Fransa hökuməti () — Fransa Baş naziri tərəfindən idarə olunan nazirlər şurası. Fransa Konstitusiyasına müvafiq olaraq, hökumət milli siyasəti müəyyən edir, həyata keçirir və onun sərəncamında dövlət administrasiyası ilə silahlı qüvvələr yer alır. Hökumət parlament qarşısında məsuliyyət daşıyır. Nazir vəzifəsini icra edən şəxsin parlament deputatı olması, ümummilli xarakter daşıyan hər hansı digər dövlət vəzifəsini tutması və hər hansı bir peşəkar kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır.

Konstitusiyanın 48-ci maddəsinə əsasən, Milli Assambleya növbədənkənar sessiyalar da daxil olmaqla, həftədə ən azı bir plenar iclasını prioritet qaydada hökumət üzvlərinin parlamentarilərin sorğularını cavablandırması üçün ayırır.

Formalaşdırılması və buraxılması

Fransa Prezidenti baş naziri təyin edir, baş nazir isə öz növbəsində nazirliyə namizədlərin siyahısını prezidentə təqdim edir. Prezident bu namizədlikləri qəbul etmək və ya rədd etmək hüququna malikdir, lakin bununla belə, formalaşan hökumət mütləq parlamentin etimadını qazanmalıdır. Fransada rəsmi olaraq "hökumət" ( — Baş nazirin sədrliyi ilə fəaliyyət göstərən Nazirlər Kabineti, 1958-ci il Fransa Konstitusiyasının 21-ci maddəsi) anlayışı ilə "nazirlər şurası" ( — birbaşa Prezidentin sədrliyi ilə yığışan ali icraedici orqan, 1958-ci il Fransa Konstitusiyasının 9-cu maddəsi) anlayışları arasında hüquqi fərqlər mövcuddur. Hökumət, prezidentin səlahiyyətlərinə daxil olmayan və qalıq prinsipinə əsaslanan reqlamentləşdirilmiş hakimiyyəti həyata keçirir. Hökumət bütövlükdə parlament qarşısında siyasi məsuliyyət daşıyır.

Milli Assambleya qınaq rezolyusiyasını (etibarsızlıq votumu) qəbul etmək yolu ilə hökumətə qarşı öz etibarsızlığını ifadə edə bilər. Belə bir rezolyusiya yalnız Milli Assambleya üzvlərinin ən azı onda bir hissəsi tərəfindən imzalandığı təqdirdə baxılmaq üçün qəbul edilir. Qınaq rezolyusiyası üzrə səsvermə onun irəli sürülməsindən yalnız 48 saat sonra keçirilir, bu zaman yalnız rezolyusiyanın lehinə verilən səslər hesablanır və sənəd yalnız Assambleya üzvlərinin ümumi sayının səs çoxluğu ilə qəbul edilə bilər. Əgər Milli Assambleya qınaq rezolyusiyasını qəbul edərsə və ya hökumətin proqramını, yaxud ümumi siyasi bəyannaməsini təsdiq etməzsə, baş nazir respublika prezidentinə hökumətin istefası barədə ərizəni təqdim etməyə borcludur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa hökuməti Kateqoriya:Fransa nazirləri