Ukrayna 2016 Avroviziya Mahnı Müsabiqəsində — Ukraynanın 2016-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Ukrayna İsveçin Stokholm şəhərində keçirilmiş "Avroviziya-2016" mahnı müsabiqəsində iştirak etmişdir. Ukraynanın müsabiqədəki iştirakı tarixində ilk dəfə olaraq "UA:Perşı" və "STB" telekanalları birgə milli seçim turu təşkil etmişdir. 21 fevral 2016-cı ildə Ukraynanı "Avroviziya-2016" müsabiqəsində "1944" mahnısı ilə Camalanın təmsil edəcəyi məlum olmuşdur. 14 may 2016-cı ildə Stokholmda baş tutan müsabiqənin finalında Camala birinci yeri tutmuşdur.
Daxili seçim Camala "Avroviziya-2016" müsabiqəsində Ukraynanın təmsilçisi olmuşdur. 18 noyabr 2015-ci ildə Ukraynanın "UA:Perşı" və "STB" telekanalları "Avroviziya-2016" üçün birgə milli seçim turu keçirəcəklərini bəyan etmişdir. İştirak ərizələrinin qəbulu 19 noyabr 2015-ci il tarixindən 20 yanvar 2016-cı il tarixinədək davam etmişdir. Seçim turunda iştirak etmək üçün 16 yaşı tamam olmuş, mahnının (söz və musiqisinin) bütün mülkiyyət hüquqlarına sahib olan və "Avroviziya-2016" mahnı müsabiqəsinin şərtlərinə cavab verən ifaçılara icazə verilmişdir. Kastinqlər dekabr ayında Kiyev, Zaporojye, Odessa, Xarkov və Dnepropetrovsk şəhərlərində təşkil olunmuşdur.
Milli seçim üç şoudan ibarət olmuşdur. İki yarımfinal mərhələsi 6 və 13 fevral 2016-cı il tarixlərində keçirilmişdir. Münsiflər heyəti və telebaxıcıların rəyinə əsasən, hər yarımfinaldan ən yaxşı nəticə göstərən üç iştirakçı finala vəsiqə qazanmışdır. Final mərhələsi 21 fevral 2016-cı ildə baş tutmuş və burada 6 ifaçı iştirak etmişdir. 26 yanvar 2016-cı ildə seçim turu iştirakçılarının siyahısı dərc olunmuş, münsiflər heyəti tərəfindən 18 yarımfinalçı seçilmişdir. 27 yanvar 2016-cı ildə iştirakçıların yarımfinallar üzrə püşkatma mərasimi keçirilmişdir.
"Avroviziya-2016" milli seçim turunun münsiflər heyətinin üzvləri aşağıdakı şəxslərdən ibarət olmuşdur:
Konstantin Meladze — bəstəkar və musiqi prodüseri; Andrey Danilko — Ukrayna müğənnisi, "Verka Serdyuçka" təxəllüsü ilə tanınır, Finlandiyanın Helsinki şəhərində keçirilmiş "Avroviziya-2007" mahnı müsabiqəsində "Dancing Lasha Tumbai" mahnısı ilə Ukraynanı təmsil edərək 2-ci yeri tutmuşdur; Ruslana — Ukrayna müğənnisi, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş "Avroviziya-2004" mahnı müsabiqəsinin qalibi.
Final mərhələsi 21 fevral 2016-cı ildə baş tutmuş və "UA:Perşı" ilə "STB" telekanallarının canlı efirində yayımlanmışdır. Hər yarımfinaldan 3 iştirakçı keçmiş, beləliklə, finalda ümumilikdə 6 ifaçı mübarizə aparmışdır. Şounun proqramında iştirakçıların öz mahnıları üçün artıq hazırlanmış səhnə nömrələri ilə çıxışları təqdim olunmuşdur. Finalın xüsusi qonağı qismində İrlandiyanın "Avroviziya-2016" təmsilçisi Nikki Birn çıxış edərək özünün "Sunlight" adlı müsabiqə kompozisiyasını ifa etmişdir. Finalın nəticələrinə əsasən, Ukraynanı "Avroviziya-2016" müsabiqəsində "1944" mahnısı ilə Camalanın təmsil edəcəyi müəyyənləşmişdir.
Müsabiqədə 25 yanvar 2016-cı ildə Stokholm ratuşasında "Avroviziya-2016" iştirakçısı olan ölkələrin yarımfinallar üzrə püşkatma mərasimi keçirilmişdir. Bu mərasim zamanı Ukraynanın 12 may 2016-cı ildə ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcəyi bəlli olmuşdur. 8 aprel 2016-cı ildə yarımfinalda çıxış ardıcıllığı nömrəsi müəyyənləşdirilmişdir. Ukraynanın 15-ci nömrə altında çıxış etməsi planlaşdırılmışdır, 22 aprel 2016-cı ildə Avropa Yayım İttifaqı Rumıniyanın müsabiqədən kənarlaşdırıldığını elan etmişdir. Bu qərar ikinci yarımfinalın bəzi iştirakçılarının çıxış ardıcıllığı nömrələrinin dəyişməsinə səbəb olmuşdur. Beləliklə, Ukrayna yarımfinalda 14-cü nömrə altında səhnəyə çıxmışdır. 287 xal toplayaraq yarımfinalda ikinci yeri tutan Camala finala vəsiqə qazanmışdır (Ukrayna ikinci yarımfinaldan finala keçən iştirakçıların siyahısında beşinci olaraq elan edilmişdir).
Final mərhələsində Camala münsiflər heyətinin səsverməsinin nəticələrinə görə 211 xal toplayaraq ikinci sırada qərarlaşmış, tamaşaçı səsverməsinin nəticələrinə görə də 323 xalla eyni şəkildə ikinci yeri tutmuşdur. Ümumi hesabda Camala 534 xal toplayaraq birinci yeri tutmuş və "Avroviziya" kubokunun qalibi olmuşdur.
İstinadlar
Kateqoriya:Ukrayna Avroviziya Mahnı Müsabiqəsində