"Samənül-Əimmə" əməliyyatı (; ) — İran–İraq müharibəsi gedişatında, 27–22 sentyabr 1981-ci il tarixləri arasında İranın hücum əməliyyatı. Bu əməliyyat nəticəsində İraqın Abadanın mühasirəsi yarılmışdır. Hərbi hərəkat İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyi ilə İran nizami ordusu tərəfindən həyata keçirilmişdir.

Yayındırıcı hücum 22 sentyabr 1981-ci il tarixində İran Abadanın mühasirəsini yarmaq məqsədilə İraqa qarşı ilk uğurlu hücum əməliyyatına başlamışdır. Hücum ilk növbədə yayındırıcı bir manevrlə başlamışdır. 30 000–40 000 nəfərlik şəxsi heyətdən ibarət müştərək qüvvələr İranın Xuzistan ostanında, Kərxə çayı ətrafındakı geniş cəbhədə İraqın Bəsrə şəhərinə gedən yolunu hədəf alaraq hücuma keçmişdir. İranlılar İnqilab Keşikçilərinin piyada qüvvələri tərəfindən dəstəklənən nizami ordudan istifadə etmişdilər. Ordu tam artilleriya və hava dəstəyi ilə zirehli texnikanın kiçik qruplarını irəli sürmüşdür (təyyarələrin sayının azlığına və ehtiyat hissələrinin çatışmazlığına baxmayaraq, iranlılar havada üstünlüyü əldə etməyə nail olmuşdular). Bu əməliyyat İraq komandanlığını Bəsrənin hücuma məruz kaldığına inandırmış, nəticədə onlar Abadanı mühasirədə saxlayan qoşunlarını əlavə qüvvələrlə gücləndirməmişdilər.

Əsas hücum İki gün sonra İran Abadan istiqamətində əsas hücum əməliyyatını icra etməyə başlamışdır. Gecə saatlarında iranlılar 20 000–30 000 nəfərlik qüvvəni Bəhmənşir çayından keçirərək Abadan ətrafında, Karun çayının şərq sahilində yerləşən İraq qüvvələrinin mövqelərinə sızdırmışdılar. İraqlılar lazımi kəşfiyyat apara bilmədikləri üçün bu sızmanı vaxtında aşkarlamamışdılar. Əsas hücumdan əvvəl İran hərbi hava qüvvələri Bəhmənşir çayı ilə Karun çayının şərq sahili arasında yerləşən İraq qoşunlarına qarşı hava zərbələri endirmişdir. Havada üstünlüyü qoruyan İran tərəfi əks-hücuma keçən İraq qırıcılarını ərazidən uzaqlaşdırmağa müvəffəq olmuşdur.

26 sentyabr tarixində, gecə yarısı iranlılar İraq ordusuna üç tərəfdən hücum edərək onları qəfil yaxalamışdılar. İraqlılar özlərinin ən güclü istehkamlarında sıxışdırılıb qaldığı halda, zəif müdafiə olunan mövqeləri yarılmış, bu da bir çox İraq bölməsinin tamamilə təcrid olunması ilə nəticələnmişdir. İraq öz qüvvələrini iranlılara qarşı çevik şəkildə idarə edə bilməmiş və onlar stasionar mövqelərində müqavimət göstərməyə çalışmışdılar. İranın zirehli batalyonu düşmən qüvvələrini iki hissəyə böldüyü bir vaxtda, "AH-1J SeaCobra" helikopterləri TOW raketlərindən istifadə edərək İraqın çoxsaylı tankını məhv etmişdir. Bu gedişatda Abadanın mühasirəsi yarılmışdır, lakin İran hərbi hava qüvvələrinin Karun çayı üzərindəki körpüləri bombalaması səbəbindən geri çəkilə bilməyən bir çox İraq qüvvəsi çayın şərq sahilində qalmışdır.

Döyüşün növbəti mərhələsi 27 sentyabrda iranlıların özlərinin 92-ci Zirehli Diviziyasını İraq mövqelərinin şimal tərəfindən döyüşə daxil etməsi ilə başlamışdır. Təşvişə düşən İraq komandanlığı taktiki geriçəkilməyə cəhd göstərmişdir, lakin bu cəhd nizamsız qaçışa çevrilmişdir. İraqlılar öz ağır silahlarını döyüş meydanında qoyaraq əldəqayırma ponton körpülər və bərələr vasitəsilə çayın qarşı tərəfinə qaçmışdılar.

Nəticəsi Abadan ətrafında qazanılan bu qələbə İran ordusunun mənəvi-psixoloji vəziyyətini əhəmiyyətli dərəcədə yüksəltmiş və iraqlıların nəticədə İrandan tamamilə çıxarılması üçün mühüm bir təməl rolunu oynamışdır. Uğurlu əməliyyat nəticəsində mühüm əhəmiyyət kəsb edən Əhvaz – Abadan yolu yenidən açılmış, bu da Abadanda mövqe tutmuş qoşunların maddi-techniki təminatını və əlavə qüvvələrlə gücləndirilməsini təmin etmişdir. Diqqətlə planlaşdırılmış əməliyyat və mövcud resursların düzgün idarə olunması sayəsində iranlılar nəzəri cəhətdən özlərindən üstün olan rəqibi məğlubiyyətə uğratmışdılar.

Əməliyyat başa çatdıqdan sonra İraq ordusu tərəfindən döyüş meydanında çoxlu sayda tank və ağır texnika tərk edilmişdir.

Uğursuz hərbi nəticələrdən sonra Səddam Hüseyn aralarında general Cavad Şitnənin də olduğu yeddi komandirin edam edilməsi barədə əmr vermişdir.

İstinadlar

Kateqoriya:İran-İraq müharibəsi