Site adasıСитэ, согласно многочисленным изданиям различных Академий СССР (архитектуры; наук и др.), а также Института живописи, скульптуры и архитектуры имени И. Е. Репина. ( ) — Parisin mərkəzində, Sena çayında dövrümüzə qədər qorunub saxlanılmış iki adadan biri, eyni zamanda şəhərin ən qədim hissəsi. Dü-Pale bulvarı adanı təxminən iki bərabər hissəyə ayırır ki, bunlardan şərq hissəsi 1-ci, qərb hissəsi isə 4-cü şəhər dairəsinə daxildir.

Adanın mərkəzi mövqeyi və Fransa paytaxtının memarlıq abidələrinin ilk onluğuna daxil olan çoxsaylı tarixi məkanları bura böyük sayda turist kütləsini cəlb edir.

Tarixi Site adasında hələ antik dövrlərdə məskunlaşma baş vermişdir. İlk olaraq adada keltmənşəli parizi qəbiləsi məskən salmış, sonradan, Qalliyanın Roma imperiyasına birləşdirilməsinin ardından, eramızdan əvvəl 52-ci ildən etibarən Lutesiya Roma məskunlaşma məntəqəsinə çevrilmişdir. Bu məskunlaşma məntəqəsi mühüm ticarət nöqtəsi olsa da, Roma imperiyasında böyük nüfuza sahib olmamışdır. VI əsrin əvvəllərində I Xlodviq Frank krallığının paytaxtını Parisə köçürdükdə, Site adası yenidən əhəmiyyət qazanmışdır. Merovinqlər sülaləsindən olan I Xildebertin hakimiyyəti dövründə, 540–550-ci illərdə Parisin ilk xristian kilsəsi — Müqəddəs Stefan bazilikası inşa edilmişdir.

XI əsrin əvvəllərinə doğru Site adasında II Robert üçün kral sarayı inşa edilmiş və bu saray XIV əsrə qədər Fransa krallarının iqamətgahı olaraq qalmışdır. 1244–1248-ci illərdə saray kompleksinə Sent-Şapel kapellası əlavə edilmişdir. Bu kapella IX Lüdovik tərəfindən 1239-cu ildə Konstantinopoldan gətirilmiş müqəddəs relikviyaların saxlanılması üçün nəzərdə tutulmuşdur. IV Filippin əmri ilə adadakı kral sarayı 1302–1313-cü illərdə yenidən qurulmuşdur, lakin 1358-ci il Jakeriya üsyanı zamanı sarayın hökmdar üçün etibarlı müdafiəni təmin edə bilmədiyi bəlli olmuş, bu səbəbdən kral ailəsi əvvəlcə Bastiliya yaxınlığındakı Otel Sen-Pol iqamətgahına, daha sonra isə yenidən qurulmuş Luvra köçmək məcburiyyətində qalmışdır. V Karl saray kompleksini qismən, o dövrdə ədalət mühakiməsi orqanı funksiyasını yerinə yetirən parlamentin istifadəsinə vermişdir. Ədliyyə Sarayı bu gün də, artıq yeni binada fəaliyyətini davam etdirir. Qalan otaqlar saray idarəçisinə — konsyerjə verilmişdir. Konsyerjeri adı da buradan yaranmışdır. O dövrlərdə adada saray kompleksindən başqa kafedral kilsə, bazar, Otel Dyö xəstəxanası və yaşayış evləri yerləşirdi. Site təxminən qırx küçədən ibarət idi. Bu küçələrdə birinci mərtəbəsi daşdan, yuxarı mərtəbələri isə ağac və çiy kərpicdən tikilmiş üç və dörd mərtəbəli evlər ucalırdı. Site adası Sena çayının sahilləri ilə 4 körpü vasitəsilə bağlanırdı.

1584-cü ildə III Henrix Sitedən qərbdə yerləşən 3 kiçik adanın birləşdirilməsini və onların Siteyə ilhaq edilməsini əmr etmişdir. Beləliklə, adanın sahəsi ilkin 8 hektardan 17 hektara qədər genişlənmişdir. Bu ərazidə Dofina meydanı və şəxsi evlər inşa olunmuşdur. Evlərin satışından əldə edilən vəsait hər iki sahili birləşdirən körpünün tikintisinə yönəldilmişdir. İndiki dövrdə "Yeni körpü" (Pon-Nöf) Parisin dövrümüzə qədər qorunub saxlanılmış ən qədim körpüsüdür.

Fransa burjua inqilabına qədər Sitedə Notr-Dam kafedralından başqa 20-yə qədər kilsə mövcud olmuş və adada 15 000-ə qədər sakin yaşamışdır.

XIX əsrdə Site adası böyük dəyişikliklərə məruz qalmışdır. Şəhərsalma mütəxəssisi baron Osman adadakı binaların tarixi dəyərini nəzərə almadan kral sarayı ilə kafedral arasındakı bütün tikililəri sökdürmüşdür. Onların yerində polis prefekturası və ticarət tribunalının binaları ucaldılmışdır. Həmçinin əvvəllər qismən adada, qismən isə sol sahildə yerləşən köhnə Otel Dyö binası sökülmüş və bir neçə metr kənarda daha böyük (sahəsi 3 hektar olan) bina ilə əvəz edilmişdir. Yeni binaların arasında körpülərə keçən üç düz küçə salınmışdır.

İstinadlar

Kateqoriya:Fransadakı ümumdünya irsi Kateqoriya:I arondisman (Paris) Kateqoriya:Paris relyefi Kateqoriya:Paris tarixi Kateqoriya:Parisdəki adalar Kateqoriya:Parisin IV arondismanı Kateqoriya:Sena çayındakı adalar Kateqoriya:Site adası