San-Marino 2026 Avroviziya Mahnı Müsabiqəsində — San-Marinonun 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakı. San-Marino 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Anders Vretov, Corc Alan O'Daud, Culi Aaard, Con-Emil Yohansson, Tomas Stengard və Senhit Zadik Zadik tərəfindən qələmə alınmış, Senhitin özü tərəfindən ifa olunan və daxilində O'Daudun Boy Corc səhnə adı altında adı qeyd olunmayan vokalının yer aldığı "Superstar" mahnısı ilə təmsil olunmuşdur. San-Marino RTV (SMRTV) teleradio şirkəti təmsilçini seçmək məqsədilə San-Marino milli seçim turunu təşkil etmişdir.
Zəmin San-Marino Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə iştirak etmiş və bu yarışmaya qatılan 50-ci ölkə olmuşdur. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqədən bir neçə gün əvvəl ölkəni təmsil edən müğənni Senhit "Stand By" mahnısının rusdilli versiyasını təqdim etmişdir. 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən yarışmada San-Marinonu Valentina Monetta təmsil etmiş və yarımfinalda 31 xalla 14-cü yeri tutmuşdur. 2013-cü ildə Malmö şəhərinə yenidən Valentina Monetta yollanmış və yarımfinal mərhələsində 47 xalla 11-ci sırada qərarlaşmışdır. Həmin il təmsilçinin böyük finala vəsiqə qazanmasına cəmi bir addım qalmışdır. Eyni zamanda OGAE klublarının səsverməsinin nəticələrinə əsasən, Valentina Monetta "Crisalide (Vola)" mahnısı ilə düyanın qalan hissəsi, Kipr, Norveç, İtaliya, Şimali Makedoniya, Yunanıstan, Avstriya, Türkiyə və Almaniya klublarından ən yüksək xalları alaraq ikinci yeri tutmuşdur.
2014-cü ildə ölkəni ardıcıl üçüncü dəfə təmsil edən Valentina Monetta "Maybe (Forse)" mahnısı ilə finala yüksəlmiş və orada 14 xalla 24-cü yeri tutmuşdur. 2019-cu ildə ölkəni ikinci dəfə təmsil edən müğənni Serhat finalda 77 xalla 19-cu yeri tutaraq ölkə üçün hələlik ən yaxşı nəticəni göstərmişdir. 2020-ci il müsabiqəsinə daha əvvəl 2011-ci ildə iştirak etmiş müğənni Senhit geri qayıtmışdır, lakin COVID-19 pandemiyası səbəbindən yarışmanın ləğv edilməsi nəticəsində səhnəyə çıxa bilməmişdir. 2021-ci ildə yayımçı sənatçiyə özünü sınamaq üçün yenidən şans tanımışdır. Rotterdamdakı müsabiqədə Senhit repçi Flo Rida ilə birlikdə ifa etdiyi "Adrenalina" mahnısı ilə yarımfinalda 9-cu, finalda isə 22-ci yeri tutmuşdur. 2025-ci ildə San-Marino dicey Qabri Pontenin sayəsində tarixində dördüncü dəfə finala keçməyi bacarsa da, turniri sonuncu sırada tamamlamışdır. Ölkənin müsabiqə tarixindəki ən pis nəticəsi 2023-cü il Avroviziya Mahnı Müsabiqəsinin yarımfinalında qeydə alınan və 0 xalla tamamlanan 16-cı (sonuncu) yer hesab olunur. San-Marino 2009-cu ildə Rusiyada və 2010-cu ildə Norveçdə keçirilən müsabiqələrdə maliyyə çətinlikləri səbəbindən iştirak etməmişdir.
2017-ci il Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalının nəticələrinə görə ölkə finala adlaya bilməmişdir. Daha sonra RTV-nin baş direktorunun ardıcıl üç il finala yüksələ bilməmək səbəbindən San-Marinonun növbəti müsabiqələrdə iştirakını şübhə altına aldığı, həmçinin "Avroviziya" platformasında cırtdan dövlətlərə yer olmadığını bəyan etdiyi barədə məlumatlar yayılmışdır. Beləliklə, San-Marinonun müsabiqədən imtina edən sonuncu cırtdan dövlət ola biləcəyi ehtimalı yaranmışdır. Ondan əvvəl 2004–2006-cı illərdə iştirak etmiş Monako və 2004–2009-cu illərdə mübarizə aparmış Andorra artıq yarışmadan uzaqlaşmışdılar.
Avroviziya Mahnı Müsabiqəsində 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərindəki "Wiener Stadthalle" arenasında baş tutacaq, müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinal və 16 may 2026-cı il tarixində reallaşacaq böyük final mərhələlərindən ibarət olmuşdur. Ev sahibi ölkə və Böyük Dördlük (Fransa, Almaniya, İtaliya və Böyük Britaniya) istisna olmaqla, bütün digər dövlətlər finala keçmək üçün yarımfinal turnirlərində mübarizə aparmalıdılar. Hər yarımfinaldan ən yaxşı nəticə göstərən on ölkə finala vəsiqə qazanır. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərhələsi hər bir ölkənin hansı yarımfinalda və şounun hansı hissəsində çıxış edəcəyini müəyyənləşdirmişdir. Avropa Yayım İttifaqı əvvəlki müsabiqələrin səsvermə statistikasını əsas götürərək iştirakçı ölkələri fərqli səbətlərə bölmüşdür. San-Marinonun birinci yarımfinalın ikinci hissəsində çıxış etməsi planlaşdırılmışdır.
İstinadlar
Kateqoriya:San-Marino Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Ölkələr 2026 Avroviziya Mahnı Müsabiqəsində