"Choke Me" () — Rumıniya müğənnisi Aleksandra Kepiteneskunun ifa etdiyi mahnı. Kompozisiya "Selecția națională 2026" adlı milli finalda qələbə qazandıqdan sonra 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil etmiş və müsabiqədə 3-cü yeri tutmuşdur.

Avroviziya Mahnı Müsabiqəsi 2026 Selecția națională 13 fevral 2026-cı il tarixində Aleksandra Kepiteneskunun "Choke Me" mahnısı ilə Rumıniyanın "Selecția națională" adlı milli seçimlərinin finalçısı olduğu elan edilmişdir. Mahnı elə həmin gün ictimaiyyətə təqdim olunmuşdur. 2 mart tarixində çıxış ardıcıllığı yayımlanmış və ifaçının on iki iştirakçı arasında on birinci sırada səhnəyə çıxacağı məlum olmuşdur. 4 mart 2026-cı il tarixində baş tutan milli seçim turlarında ifaçı qələbə qazanmışdır.

Avroviziyada 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində yerləşən "Wiener Stadthalle" idman-konsert kompleksində keçirilmişdir. Müsabiqə 12 və 14 may tarixlərində baş tutan iki yarımfinaldan və 16 may 2026-cı il tarixində reallaşan final mərhələsindən ibarət olmuşdur. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Rumıniyanın ikinci yarımfinalın birinci hissəsində çıxış etməsi müəyyənləşdirilmişdir.

Mübahisələr Mahnı öz adı və mövzusu səbəbindən geniş mübahisələrə yol açmışdır. Kompozisiya boyu otuz dəfə təkrarlanan "Choke Me" ifadəsi boğulma və cinsi zorakılıq hallarını cəlbedici şəkildə təqdim etdiyi iddiası ilə tənqid hədəfinə çevrilmişdir. Cinsi zorakılığa qarşı mübarizə aparan aktivistlər mətndə yer alan "Sənin məni boğmağını istəyirəm" və "Ağciyərlərimi partlat" kimi ifadələrə diqqət çəkərək mahnını məsuliyyətsiz addım kimi qiymətləndirmişdilər.

Darem Universitetinin professoru Kler Makqlinn əsərin gənc qadınların həyatı ilə oynamaq mənasına gəldiyini bəyan etmişdir. Aleksandra Kepitenesku isə öz növbəsində mahnını müdafiə edərək, buradakı ismarışın metaforik xarakter daşıdığını, emosional yüklənməni və özünəinam çatışmazlığı hissini ifadə etdiyini bildirmişdir.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:Rumıniya Avroviziya Mahnı Müsabiqəsində