İran Xalq Fədailəri Təşkilatı (əksəriyyət) (, ) — demokratik sosializm, sekulyarizm, sosial ədalət, gender bərabərliyi və insan hüquqlarını müdafiə edən İran sol siyasi təşkilatı. Təşkilatın tarixi kökləri şah Məhəmməd Rza Pəhləvi hökumətinə qarşı baş vermiş Siyahkəl üsyanından sonra, 1971-ci ildə yaradılmış marksist partizan hərəkatına – İran Xalq Fədayi Partizanları Təşkilatına dayanır.
Tarixi Təşkilatın əsasları 1960-cı illərdə Kuba, Vyetnam və Fələstindəki anti-müstəmləkəçi və inqilabi hərəkatların təsiri altında olan İran marksist qrupları arasında formalaşmışdır. İki gizli qrup – Cəzani-Zərifi qrupu ilə Əhmədzadə-Puyan-Miftahi qrupu 1971-ci ilin aprel ayında birləşmiş, İran Xalq Fədai Partizanları Təşkilatını təsis etmişdir. Təşkilat Baş nazir Məhəmməd Müsəddiqə qarşı yönəlmiş 1953-cü il dövlət çevrilişindən sonra şah rejiminin siyasi repressiyaları şəraitində silahlı mübarizəni yeganə effektiv müxalifət vasitəsi kimi qiymətləndirmişdir.
Qrup Pəhləvi monarxiyasına qarşı mübarizə aparan ən mühüm partizan təşkilatlarından birinə çevrilmişdir. 1970-ci illərdə təşkilatın bir çox üzvü şahın təhlükəsizlik xidməti olan SAVAK tərəfindən qətlə yetirilmiş və ya həbs edilmişdir. Bu dövrdə Bizən Cəzani və Həmid Əşrəf kimi tanınmış şəxslər həlak olmuşdur.
Təşkilat 1979-cu il İran İslam inqilabında fəal iştirak etmiş, monarxiyanın devrilməsindən sonra tələbələr və İran solunun müəyyən dairələri arasında geniş dəstək qazanmışdır. İnqilabdan sonra silahlı mübarizənin davam etdirilməsi və yeni qurulmuş İslam Respublikası ilə münasibətlər barədə daxili ixtilaflar meydana gəlmişdir.
1980–1981-ci illərdə təşkilatın əksəriyyət fraksiyası siyasi repressiyaları tənqid etməklə yanaşı, inqilabdan sonrakı hökumətlə müəyyən sahələrdə əməkdaşlıq və siyasi iştirakçılıq xəttini seçmişdir. Daxili parçalanmalardan sonra qurum rəsmi olaraq İran Xalq Fədayiləri Təşkilatı (Əksəriyyət) adını qəbul etmişdir.
1980-ci illərdə İslam Respublikasının müxalif qruplara qarşı həyata keçirdiyi repressiyalar çərçivəsində təşkilatın üzvləri həbs, azadlıqdan məhrumetmə və edamlara məruz qalmışdır. Rəhbərlərin və fəalların böyük qismi mühacirətə getdikdən sonra təşkilat tədricən inqilabi marksizmdən uzaqlaşaraq demokratik sosializm və plüralist siyasət mövqeyinə keçmişdir.
1990-cı illərdən etibarən təşkilat İranın respublikaçı və solçu müxalif qrupları arasında koalisiyaların yaradılması təşəbbüslərində iştirak etmişdir. Həmçinin, İranda sekulyar demokratiya, insan hüquqları və siyasi islahatlara dair müzakirələrdə yer almışdır.
Siyasi mövqeyi Təşkilat demokratik sosializm, sekulyar idarəetmə forması, siyasi plüralizm, gender bərabərliyi, əmək hüquqları və ətraf mühitin mühafizəsini müdafiə edir, habelə sinfi, etnik, dini və ya cinsi mənsubiyyətə görə dismriminasiyaya qarşı çıxış edir. İranda demokratik keçid prosesini dəstəkləyir və ideoloji dövlətin qurulmasına qarşı mübarizə aparır.
Mətbuat orqanı Təşkilatın rəsmi mətbuat orqanı olan "Kar" (İş/Əmək) qəzeti ilk dəfə 1979-cu ildə işıq üzü görmüşdür və hazırda fəaliyyətini onlayn formatda davam etdirir.
İstinadlar
Kateqoriya:Demokratik sosializm Kateqoriya:İranda qadağan edilmiş siyasi partiyalar Kateqoriya:İranda siyasi məhbusların edamı (1988) Kateqoriya:Qadağan olunmuş siyasi partiyalar