"Fly on the Wings of Love" — Danimarkanın "Olsen Brothers" (Yorgen və Nils Olsen) pop-rok dueti tərəfindən ifa olunmuş mahnı. Kompozisiya Stokholm şəhərində keçirilən 2000-ci il Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmiş və ölkəyə bu müsabiqədəki ikinci qələbəsini qazandırmışdır. Mahnı beynəlxalq hitə çevrilmiş, xüsusilə İsveç hit-paradlarında birinci pilləyə yüksəlmişdir. Kompozisiyanın "Smuk som et stjerneskud" adlı orijinal danimarkaca versiyası da duetin doğma yurdu Danimarkada bir nömrəli hit olmuşdur.
Konsepsiya "Fly on the Wings of Love" mahnısı Yorgen Olsen tərəfindən yazılmışdır. Bu, ifaçıların bir qadının gözəlliyini təsvir etdiyi sevgi baladdır. Pop mahnıları üçün qeyri-adi olsa da, kompozisiyanın mətni bu gözəlliyin illər keçdikcə daha da artdığını açıq şəkildə ifadə edir; bu mövzu mahnının danimarkaca orijinalı olan "Smuk som et stjerneskud" versiyasında özünü daha qabarıq büruzə verir. Olsen qardaşları mahnını danimarka və ingilis dilləri ilə yanaşı, "Weil nur die Liebe zählt" adı altında alman dilində də lentə almışdır.
Avroviziya 19 fevral 2000-ci il tarixində Olsen qardaşlarının ifasında səslənən "Smuk som et stjerneskud" mahnısı 31-ci "Dansk Melodi Grand Prix" yarışmasında iştirak etmiş və qələbə qazanmışdır. Bu festival Danimarka Yayım Korporasiyası (DR) tərəfindən 45-ci Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə təşkil olunduğundan, sözügedən əsər Danimarkanın müsabiqə təmsilçisi, Olsen qardaşları isə ölkənin rəsmi ifaçıları olmuşdur.
13 may 2000-ci il tarixində Stokholm şəhərindəki "Globe Arena" idman-konsert kompleksində İsveçin SVT telekanalı tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. Olsen qardaşları "Fly on the Wings of Love" mahnısını həmin gecə İspaniya təmsilçisi Serafin Zubirinin ifasındakı "Colgado de un sueño" kompozisiyasından sonra və Almaniya təmsilçisi Stefan Raabın ifa etdiyi "Wadde hadde dudde da?" mahnısından əvvəl, on dördüncü nömrə altında ifa etmişdir.
Səsvermənin nəticələrinə əsasən, mahnı 195 xal toplayaraq iyirmi dörd iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Yarışmanın ən yaşlı iki iştirakçısı tərəfindən ifa olunan bu köhnə üslublu baladdan yüksək nəticə gözlənilmirdi. Buna baxmayaraq, kompozisiya səsvermənin əvvəlindən sonuna qədər liderliyini qorumuşdur ki, bu uğura sonuncu dəfə 1974-cü ildə ABBA qrupu qələbə qazanarkən nail olunmuşdur. Mahnı müsabiqə pərəstişkarlarının sevimlisinə çevrilmişdir. Kompozisiya final nəqarətində ifaçının səsini robota bənzədən vokofer effektlərinin tətbiqi ilə yadda qalmışdır. Bu effektlər Rusiya nümayəndə heyətinin etirazına səbəb olsa da, qaydalara zidd hesab edilməmiş və müsabiqənin nəticəsi qüvvədə saxlanılmışdır.
İstinadlar
Kateqoriya:2000 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:2000-ci ilin mahnıları Kateqoriya:2000-ci ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar