İranda sekulyarizm — İranda sekulyarizm hərəkatı.
Tarixi Sekulyarizm İranda 1925-ci ildə şah Rza Pəhləvinin (hakimiyyəti: 1925–1941-ci illər) hökmdar elan edilməsindən qısa müddət sonra dövlət siyasəti kimi bərqərar olunmuşdur. O, dini etiqadın hər hansı bir formada kütləvi şəkildə nümayiş etdirilməsini və ya ifadə olunmasını, o cümlədən qadınların hicab və çadra bağlamasını, kişilərin isə saqqal saxlamasını (bığ istisna olmaqla) qanundənkənar elan etmişdir. Məhərrəmlik və Aşura kimi kütləvi dini mərasimlərin və qeyd etmələrin keçirilməsi qadağan edilmiş, şiə ruhanilərinin ekstremist ideyalar təbliğ etməsinə məhdudiyyətlər qoyulmuşdur.
Dini ənənəçilər tərəfindən tənqid olunmasına və xarici müşahidəçilər tərəfindən avtoritar bir addım kimi qiymətləndirilməsinə baxmayaraq, Rza şah İranı sekulyarlaşdırmaq və şiə ruhanilərinin hökumət ilə cəmiyyət üzərindəki nüfuzunu aradan qaldırmaq niyyətində olmuşdur. Onun hakimiyyəti dövründə İranda sekulyarizm siyasətinə reaksiya olaraq islamçı ekstremizmin və terrorizmin ilk nümunələri ortaya çıxmışdır. Məsələn, Əhməd Kəsrəvi kimi dünyəvi siyasətçilər və yazıçılar müsəlman ekstremistlər tərəfindən qətlə yetirilmişdir. Bu sui-qəsdlərin icraçıları arasında ən tanınmışı bu gün İran İslam Respublikası hökuməti tərəfindən qəhrəman kimi qəbul edilən Nəvvab Səfəvi olmuşdur.Taheri, The Spirit of Allah, (1985), p. 98
İranın Britaniya və SSRİ qoşunları tərəfindən işğal edilməsindən sonra Rza şah məcburi şəkildə taxtdan uzaqlaşdırılaraq sürgünə göndərilmiş və bununla da İranda sekulyarizm dövrünün ilk mərhələsi başa çatmışdır. 1941-ci ildən 1953-cü ilə qədər ölkədə demokratik təsisatlar bərpa olunmuşdur, lakin mərkəzi İranın kənd yerlərində güclü sosial bazaya malik olan şiə ruhaniləri öz əvvəlki güc və nüfuzlarını yenidən bərpa edə bilmişdilər.
1953-cü ildən sonra İran hökuməti getdikcə daha az demokratik xarakter almışdır, lakin Rza şahın avtoritar sekulyarizm siyasətini bərpa etmək və şiə ruhaniləri ilə mütəşəkkil dinin dövlət və ictimai həyatdakı təsirini zəiflətmək üçün ardıcıl addımlar atmışdır. 1960-cı illərin sonlarında Məhəmməd Rza Pəhləvi (hakimiyyəti: 1941–1979-cu illər) katolik və xristian ilahiyyat məktəblərinə bənzər şəkildə, şiə dini tələbələrinin dini sertifikat və təbliğat icazəsi alması üçün dövlət universitetlərində təhsil almasını məcburi etmişdir. Məhəmməd Rza şah 1970-ci illərdə şiə ruhanilərinin parlamentdə iştirakını məhdudlaşdırmaq, həmçinin dinin kütləvi nümayişi və dini ayinlərin icrası üzərinə məhdudiyyətlər qoymaq istiqamətində addımlar atmağa başlamışdır.
Həm Rza şah, həm də Məhəmməd Rza şah din və dövlətin ayrılmasını müdafiə edən inqilabdan sonrakı Fransa və klassik ABŞ siyasi məktəblərindən ilhamlanmış, İranda və Yaxın Şərqdə islamizmin və radikal islamın yüksəlişində Britaniyanı ittiham etmişdilər. Bu səbəbdən mmPəhləvi İranıçç Fransa və Amerika Birləşmiş Ştatları ilə sıx münasibətlər qurmağa xüsusi önəm vermişdir. 1979-cu ilin fevral ayında Baş nazir Şapur Bəxtiyar hökumətinin devrilməsindən sonra, Baş nazir Mehdi Bazarqanın rəhbərliyi altında müvəqqəti hökumət qurulmuşdur. Bu hökumət Ayətullah Ruhullah Xomeyni və onun İslam Respublikası tərəfdarı olan fraksiyasının istəklərinin əksinə olaraq, azad bazar iqtisadiyyatına əsaslanan milliyyətçi bir islam demokratiyası bərqərar etməyə çalışmışdır. Bazarqan hökuməti 1979-cu ilin noyabr ayında radikal tələbələr tərəfindən ABŞ səfirliyinin ələ keçirilməsindən dərhal sonra kütləvi şəkildə istefa vermişdir.
Bazarqan hökumətinin süqutu İranda dövlət tərəfindən idarə olunan dünyəvilik siyasətinin rəsmən sona çatmasını ifadə etmişdir. 1980-ci ilin fevral ayında İslam Respublikaçıları Partiyası Ayətullah Xomeyninin ali liderliyi ilə İranın hazırkı teokratik idarəetmə sistemini qurmuşdur.
İran İslam Respublikasının islamçı hökumətinə qarşı sekulyar müxalifət 1984-cü ilə qədər ölkə daxilində aktiv fəaliyyət göstərmiş, lakin sonradan ruhanilər tərəfindən dindən çıxmış və mürtəd elan edilərək həbs olunmuş, edam edilmiş və ya sürgünə göndərilmişdir. İranın sekulyar siyasətçiləri və tanınmış şəxsiyyətləri arasında şah Rza Pəhləvi, Məhəmməd Müsəddiq, Əhməd Kəsrəvi, Dariuş Foruhar, Şapur Bəxtiyar, Fəzlulla Zahidi, Dariuş Humayun, Məhəmməd Rza Pəhləvi, Əmirabbas Hüveyda və Rza Pəhləvi var.
Son dövrlərdə "Gamaan" tədqiqat mərkəzi tərəfindən 2020-ci ildə keçirilmiş onlayn sorğu nəticəsində məlum olmuşdur ki, iranlıların 8,8%-i özünü ateist kimi təqdim edir, böyük bir hissəsi (22,2%-i) isə hər hansı mütəşəkkil dinə etiqad etmədiyini bildirir. Sorğuda iştirak edənlərin yalnız 40%-i özünü müsəlman kimi xarakterizə etmişdir. Bu göstəricilər İran cəmiyyətinin dünyəviliyə doğru keçidinin göstəricisi kimi qiymətləndirilmişdir. 2022-ci ildə İran daxili işlər nazirinin müavini Tağı Rüstəmvəndi ölkə əhalisi arasında dünyəvi bir konstitusiyanın qəbul edilməsinə dair tələblərin artması barədə xəbərdarlıq etmişdir.
2022–2023-cü illərdə baş verən Məhsa Əmini etirazları da iranlılar arasında sekulyar dövlət modelinə olan tələbatın artmasının göstəricisi kimi qəbul olunmuşdur. İranda Münasibətlərin Analizi və Ölçülməsi Qrupunun (GAMAAN) 2022-ci ilin noyabr ayında keçirdiyi rəy sorğusuna əsasən, ölkə əhalisinin təxminən dörddə üçü məcburi hicab qaydalarına qarşı çıxmışdır. Bu qrupun daxilində olanların 84%-i mövcud teokratik idarəetmə üsulu əvəzinə dünyəvi bir İran dövlətinə üstünlük verdiyini ifadə etmişdir. Bu, tədqiqatçılar tərəfindən ölkədə rejim dəyişikliyinə verilən dəstək kimi səciyyələndirilmişdir.
İstinadlar
Kateqoriya:İranda din Kateqoriya:İranda siyasət Kateqoriya:Ölkələrinə görə sekulyarizm