Besa Kokedima (; ), daha çox sadəcə Besa kimi tanınır — Albaniya müğənnisi. 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı təmsil etmişdir.

Həyatı Besa Kokedima 29 may 1986-cı il tarixində Albaniyanın Fier şəhərində anadan olmuşdur. 15 yaşında ali təhsil almaq məqsədilə Birləşmiş Krallığa köçmüşdür.

2003-cü ildə Besa Florian Mumaesi tərəfindən yazılmış və "Produkt 28" qrupunun müşayiəti ilə ifa olunmuş "Më Beso" adlı ilk mahnısını təqdim etmişdir. Bu bəstə "Mikrofoni i Artë" mükafatına layiq görülmüşdür. 2006-cı ildə ifaçı "Besa" adlı ilk studiya albomunu işıq üzü gördürmüşdür.

Kokedima bir çox musiqi yarışmalarında iştirak etmişdir. O, "Lëshoje Hapin" adlı R&B üslubundakı mahnısı ilə "Notafest" müsabiqəsinin qalibi olmuşdur.

2009-cu ildə 2009-cu il Avroviziya Mahnı Müsabiqəsi üçün Rumıniyanın milli seçim turuna "Nothin' Gonna Change" mahnısı ilə qatılmışdır, lakin final mərhələsinə adlaya bilməmişdir.

2010-cu ildə keçirilən "Top Fest" müsabiqəsində "Kalorësi i Natës" mahnısına görə ən yaxşı qadın müğənni seçilmişdir. Sonrakı illərdə o, "Fishekzjarre" (2012), "Burning" (2013) və "Zemrën Dot Nuk ta Lexoj" (2014) daxil olmaqla bir sıra uğurlu sinqllar buraxmışdır.

İfaçı, həmçinin bayram mövzusuna həsr olunmuş "Besa për Festat" və "Ti Je Festa Ime" albomlarını da dinləyicilərə təqdim etmişdir.

2013-cü ildə Besa "Kënga Magjike" musiqi yarışmasının qalibi olmuşdur. 2017-ci ildən etibarən isə "The Voice of Albania" teleşousunda münsiflər heyətinin üzvü və vokal məşqçisi kimi fəaliyyət göstərmişdir.

2023-cü ildə "Festivali i Këngës 62" müsabiqəsində "Zemrën n'dorë" mahnısı ilə iştirak etmiş və tamaşaçı səsverməsində qalib gələrək 2024-cü il Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı təmsil etmək hüququ qazanmışdır.

İstinadlar

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Albaniya müğənniləri Kateqoriya:Albaniyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XXI əsr müğənniləri