Bənu İyad () — Ədnanilərə mənsub ərəb qəbiləsi.

Mənşəyi Qəbilənin əcdadı hesab olunan İyad, Nizar ibn Məad ibn Ədnanın oğludur. Ərəblər arasında məşhur olan Səqif qəbiləsinin də bu qəbilənin qollarından biri olduğu deyilmişdir.

Tarixi Bir müddətlik də olsa Kəbənin xidmətçiliyini edən bu qəbilə, III əsrin əvvəllərində Mudar qəbiləsi ilə baş vermiş döyüşdə məğlub olmuş və Məkkəni bir dəfəlik tərk etmək məcburiyyətində qalmışlar. Bundan sonra Bənu İyad qəbiləsi, əvvəl Bəhreynə, sonra isə İraqın cənuba köç etmiş və Hirə ətrafında məşkunlaşmışdır.

Qəbilənin bir hissəsi burada oturaq həyata keçmiş və Xristianlığı mənimsəmiş, bir hissəsi isə Sasani imperiyasının tərkibinə daxil olmuş, bəziləri də bədəvi həyat tərzini davam etdirmişlər.

VI əsrin əvvəllərində Sasani torpaqlarına hücumlar etməyə başlayan Bənu İyad qəbiləsi onların üzərinə göndərilən Sasani süvari dəstəsini indiki Kufə yaxınlığında məğlub etmişlər, lakin sonralar I Xosrovun göndərdiyi Sasani ordusu tərəfindən ağır məğlubiyyətə uğradılmışlar. Sağ qalanların bir hissəsi səhraya, bir hissəsi Suriyaya, bir hissəsi isə əl-Cəzirə bölgəsinə yollanmışdır. Zi Qar döyüşündə Bənu Bəkrə qarşı Sasanilərin tərəfində vuruşan İyad qəbiləsi gizlincə Bənu Bəkr ilə razılaşaraq döyüş zamanı qaçmağa başlamış və bu, Sasani ordusunun məğlubiyyətinə səbəb olmuşdur.

Bu müharibədən sonra əl-Cəzirədə yaşayan Bənu İyad bölgədəki digər xristian ərəb qəbilələri kimi bir neçə il iranlıların hakimiyyəti altında qalmış və Eynüt-Təmr döyüşündə əl-Cəzirə qəbilələri ilə birlikdə Sasanilərin tərəfində Xalid ibn Vəlidə qarşı döyüşmüşlər. Əbu Bəkrin xəlifəliyi dövründə İyad qəbiləsinin bir hissəsi peyğəmbərlik iddiası ilə çıxış edən Səcaha qoşulmuşlar.

638-ci ildə Vəlid ibn Uqbə əl-Cəzirə bölgəsinə daxil olmuş, lakin Bənu İyad ona qoşulmamış və Bizans torpaqlarına köçmüşlər.

Qəbilənin Ərəbistan yarımadasında qalan mənsubları ilə İraq və Suriyada yaşayanlarının bir hissəsi İslamı qəbul etmişlər. Onların bəziləri hətta Əndəlüsün fəthində də iştirak etmişdilər.

İnancı Qəbilənin dini inancı İslam və Xristianlıqdan əvvəl bütpərəstlik olmuşdur. Belə ki, Bənu İyad qəbiləsinin Sindadda "Kəbə" adlandırdıqları və etimad etdikləri bir evlərinin olduğu qeyd edilmişdir.

İstinadlar Kateqoriya:Ədnanilər Kateqoriya:İraq qəbilələri Kateqoriya:Ləxmilər