Lill-Babs əsl adı Barbro Marqareta Svensson (; ) — İsveç müğənnisi, aktrisası və teleaparıcısı. Lill-Babs 1950-ci illərin sonundan etibarən 2018-ci ildəki vəfatına qədər İsveçin ən populyar sənətçilərindən biri olub. O, 1961-ci ildə Kann şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "April, april" ("Aprel, aprel") mahnısı ilə İsveçi təmsil edib. Müğənni həmçinin özünün "Är du kär i mej ännu Klas-Göran?" ("Hələ də mənə aşiksən, Klas-Yoran?") mahnısı ilə də çox yaxşı tanınıb.

Həyatı

Barbro Marqareta Svensson Stokholmdan 290 km şimalda yerləşən Yervsö şəhərində anadan olub. İlk dəfə 11 yaşında kilsədə oxumağa başlayıb. Onun ilk açıq çıxışı akkordeonda onu müşayiət edən atasının həmkarı ilə birgə baş tutub. Svensson ilk dəfə 1953-cü ildə Yervsödə Uşaqların Müdafiəsi Günündə səhnəyə çıxıb. Qısa müddət sonra o, Lasse Şönninqin orkestri ilə çıxış etməyə başlayıb. Barbro 1954-cü ildə səhər radio şousunda mahnı oxuyarkən diqqəti çəkib. Onun ifası Simon Bremin xoşuna gəlib və o, Svenssonu Stokholma gətirərək "Bal Palais" restoranında peşəkar debütünə şərait yaradıb. Müğənni ilk musiqi albomunu (iki mahnıdan — "Min mammas boogie" və "Svar till 'Ung och kär'" ibarət qrammofon valını) 1954-cü ildə buraxıb.

Brem 1967-ci ildəki vəfatına qədər Barbronun meneceri olub. Svenssona "Lill-Babs" (Balaca Babs) səhnə adını məhz Brem verib. Bu ad o dövrdə daha yaşlı və müqayisəolunmaz dərəcədə məşhur olan müğənni Alisa Babs (Alice Babs) ilə söz oyunu və paralellik yaratmaq məqsədilə düşünülüb. Lill-Babs televiziyada debütünü 1957-ci ildə edib, onun öz adı ilə yayımlanan ilk şou isə 1958-ci ildə işıq üzü gürüb. 1959-cu ildə o, Stikkan Andersonun "Är du kär i mej ännu Klas-Göran?" ("Hələ də mənə aşiksən, Klas-Yoran?") mahnısını ifa edib və bu bəstə dövrün əsl hitinə çevrilib. Lill-Babs, həmçinin İsveçin "Svenska Floyd" və "En nolla för mycket" bədii filmlərinə də çəkilib.

Avroviziya və sonrakı karyerası

Lill-Babs 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "April, april" ("Aprel, aprel") mahnısı ilə İsveçi təmsil edib. Bu mahnı milli seçim turunda Siv Malmkvist tərəfindən ifa olunsa da, Kann şəhərində keçirilən əsas müsabiqəyə Lill-Babs göndərilib və o, yarışmada 14-cü yeri tutub. Lill-Babs İsveçin "Melodifestivalen" mahnı festivalında üç dəfə — 1960, 1961 və 1973-cü illərdə çıxış edib. 1969-cu ildə o, Norveçin "Melodi Grand Prix" yarışmasında da qüvvəsini sınasa da, baş mükafatı qazana bilməyib. Avroviziyadan qısa müddət sonra o, Qərbi Almaniyada karyerasına başlayıb və burada bir neçə filmə çəkilib. O, həmçinin ABŞ musiqi bazarı üçün ingilis dilində iki sinql lentə aldırıb.

Lill-Babs "The Beatles" qrupu ilə 1963-cü ildə, SVT kanalında yayımlanan "Drop-In" yeniyetmə musiqi şousunun əsas qonağı olarkən tanış olub. O vaxt hələ dünyada tanınmayan qrup üzvləri ondan avtoqraf istəyiblər. 1970-ci illərdə o, "Folkan" teatrında "Kar de Mumma" rəqs-bədii proqramlarında oynayıb, həmçinin Göteborqda "Annie Get Your Gun" müziklində Enni Oukli rolunu ifa edib.

Televiziya fəaliyyəti Lill-Babs İsveçin SVT televiziyasında "Hemma hos Lill-Babs" (1987), "Morgonlust" (1988), "Vem tar vem" (1990) və "Cocktail" (1991) kimi bir neçə verilişin aparıcısı olub.

2010-cu ildə o, TV4 kanalında yayımlanan "Så mycket bättre" ("Belə daha yaxşıdır") adlı şouda iştirak edib. 2012-ci ildə SVT-nin "Stjärnorna på slottet" ("Qəsrdəki ulduzlar") proqramına qatılaraq öz karyerası haqqında danışıb. 2017 və 2018-ci illərdə SVT-nin "Bonusfamiljen" serialının iki mövsümündə Guqge adlı lezbiyan obrazını canlandırıb (onun vəfatından sonra serialın ssenarisində dəyişikliklər edilməli olub). 2017-ci ildə TV4 telekanalı onun həyat və yaradıcılığından bəhs edən iki hissəli "Lill-Babs, Leva livet" ("Lill-Babs, Həyatı yaşamaq") sənədli filmini nümayiş etdirib.

Şəxsi həyatı və digər faktlar Lill-Babs 1965–1968-ci illərdə müğənni Lasse Berqhagen ilə evli olub. 1969–1973-cü illərdə isə norveçli futbolçu Kjell Kaspersen ilə ailə həyatı qurub. Onun üç qızı dünyaya gəlib: Monika Svensson (1955 təvəllüdlü), Malin Berqhagen (1966 təvəllüdlü) və Kristin Kaspersen (1969 təvəllüdlü).

O, 1996-cı ildə "Hon är jag" ("O, mənəm") adlı avtobioqrafik kitabını nəşr etdirib. 2017-ci ildə Lill-Babs İsveç Musiqisinin Şöhrət Zalına (Hall of Fame) daxil edilib.

Lill-Babsın xatirəsi Svensson 3 aprel 2018-ci ildə qısamüddətli xəstəlikdən sonra vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi ilə ürək çatışmazlığının birgə fəsadları səbəb olub.

Vəfat etdiyi gün həm SVT, həm də TV4 telekanalları yayım proqramlarını dəyişərək Lill-Babs haqqında verilişlər təqdim ediblər. SVT onun fəaliyyətinə həsr olunan 2004-cü il tarixli "Lill-Babs i 50 år" sənədli filmini yenidən nümayiş etdirib. TV4 isə müğənniyə dair bir neçə verilişi, o cümlədən 2017-ci ildə çəkilən sənədli filmi efirə buraxıb. Lill-Babson ölüm xəbəri yayılan səhər aparıcı Malu fon Siversin səhər şousu tamamilə onun xatirəsinə həsr olunub. "Sveriges Radio" radiosu da eyni şəkildə öz yayım şəbəkəsində dəyişiklik edərək Svensson haqqında proqramlar yayımlayıb.

Diskoqrafiyası

Albomları Lill-Babs zəngin diskoqrafiyası var. 1962: Splorr 1964: Svensson hyllar Alpertsson 1967: Lill-Babs 1968: Lill-Babs 1971: Välkommen till världen 1972: Jag ska sjunga för dig 1973: Hurra hurra 1975: Det våras för Barbro 1976: Lev mänska lev 1977: På scen 1979: Till mina vänner 1982: Lill-Babs i en show av Lars Forssell 1982: Det är ju min show! (på cd 1998) 1984: Barbro 1998: Who’s Sorry Now 2005: Här är jag

İstinadlar

Xarici keçidlər

Official website

Kateqoriya:"Avroviziya" iştirakçıları