thumb|350px

Əfsanə və rəvayətlər — Azərbaycan və qaraqalpaq folklorunda türk xalqlarının şifahi epik düşüncə sisteminin ən qədim və çoxqatlı janrlarındandır. Bu janrlarda xalqın mifoloji təsəvvürləri, dini inancları, tarixi yaddaşı və sosial-psixoloji dünyagörüşünün strukturu formalaşmışdır. Əfsanə və rəvayətlər yalnız bədii mətn deyil, həm də etnik-milli kimliyin, yaddaşın və tarixi şüurun formalaşmasını təmin edən mədəni fenomendir.

Təsnifatı Azərbaycan və qaraqalpaq folklor materiallarının təhlili göstərir ki, bu iki xalqın şifahi ənənələrində ortaq motivlər, süjet strukturları və obraz sistemləri mövcuddur. Bununla belə, hər bir xalqın tarixi inkişaf yolu, dini-mədəni mühiti və sosial-ictimai həyatının məzmunu bu janrların lokal xüsusiyyətlərinin formalaşmasına da öz təsirini göstərmişdir. Azərbaycan folklorşünasları Paşa Əfəndiyev, Azad Nəbiyev, Sədnik Paşa Pirsultanlı və başqaları əfsanə və rəvayətləri müxtəlif yönlərdən tədqiqatlara cəlb etmiş, onların mənşəyi, digər şifahi örnəklərlə oxşar və fərqli cəhətlərinə nəzər salmışlar. Zəngin qaraqalpaq folklorunun əfsanə və rəvayətlərinin öyrənilməsi ilə həm vətən, həm də xarici ölkələrin tədqiqatçıları məşğul olmuşlar. Onların əsərləri qaraqalpaq xalqının tarixi və mədəniyyətinin, etnogenezinin öyrənilməsində fundamental mənbələr kimi diqqəti cəlb edir. Larisa Tolstova, Nazim Davkarayev, Hüseyn Yesbergenov, Ziyadə Bekbergenova və b. bu kimi tədqiqatçıların əsərlərində bununla bağlı yetərincə əsaslı məlumatlar vardır.

thumb|300px

Nəzəri-metodoloji baxış Folklorşünaslıqda "əfsanə" və "rəvayət" anlayışlarının sərhədləri ilə bağlı yanaşmalar uzun illərdir mübahisə obyektidir. Bu terminlərin dəqiq diferensiasiyası hələ də tam qəti və daha dolğun şəkildə formalaşdırılmamışdır. Bir qrup tədqiqatçılar bu iki janrı bir-birinə yaxın mənalı hesab etsələr də, onların funksional və semantik fərqləri də nəzərdən qaçırılmamalıdır. Çünki türk xalqlarının əfsanə və rəvayətləri dövlət sərhədləri ilə yox, onların yaşadığı tarixi-coğrafi areal ilə bağlıdır. V. Y. Proppun nəzəri yanaşmasına görə nəsr təhkiyəsində iki əsas sahə vardır: nağıl və nağıla aid olmayan nəsr formaları. Bu bölgü əfsanə və rəvayətlərin ayrıca janr kimi öyrənilməsini metodoloji baxımdan əsaslandırır. Özbək folklorşünaslığında isə bu fərq daha konkret şəkildə izah olunur: "Əgər əfsanədə uydurulmuş hadisələr təsvir olunursa, rəvayətlərdə bədii priyomlarla təsvir edilən tarixi hadisələr öz əksini tapır".Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. I cild, Bakı, "Elm" nəşriyyatı, 1982, s. 172 Belə yanaşma göstərir ki, əfsanə və rəvayət arasında başlıca fərq gerçəkliklə bədii uydurmanın nisbətindədir.

Əfsanə janrının struktur-semantik xüsusiyyətləri Əfsanə türk xalqlarının mifoloji təfəkkürünün ən mühüm örnəklərindən biridir. Bu janrın başlıca xüsusiyyəti real hadisə kimi qəbul edilib, onun mahiyyət etibarilə mifoloji və fantastik elementlərlə zəngin olan süjetlərdən ibarət olmasıdır

Əfsanələrdə aşağıdakı aparıcı xüsusiyyətlər və funksiyalar müşahidə olunur: Lakonik və epizodik süjet quruluşu; Fövqəltəbii varlıqların iştirakı; Dini-mifoloji motivlərin üstünlüyü; Gerçəkliklə uydurmanın sintezi; Kollektiv inam sistemi ilə bağlılıq; Mədəni və sosial alət rolunu oynaması; Tarixi xatirələri bizə çatdırır; Mənəvi dəyərlərlə bağlı məlumatlar ötürməsi; Dünya quruluşunu poetik xülya prizmasında gələcək nəsillərə çatdırması və s.

Əfsanə danışan və dinləyən icma tərəfindən "həqiqət" kimi qəbul edilir. Türkiyəli tədqiqatçı N. P. Boratav əfsanənin əsas xüsusiyyətini onun inanc mövzusu olması ilə izah edir.Azərbaycan folkloru antologiyası. II, Bakı, 1969, s. 106 Əfsanələrdə zaman və məkan sərhədləri elastikdir. Hadisələr həm keçmişə, həm də metafizik bir dünyaya aid edilə bilər.

Rəvayət janrının xüsusiyyətləri və funksiyası Rəvayətlər əsasən tarixi hadisələr, real şəxsiyyətlər və konkret coğrafi məkanlarla bağlı formalaşır. Onların əsas funksiyası kollektiv tarixi yaddaşı qorumaq və nəsildən-nəslə ötürməkdir. Rəvayətlərdə: Real tarixi şəxsiyyətlər iştirak edir; Hadisələr konkret zaman və məkanla bağlı olur; Süjet daha realist və sadə strukturludur; Coğrafi və regional proseslərdə cərəyan edir; Fantastik elementlərlə süslənir; Rəvayətlərin mühüm cəhətlərindən biri onlarda tarixi məlumatların folklor vasitəsilə çatdırılmasıdır. Buna görə onlar: Xalq yaddaşı və özünəməxsus şifahi salnamə rolunu yerinə yetirir; Keçmiş nəsillər, əcdadlar və hadisələrlə bağlı informasiyalar ötürür; Xalqın mənəvi, əxlaq və dəyərlərini sonrakı dövrlərə daşıyır; Elə-obaya, vətənə sevgi və haqq-ədalətə canatmanın yüksək keyfiyyət olduğunu nümayiş etdirir; Etnomədəni amilə – xalqın özünün identifikasiyasına xidmət edir; Konkret mədəni-tarixi birliyin vacibliyini təlqin edir və s.

Azərbaycan və qaraqalpaq folklorunda əfsanələrin təsnifatı Azərbaycan və qaraqalpaq folklorunda əfsanələr mövzu və motiv baxımından geniş təsnifat sisteminə malikdir: Kosmoqonik əfsanələr Dünyanın, günəşin, ayın və ulduzların yaranması ilə bağlı olanlar. Bu əfsanələrdə kainatın yaranması dini və mifoloji baxış bucağından izah edilir. Zooloji əfsanələr Heyvanların və quşların mənşəyi ilə bağlı əfsanələr. Məsələn, dovşanın ayaqlarının qısa olması və ya itlə pişiyin düşmənçiliyini əks etdirən örnəklər. Dini əfsanələr Peyğəmbərlər, imamlar və müqəddəslərlə bağlı hekayətlər. Demonoloji əfsanələr Cinlər, şeytanlar və bəd ruhlarla bağlı olan əfsanələr. Sosial-utopik əfsanələr Ədalətli cəmiyyət və ideal-sosial quruluşla bağlı təsəvvürlər. Toponimik əfsanələr Coğrafi adların mənşəyi, yaranması və sonrakı tarixi taleyi ilə bağlı əfsanələr.

Azərbaycan folklorunda əfsanə motivləri Azərbaycan folklorunda əfsanələr geniş süjet spektrinə malikdir. Buraya "Qız qalası", "Gəlin qayası", "Babək qalası", "Arpaçay əfsanəsi" kimi toponimik nümunələr daxildir. Eyni zamanda "Günəşlə Ay", "Səməndər quşu", "Pərvanə ilə od", "Nərgiz", "Dirilik suyu", "Hüt-hüt quşu", "Şanapipik quşu", "Bənövşə" ilə bağlı poetik və mifoloji süjetlər geniş yayılmışdır. Bu əfsanələrdə təbiət hadisələri insanlaşdırılır və simvolik mahiyyət əldə edir.

Qaraqalpaq folklorunda əfsanə sistemi Qaraqalpaq folklorunda əfsanələr xüsusi bir sistem şəkilində toplanmışdır. 100 cildlik "Qaraqalpaq folkloru" külliyyatının dördüncü cildindəАлламбергенова И. Х. Исследование каракалпакских народных преданий // Молодой ученый……7 (18) июль, 2010, c. 13–80 bu materiallar geniş şəkildə təqdim olunmuşdur. Burada: "Qorqud Ata", "İskəndər Zülqərneyn", "Divkəsən vəzir","Mizdaxkan", "Ağcagöl" və "Adakqala" kimi nümunələr mühüm yer tutur. Adlarını qeyd etdiyimiz bu əfsanələrdə həm tarixi, həm də mifoloji düşüncə qatları paralel şəkildə mövcuddur.

Əfsanə və rəvayətlərdə ortaq türk motivləri Azərbaycan və qaraqalpaq folklorunda bir sıra ortaq motivlər mövcuddur: möcüzəli doğuluş, tarixi şəxsiyyətlərin mifikləşməsi, kosmoqonik izahlar və toponimik yaddaş və s. Bu motivlər türk xalqlarının ortaq mifoloji sistemindən qaynaqlanır

Qorqud Ata obrazı və mifoloji semantika Qorqud Ata türk folklorunun ən qədim və geniş yayılmış bəşəri obrazlarından biridir. Onunla bağlı əfsanələrdə möcüzəli doğuluş, kosmik hadisələr, alətlərin düzəldilməsi, musiqi yaradıcılığı və bir sıra digər motivlər aparıcı yer tutur. Yeri gəlmişkən qeyd edək ki, qazax folklorunda S. A. Kaskabasov Qorqudun doğuluşunu mifoloji transformasiya kimi izah edir. Бердиев Жамиет Туремуратович. Отражение в легендах и переданных истории каракалпаков XIII–XVII вв. Дисс. канд. Нукус, 1996, c. 34 E. Marqulan isə bu obrazı mədəni-fəlsəfi simvol kimi təqdim edir.6. Boratav N. P. Soruda türk halk edebiyatı. İstanbul, 1969, c. 147–148 Qorqud Ata obrazı ölümə qarşı mübarizə, ölümsüzlük axtarışı və sənətin əbədiliyi ideyasını təcəssüm etdirir.

Tarixi şəxsiyyətlərin əfsanələşdirilməsi Azərbaycan və qaraqalpaq folklorunda tarixi şəxsiyyətlər zaman keçdikcə əfsanəvi obrazlara çevrilmişdir. Onların sırasında – Tomiris, Dədə Qorqud, yaxud Qorqud-Ata, İskəndər, Babək, Çingiz xan, Əmir Teymur və başqaları vardır. Belə proses tarix və mifologiyanın qarşılıqlı təsirləri nəticəsində formalaşmışdır.7. Əfəndiyev P. Azərbaycan folklorşünaslığının problemləri. Bakı, Elm və təhsil, 2011, s. 52–54

Toponimik əfsanələrin funksiyası thumb|300px|Qız_qalası_ümumi_2016 Toponimik əfsanələr xalqın coğrafi yaddaşının xilasedicisi kimi çıxış edir. Azərbaycan və qaraqalpaq folklorunda yer adlarının izahı mifoloji və tarixi motivlərlə birləşdirilir. Qaraqalpaq folklorunda "Divkəsən vəzir", "Mizdaxkan", "Govurqala" kimi nümunələr yer aldğı kimi Azərbaycan folklorunda "Nuhun gəmisi", "Göygöl", "İlandağ", "Qız qalası", "Babək qalası" və s. mühüm yer tutur.

Nuhun gəmisi|thumb|300px

Əfsanə və rəvayətlərin sərhəd problemi Qaraqalpaq folklorşünası İ. X. Allambergenova rəvayətlərdə əsas qəhrəmanların tarixi şəxsiyyətlər olduğunu və onlarda fövqəltəbii elementlərin zəifliyini qeyd edir Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XI. Bakı, 2002, s. 144

Sosial funksiyalar Əfsanələr yalnız bədii mətn deyil, həm də sosial ideologiyanın ifadəçisidir. Onlarda ədalət ideyası, sosial tənqid, xalqın hakimiyyətə münasibəti və mənəvi dəyərlər və s. öz əksini tapır.

Həmçinin bax Rəvayət Əfsanə Dastan

İstinadlar

Ədəbiyyat Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Yenidən işlənmiş və təkmilləşdirilmiş üçüncü nəşri. Bakı, "Elm və təhsil", 2013, 600 s. Əfsanələr. Bakı, Gənclik, 1986 Əfsanələr və rəvayətlər. Bakı, Şərq-Qərb, 2005 Жуманазаров У. Узбекский фольклор и историческая деятельность. Ташкент, 1993 Каракалпакстанские народные легенды и анекдоты. Подготовил к печати К. Мажетов, Н. Камалов, К. Мамбетназаров. Нукус, "Каракалпак мемлекент баспасы", 1962 Каракалпак анызлары, афсаеелери хэм шешинлик cöзлери. Назырл. Я. Ишманов. Hökис, "Каракалпакстан баспасы", 1992 Каракалпак халык афсаналары. Наззырл. Т. Коноатов, Hökис, "Каракалпакстан", 2000 Каракалпак фольклоры. Т.77–87. Вас редактор Н. К. Аимбетов. Hökис, "Илим", 2014, б. 13–80; 223–284 Корни общие и древние. Проблемы фольклорных связей. 1. "Деде Коркут" и "Короглы" на казахской почве // Азербайджанско-каракалпакские литературные связи. Баку, "Элм", 1990 Маргулан Е. Коркыт ата амири мен афсаналары. "Жылдыз", 1983, № 3 Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə (orta əsr yeni dövr folklor yaradıcılığı). Bakı, "Elm" nəşriyyatı, 2006 Нурмухамедов М. К., Жданко Т. А., Камалов С. К. Каракалпаки (краткий очерк истории с древнейших времен до наших дней). Ташкент, "ФАН", 1971 Pirsultanlı S. P. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı, Azərnəşr, 2009 Пропп В. Я. Жанрoвый состав русского фольклора // "Советская этнография", 1965, № 4 Толстова Л. С. исторические передания южного Приаралья. М., 1984

Xarici keçidlər Qız qalası əfsanəsi (1978) Nuhun gəmisi nədir ? (qısa məlumat)

Kateqoriya:Folklor Kateqoriya:Mifologiya Kateqoriya:Əfsanələr Kateqoriya:Dastanlar Kateqoriya:Nağıllar Kateqoriya:Əfsanələrə əsaslanan filmlər Kateqoriya:Əfsanələrə əsaslanan əsərlər Kateqoriya:Əfsanəvi personajlar Kateqoriya:Əfsanəvi məməlilər Kateqoriya:Əfsanəvi varlıqlar Kateqoriya:Türk mifologiyası Kateqoriya:Türk dastanları