thumb|İlham Əliyev 16 noyabr 2020-ci ildə Cəbrayıl şəhərində Dəmir yumruq — 2020-ci il İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan siyasi ritorikasında geniş istifadə olunmuş ifadədir. İfadə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında işlədilmiş və sonrakı dövrdə ictimai, siyasi və mədəni sahələrdə geniş yayılmışdır.
Mənşə və istifadəsi Azərbaycan dilində əvvəllər "dəmir pəncə" və "polad bilək" kimi bənzər ifadələr işlədilsə də, "dəmir yumruq" ifadəsi geniş şəkildə 2020-ci ilin sentyabr–noyabr aylarında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi dövründə yayılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxış və müraciətlərində bu ifadədən istifadə edərək, düşmənin sülhə gəlməyəcəyi təqdirdə Azərbaycanın qətiyyətli cavab verəcəyini bildirmişdir. İfadə ilkin mərhələdə xəbərdarlıq xarakterli siyasi ritorika kimi işlədilmişdir.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən "dəmir yumruq" ifadəsi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında mütəmadi şəkildə yer almağa başlamışdır. Müharibənin gedişində Azərbaycan Ordusunun ardıcıl uğurlar qazanması fonunda Prezident xalqa müraciətlərində bu metaforadan istifadə etmişdir. 24 sentyabr 2020-ci ildə BMT Baş Assambleyasında etdiyi çıxışda Ermənistanın təxribatlarına toxunan İlham Əliyev Azərbaycanın mümkün hərbi təcavüzə qarşı bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirmişdir. Müharibə dövründə işğaldan azad edilən şəhər və rayonlarla bağlı xalqa müraciətlərində isə "biz bir dəmir yumruq kimi birləşdik" ifadəsini vurğulamışdır.
Rəsmi çıxışlarda istifadəsi İlham Əliyev "dəmir yumruq" ifadəsindən yalnız müharibə dövründə deyil, sonrakı mərhələdə də rəsmi çıxışlarında istifadə etmişdir. 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar xalqa müraciəti zamanı yumruq jesti ilə çıxış etməsi və azad edilmiş şəhərlərin adlarını sadalaması geniş ictimai rezonans doğurmuşdur. Həmin görüntü televiziya və internet vasitəsilə geniş yayılmışdır. Prezidentin 2021-ci ilin yanvar ayında keçirilən müşavirədə səsləndirdiyi "Unutmasınlar ki, dəmir yumruq yerindədir" ifadəsi isə Ermənistan tərəfinə yönəlmiş xəbərdarlıq kimi qiymətləndirilmişdir.
Hərbi ritorikada istifadəsi "Dəmir yumruq" ifadəsi 44 günlük İkinci Qarabağ müharibəsi müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqələndirilmişdir. Müharibə dövründə Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev çıxışlarında ordunun fəaliyyətini bu metafora vasitəsilə ifadə etmişdir. Rəsmi çıxış və təhlillərdə bu anlayış Azərbaycan dövləti, cəmiyyəti və ordusunun birlik nümayiş etdirməsini ifadə edən metaforik ifadə kimi işlədilmişdir.
Məhz İkinci Qarabağ müharibəsi müharibəsinin qızğın dövründə — 2020-ci ilin oktyabr ayında Cəbrayıl, Füzuli və Zəngilan kimi strateji rayonlar işğaldan azad edilərkən "dəmir yumruq" ifadəsi daha geniş yayılmağa başladı. Döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun göstərdiyi hərbi peşəkarlıq, eləcə də pilotsuz uçuş aparatlarından istifadə ilə həyata keçirilən taktiki əməliyyatlar müharibə dövründə geniş şəkildə istifadə olunmuşdur. Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında Azərbaycan xalqının torpaqların azad olunması uğrunda "bir yumruq kimi" birləşdiyini bildirmişdir. Müharibədən sonrakı dövrdə də Silahlı Qüvvələrin hərbi təlimləri və əməliyyatları ilə bağlı məlumatlarda bu ifadədən istifadə olunmağa davam edilmişdir.
Abidələr və simvolika thumb|Xocavənd rayonunun Hadrut qəsəbəsində qoyulmuş "Dəmir yumruq" abidəsi Zaman keçdikcə "dəmir yumruq" ifadəsi təkcə dil elementi kimi deyil, həm də vizual rəmz kimi istifadə olunmağa başlamışdır. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə bu mövzuda ilk abidələr ucaldılmışdır. Bu abidələrdən biri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən "Dəmir yumruq" abidəsidir. Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında ucaldılmış abidə 2021-ci ilin iyun ayında ictimaiyyətə təqdim olunmuşdur. Abidənin üzərində İkinci Qarabağ müharibəsində iştirak etmiş Azərbaycan əsgərinin fiquru və ordunun istifadə etdiyi pilotsuz uçuş aparatlarının təsvirləri əks olunmuşdur. Yumruq formasında hazırlanmış kompozisiya əsgər və PUA təsvirləri ilə bəzədilmişdir. Bürüncdən hazırlanan abidənin layihə təşəbbüskarı memar Gülər Elxan qızı olmuş, layihə "Plener Group" şirkəti tərəfindən həyata keçirilmişdir. Abidə üzərində heykəltəraşlar Elxan Əliyev, Azər Məmmədov və Fərid Nəcəfov çalışmış, layihə rəhbəri Cavid Əhmədov olmuşdur.
thumb|Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda ucaldılan "Dəmir yumruq" abidəsi Digər abidələrdən biri "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ucaldılan "Dəmir yumruq" abidəsidir. İkinci Qarabağ müharibəsi müharibəsi qazisi, həvəskar heykəltaraş Elvin Manafov tərəfindən ərsəyə gəlmişdir.
Bununla yanaşı, "Dəmir yumruq" ifadəsinin simvolik izlərinə Azərbaycanın digər bölgələrində də rast gəlinir. 2023-cü ilin mayın 10-da Şuşa şəhərində küçələrdən birinə "Dəmir yumruq" adı verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin küçənin ad lövhəsinin açılış mərasimində iştirak etmişlər.
Mədəniyyət və incəsənətdə İkinci Qarabağ müharibəsi və əldə olunan qələbə Azərbaycan incəsənətinin müxtəlif sahələrində də əks olunmuşdur. Bu mövzuda yaradılmış ilk irihəcmli musiqili səhnə əsərlərindən biri "Dəmir yumruq" zəfər baleti hesab olunur. Balet 2022-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında səhnəyə qoyulmuşdur. Gənc bəstəkar İlahə Qismətin müəllifi olduğu birpərdəli əsər 44 günlük İkinci Qarabağ müharibəsinin hadisələrini simvolik formada təqdim edir və əsərin müddəti rəmzi olaraq 44 dəqiqə təşkil edir.
Baletin librettosu və quruluşu Əməkdar artist Yuri Lobaçov tərəfindən hazırlanmış, quruluşçu baletmeysterlər Yuri Lobaçov və Ceyhun Qubadov olmuşdur. Səhnə əsərində hadisələr simvolik və bədii formada təqdim edilsə də, süjet xətti Birinci Qarabağ müharibəsinin şahidi olmuş bir şəxsin sonradan İkinci Qarabağ müharibəsində iştirak etməsi və qələbə ilə geri dönməsi üzərində qurulmuşdur. "Dəmir yumruq" baleti həm adı, həm də məzmunu etibarilə İkinci Qarabağ müharibəsində qazanılmış qələbəyə həsr olunmuş musiqili səhnə əsərlərindən biridir. Tamaşada Azərbaycan əsgərinin qələbəsini və mübarizə əzmini əks etdirən səhnələr təqdim olunmuşdur. Premyerada şəhid ailələri, qazilər və hərbçilər də iştirak etmişdir.
Teatr sahəsində də İkinci Qarabağ müharibəsi və Zəfər mövzusu müxtəlif səhnə əsərlərində əks olunmuşdur. Müharibədən sonrakı dövrdə Azərbaycanın müxtəlif teatrlarında 44 günlük İkinci Qarabağ müharibəsinə həsr edilmiş tamaşa və səhnə kompozisiyaları hazırlanmışdır. 2021-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Zəfər Gününə həsr olunmuş "Bir nəfəs qədər" adlı musiqili-dram əsəri səhnələşdirilmişdir. Tamaşada birlik və həmrəylik mövzularına yer verilmiş, "dəmir yumruq kimi birləşən xalq" motivinə müraciət olunmuşdur.
Bununla yanaşı, müxtəlif bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində "Dəmir yumruq" adlı ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir. Bu tədbirlərdə şagirdlər, gənclər və incəsənət nümayəndələri İkinci Qarabağ müharibəsinə həsr olunmuş şeirlər səsləndirmiş, musiqi nömrələri və səhnəciklər təqdim etmişlər. Həmçinin fləş-moblar, ictimai aksiyalar və digər kütləvi tədbirlər təşkil edilmişdir. 2021-ci ildə Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşada çalışan heyətlə və hərbçilərin iştirakı ilə Cıdır düzündə "Dəmir yumruq" fləş-mobu, 2025-ci ildə Yeni Azərbaycan Partiyasının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Gəncədə "Dəmir yumruq və Sülh göyərçini" adlı fləş-mob bu qəbildən olan tədbirlərə aiddir. Tədbir zamanı nümayiş etdirilən "Dəmir yumruq" və "Sülh göyərçini" kompozisiyaları müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli birlik ideyalarını, eləcə də sülh və əməkdaşlıq siyasətini simvolizə etmişdir.
Musiqi sahəsində də İkinci Qarabağ müharibəsi və Zəfər mövzusuna həsr olunmuş çoxsaylı əsərlər yaradılmışdır. Müharibədən sonrakı dövrdə hərbi-vətənpərvərlik mövzusunda marşlar və mahnılar bəstələnmiş, bu əsərlərdə Azərbaycan Ordusu, Ali Baş Komandan və İkinci Qarabağ müharibəsi mövzusu tərənnüm olunmuşdur. Bir sıra musiqi nümunələrinin mətnində "dəmir yumruq" ifadəsinə də yer verilmişdir.
Ədəbiyyatda Qələbədən sonrakı dövrdə Azərbaycan ədəbiyyatında "dəmir yumruq" obrazına geniş yer verilmişdir. Şair və yazıçılar bu ifadənin yaratdığı simvolik məzmundan istifadə edərək müxtəlif əsərlər qələmə almışlar. Xüsusilə poeziyada "dəmir yumruq" obrazı Azərbaycan əsgərinin gücü, xalqın birliyi və İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin rəmzi kimi təqdim olunmuşdur. Bu mövzuya müraciət edən müəlliflər arasında xalq şairləri ilə yanaşı gənc şairlər də yer almışdır.
Həmçinin bax Qaldırılmış yumruq
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:İlham Əliyev Kateqoriya:İkinci Qarabağ müharibəsi Kateqoriya:2020-ci ildə Azərbaycan