri Əli Xamenei və mövcud hökumətə qarşı müxalifət hərəkatına çevrilmişdir.
Hadisələrin təfərrüatlarının hesabat şəklində yayılmasının qarşısını almaq məqsədilə noyabrın 16-da hökumət tərəfindən ölkə daxilində internet tamamilə sıradan çıxarılmışdır.
Qətliam Noyabrın ortalarında Bəndəri-Mahşəhrdə baş verən nümayişlərin ilk bir neçə günündə etirazçılar şəhərin böyük hissəsi üzərində nəzarəti ələ keçirmişdilər. Təhlükəsizlik qüvvələri noyabrın 16 və 17-də şəhərdə nümayişçilərlə toqquşmuş, noyabrın 16-dan 18-nə qədər isə şəhərətrafı Sərbəndər və Cərrahi qəsəbələrində etirazları yatırmağa çalışmışdır.
Sakinlər, o cümlədən bir jurnalist və xəsarət alanların müalicə olunduğu xəstəxananın tibb bacısı ilə aparılan müsahibələrə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) böyük bir qüvvəsinin noyabrın 18-də şəhərə daxil olduğu müəyyən edilmişdir. SEPAH qüvvələri Mahşəhrin kənarındakı Şəhrəki-Çəmran qəsəbəsinə daxil olaraq nümayişçilərə qarşı fərq qoymadan atəş açmış və nəticədə bir neçə nəfər həlak olmuşdur. Digər nümayişçilər ilk qətliamın baş verdiyi yerin yaxınlığındakı bataqlıq ərazidə toplaşmışlar. İddialara görə, nümayişçilərdən birinin SEPAH qüvvələrinə tərəf "Kalaşnikov" avtomatından atəş açdığı qeyd olunmuşdur. İran dövlət mediası həmin hadisələrdəki nümayişçiləri "yarı ağır silahlarla" təchiz olunmuş "separatçı qrup" kimi təsvir etmişdir.
SEPAH qüvvələri dərhal bataqlıqdakı nümayişçiləri mühasirəyə alaraq mütəşəkkil hərbi maşınlarına quraşdırılmış pulemyotlardan və DŞK-lardan atəş açmış, nəticədə 100 nəfər həlak olmuşdur. SEPAH mənsubları cəsədləri yük maşını ilə ərazidən uzaqlaşdırmış, sağ qalanların ailələri isə yaralıları Memko xəstəxanasına çatdırmışlar.
Məlumatlara görə, hadisələrə cəlb olunmuş təhlükəsizlik qüvvələrinin bəzi üzvləri də öldürülmüşdür. İkinci ölümcül hadisə noyabrın 19-da Mahşəhrin Şəhrəki-Taliqani məhəlləsində baş vermişdir. Bura tanklarla daxil olan SEPAH qüvvələri yerli etnik ərəblərlə saatlarla davam edən silahlı qarşıdurmaya girmişdir. Toqquşma zamanı bir yüksəkrütbəli SEPAH komandiri öldürülmüşdür. Nümayişlərin təşkilatçılarından biri döyüş zamanı qabırğa nahiyəsindən güllə yarası almışdır. Tibb bacısının verdiyi məlumata görə, xəstəxanada müalicə olunan yaralıların əksəriyyətinin baş və sinə nahiyələrində güllə izləri aşkar edilmişdir. Yaralı nümayişçilərin bəziləri elə xəstəxanadaca həbs olunmuşdur.
İtkilər Mahşəhrdən gələn ilkin məlumatlar üç gün davam edən toqquşmalarda təhlükəsizlik qüvvələri tərəfindən 130-dan çox nümayişçinin qətlə yetirildiyini göstərmişdir. Hadisədən iki həftə sonra dərc olunan hesabatlarda Mahşəhr və onun ətraf qəsəbələrində 40 ilə 100 arasında nümayişçinin öldürüldüyü irəli sürülmüşdür. 17 dekabr 2019-cu il tarixində Xuzistan ostanından olan və adı açıqlanmayan bir rəsmi şəxs Mahşəhrdəki beş günlük etirazlar zamanı ümumilikdə 148 nümayişçinin həyatını itirdiyini bildirmişdir.
Sonrakı hadisələr Noyabrın 25-də Mahşəhrin İran parlamentindəki nümayəndəsi Məhəmməd Qulmuradi dövlət televiziyası ilə canlı yayımlanan iclasdakı çıxışı zamanı baş vermiş qətliama qarşı kəskin etirazını bildirmişdir. O, rəsmi şəxslərə xitabən hakimiyyətin bu addımlarının keçmiş şah rejiminin fəaliyyətindən fərqlənmədiyini vurğulamışdır.
18 yanvar 2020-ci iltarixində ABŞ Dövlət Departamenti briqada generalı Həsən Şahvərpura qarşı Mahşəhr qətliamına görə məsuliyyət daşıdığı əsası ilə sanksiya tətbiq etmişdir.
İstinadlar
Kateqoriya:2019-cu ildə İran Kateqoriya:İranda etiraz aksiyaları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu Kateqoriya:İranda siyasət